Dek
2021
15:22
441
66
3585
Virtual karabakh

Bu dəfə Ermənistanın “şeytanlığı” İran-Azərbaycan münasibətlərinə təsir göstərə bilmədi - TƏHLİL

5 Dek, 2021
15:22
3585

Bu dəfə Ermənistanın “şeytanlığı” İran-Azərbaycan münasibətlərinə təsir göstərə bilmədi - TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ekspertlər Aşqabadda Türkmənistan qazının İran vasitəsilə Azərbaycana nəql edilməsini nəzərdə tutan müqavilənin imzalanmasından sonra bir sıra ölkələrin də Cənub-Şimal nəqliyyat dəhlizində aktiv rol oynayacağını proqnozlaşdırırlar.
 
Aşqabad sammiti bölgədə yaranmış yeni geosiyasi reallığın formalaşması yolunda mühüm hadisə kimi yadda qaldı. Bu sammitdə iqtisadi əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu. Amma həm də bölgə ölkələrini bir-birinə siyasi münasibətlər kontekstində yaxınlaşdırdı. 44 günlük Vətən müharibəsi dövründə və ondan sonra İranla Azərbaycan arasında yaranmış siyasi gərginlik fonunda müxtəlif təzadlı fikirlər səsləndirilirdi. Lakin Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabaddakı görüşü iki ölkənin münasibətlərinə yeni bir yanaşmanı ortaya qoymuş oldu. Ermənistanın uzun illər ərzində elədiyi “şeytanlıq” bu dəfə də Azərbaycan-İran münasibətlərinə təsir göstərmədi. Bundan sonra iki ölkə arasındakı əlaqələrin yeni mərhələsində hansı müsbət meyillər müşahidə ediləcək?    

Mövzu ilə bağlı “Kaspi” qəzeti yazı dərc edib.

Prezidentlər arasında ilk təmas
 
Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında politoloq Fərhad Məmmədov bildirdi ki, Aşqabadda Azərbaycan-İran prezidentlərinin ilk təması baş verdi və bu da mühüm bir qərarla yekunlaşdı: “Bu qərar da İran vasitəsilə türkmən qazının alınmasıdır. Hesab edirəm ki, bu da çox vacibdir. Çünki artıq ilk təmas iqtisadi xarakterli qərarın əsasını təşkil elədi. Nəzərə almaq lazımdır ki, İran-Azərbaycan münasibətlərinin son on illik tarixi göstərir ki, bu, qarşılıqlı mənfəət və bərabərhüquqlu şəraitdə baş verib. Eyni zamanda yaxın bir neçə ay ərzində İran üzərindən sanksiyaların qaldırılması gözlənilir. Bu da İranın dünyaya açılmasına və iqtisadiyyatının daha fəal şəkildə inkişafına gətirib çıxaracaq. O cümlədən Azərbaycanla yarıda qalmış nəqliyyat layihələri və digərlərinin yenidən bərpa olunması və canlanması müşahidə olunacaq. Bunları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan və İran prezidentlərinin görüşü səmərəli keçdi. Hətta nümayəndə heyətlərinin tərkibinə də baxsaq, görərik ki, həm xarici siyasət, həm təhlükəsizlik, həm də iqtisadiyyat məsələləri müzakirə olundu. Bu da öz növbəsində İran-Azərbaycan münasibətlərinin geniş şaxəli olduğunu nümayiş etdirir”.

 “Böyük tikintilər gözlənilir”

Politoloq qeyd etdi ki, iki ölkə arasındakı münasibətlərlə bağlı bir məsələni də qeyd etmək mümkündür: “Bu da Azərbaycanın planları ilə bağlıdır. İşğaldan azad olunmuş ərazilərin bərpasında İran şirkətlərinin iştirakı, xüsusilə tikinti materialları ilə əlaqədar məsələdir. Bilirsiniz ki, böyük tikintilər gözlənilir. Tikinti prosesinin də özəlliyi ondan ibarətdir ki, məhsulu nəql etmək kifayət qədər bahalı olduğu üçün istehsal sahəsinin yaxın olması bir o qədər yaxşıdır. Ona görə də, İran bu kontekstdə, əlbəttə ki, öz rolunu və yerini tapa bilər. Bu da Azərbaycan-İran ticarət münasibətlərində müsbət mənada öz əksini tapacaq”.

“İranın Avrasiya İttifaqı ilə münasibətləri dərinləşir”
 
F.Məmmədov vurğuladı ki, Azərbaycan-İran arasında nəqliyyat- logistika mövzusu vacib sahələrdəndir: “Çünki İranın Avrasiya İqtisadi İttifaqı ilə münasibətləri dərinləşir və yaxın bir neçə ay ərzində bu qurumla rəsmi Tehran arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağı gözləniləndir. Artıq bütün hazırlıq işləri bitib. Bu da eyni zamanda İranla bu məkanın ticarət dövriyyəsinə müsbət təsir edəcək. Ən böyük bazar Rusiya Federasiyasıdırsa, daha sonra Belarusdursa, bu ölkələrlə nəqliyyat əlaqəsi Azərbaycan üzərindəndir. Azərbaycan da bu istiqamətdə öz müsbət rolunu oynamağa hazırdır. Əlbəttə, Zəngəzur dəhlizi ilə bağlı məsələlər də vardır ki, burada da açılan imkanlar İran üçün də nəzərdən keçirilə bilər. Yəni İran bu dəhlizdən istifadə edib öz yüklərini həm Ermənistan üzərindən Gürcüstana, Qara dənizə, eyni zamanda Türkiyəyə və daha sonra Avropaya nəql edə bilər. Bütün bu istiqamətlər üzrə Azərbaycan-İran münasibətləri iqtisadi səviyyədə çox güclü potensiala malikdir”.


 

“Münasibətlər enişli-yoxuşlu olub”
 
Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Azərbaycanla İran arasında münasibətlər olduqca vacibdir: “Otuz il ərzində müxtəlif zamanlarda həmin münasibətlər enişli- yoxuşlu olmuşdur. Rəsmi Bakı hər zaman qonşu ölkələrlə münasibətlərdə sabitliyə önəm verir. Aşqabaddakı görüşdə, əlbəttə ki, iki tərəf arasında yeni səhifə açıldı. Rəisi İranda hakimiyyətə gələndən sonra ilk dəfə idi ki, onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tuturdu. Aşqabadda Türkmənistan, İran və Azərbaycan arasında sənədin imzalanması oldu. Bununla da türkmən qazının İran vasitəsilə Azərbaycana nəql edilməsi nəzərdə tutulub. Təbii ki, bu tarixi bir sənəddir və biz qarşıda iki ölkə arasında, eyni zamanda İran vasitəsilə digər ölkələrin də Cənub-Şimal nəqliyyat dəhlizində aktiv rol oynayacağını düşünürük”.

“Bakı və Tehranı əməkdaşlıq gözləyir”

Z.Məmmədovun sözlərinə görə, son proseslər bir daha göstərir ki, istər Şərq-Qərb, istər Cənub-Şimal, istərsə də Cənub-Qərb layihələrində Azərbaycan mühüm yer tutur: “Bundan sonra da ölkəmiz bu istiqamətdə mühüm addımlar atacaq. Qarşıda Bakı və Tehranı müxtəlif sahələrdə əməkdaşlıq gözləyir. Bildiyimiz kimi, postmüharibə dövründə Azərbaycan bütün tərəflərə 3+2, 3+3 platformalarda yer almağı təklif edib. Düşünürəm ki, mövcud reallıq, istəsələr, istəməsələr belə bəzi dövlətləri bu proseslərə qoşulmağa vadar edəcək. Ümumilikdə, biz bilirik ki, həm də Aşqabad sammiti çərçivəsində Zəngəzur dəhlizi ifadəsindən istifadə edilib, işğaldan azad olunmuş rayonlara investisiya qoyuluşuna çağırışlar da olub ki, bu da rəsmi Bakının istəklərinə həmin sammit çərçivəsində nail olması və yeni reallığın bütün dünya tərəfindən qəbul edilməsinin göstəricisidir”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri