13 
Dek
2021
11:50
186
20
1746
Virtual karabakh

İvan Lizan: “Yeni münaqişə Ermənistan üçün yeni fəlakətə çevriləcək”

13 Dek, 2021
11:50
1746

İvan Lizan: “Yeni münaqişə Ermənistan üçün yeni fəlakətə çevriləcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cənubi Qafqazda “3+3” əməkdaşlıq formatı Ermənistanda narahatlıq yaradır. Baxmayaraq ki, bu platforma çərçivəsində Moskvada keçirilən son məsləhətləşmələrdə İrəvanın rəsmi nümayəndələri formal şəkildə iştirak ediblər.

Ermənistanın ictimai xadimlərindən biri, eks-deputat Arman Abovyan hansısa “Qarabağ hakimiyyəti”ni altıtərəfli formata müşahidəçi kimi cəlb etməyə çağırıb (bu barədə əvvəllər məlumat vermişdik). Digər tanınmış erməni politoloq Aleksandr İskəndəryan belə bir sualla müraciət edib: Nə üçün platforma “3+5” yox, “3+3” adlanır? Onlar bildirirlər ki, platformaya Abxaziya və Sxinvali regionunun (“Cənubi Osetiya”) separatçı birləşmələri də daxil ola bilər.

Bununla yanaşı, Gürcüstan artıq qeyri-rəsmi olaraq “3+2” adlandırılan “3+3” platformasında iştirakdan yayınır və Abxaziya və Sxinvali regionu haqqında, hətta nəzəri söhbətlər də Gürcüstanda nikbinlik yaratmayacaq.

Rusiyalı politoloq, “SONAR-2050” layihəsinin analitik bürosunun rəhbəri İvan Lizan Oxu.Az-a müsahibəsində bu barədə fikirlərini bölüşüb:

- Gürcüstandan başlayacağam. Düşünmürəm ki, Tbilisini “3+3” platformasında iştiraka inandırmaq lazımdır. Gürcüstanla Rusiya arasında diplomatik əlaqələr kəsilib, onlar yalnız İsveçrə vasitəsilə danışa bilirlər (İsveçrənin Gürcüstandakı səfirliyində Rusiya Federasiyasının maraqlar Bölməsi fəaliyyət göstərir – red.). Rusiya üçün bu, təxminən Rusiya və Ukrayna arasında aparılan danışıqlarla eynidir. Onları aparmaq olar, amma hansısa razılaşma mümkün deyil. Ona görə də hesab edirəm ki, Gürcüstanın bu formatda iştirakının Rusiya üçün heç bir əhəmiyyəti yoxdur, üstəlik, Tbilisi buna həvəsli deyil.

- Bəs Ermənistan?

- Ermənistanın ötənilki Qarabağ müharibəsindən sonra düşdüyü yeni reallığı erməni elitasının, ümumiyyətlə, erməni ekspert icmasının başa düşməsinə dair ciddi şübhələrim var.

Açıq desək, 90-cı illərin əvvəllərində Ermənistanın bəxti gətirib. O, Azərbaycandakı qarışıqlıq və xaosdan istifadə edərək ərazinin kifayət qədər böyük hissəsini işğal etdi. Ermənilər uzun müddət qalib olduqları hissi ilə yaşayıb, “Tanrının ətəyindən yapışıblar”.

İrəvana dəfələrlə müxtəlif danışıqlar formatları təklif olunub. Rusiya Qarabağ probleminin həlli variantlarını səsləndirib. Ermənistan və Azərbaycan kompromislərə getməli idilər, lakin İrəvan inadkarlıq etdi. Bunun erməni tərəfi üçün necə başa çatdığını hamımız bilirik - fəlakətlə nəticələndi. Və əgər Ermənistan yenidən hansısa münaqişəyə qarışsa, bu, növbəti fəlakətə çevriləcək.

Rusiya daim erməni elitasına mesaj göndərir: Azərbaycanla danışıqlar aparmaq lazımdır. Bəli, erməni və Azərbaycan cəmiyyətlərində qarşılıqlı antipatiya davam edə bilər, amma qarşılıqlı fəaliyyət lazımdır. Bununla belə, mənə elə gəlir ki, Ermənistan müxtəlif diplomatik təşəbbüsləri sabotaj etmək siyasətini davam etdirəcək. Və bu, dediyim kimi, Ermənistan üçün növbəti dəfə pis nəticə verəcək.

- “3+2” formatı (Gürcüstanı nəzərə almasaq) Ermənistan üçün niyə təhlükəlidir, pisdir? Axı söhbət iqtisadi əməkdaşlıqdan gedir, bu, İrəvanı necə təhdid edə bilər?

- Pisdir, çünki İrəvan nəsə etməli olacaq. Nə qədər ki, indiki vəziyyət var, tənqid olunmadan millətçiliyə oynaya bilərlər. Belə şəraitdə heç nə etməmək daha asandır. Rasional praqmatist olmaqdansa, “axmaq vətənpərvər” olmaq daha yaxşıdır.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri