27 
Yan
2022
16:40
128
28
1642
Virtual karabakh

Qərblə Rusiya arasında konflikt: “Azərbaycanın narahat olmasına dəyməz” - MÜSAHİBƏ

27 Yan, 2022
16:40
1642

Qərblə Rusiya arasında konflikt: “Azərbaycanın narahat olmasına dəyməz” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 26-da axşam saatlarında ABŞ və NATO Rusiyanın təkliflərinə cavab verdi. Qeyd edək ki, bir çox ekspertlər Rusiyanın bu təkliflərini əslində “ultimatum” kimi dəyərləndirdi.

Vaşinqtonun yazılı cavabını Rusiya Xarici İşlər Nazirliyinə ABŞ-ın Rusiyadakı səfiri Con Sallivan çatdırıb.

Daha sonra ABŞ dövlət katibi Entoni Blinken və NATO-nun baş katibi Yens Stoltenberq mətbuat konfransı keçirdi.

Məlum oldu ki, Qərb Rusiya Federasiyasının şərtləri ilə razılaşmır; Şimali Atlantika Alyansı (NATO) “açıq qapı” siyasətindən imtina etməyəcək, Alyans 1997-ci ildə olduğu mövqelərə qayıtmayacaq.

Eyni zamanda, bir qədər əvvəl amerikalıların Ukraynanı tərk etmələri ilə bağlı tövsiyələr də verildi.

ABŞ-dan olan politoloq Qreq Vayner Oxu.Az-a şərhində baş verənlərlə bağlı fikirlərini bölüşüb:

- Ola bilsin ki, mən bir qədər əvvəldən başlayacam. Birbaşa xarici investisiyalar (BXİ) deyilən bir anlayış var. Bütövlükdə ABŞ-da bu investisiyaların dəyəri 4 trilyon 630 milyard dollardan çoxdur. Rusiya Federasiyasında isə xarici investisiyaların dəyəri cəmi bir neçə milyard dollar təşkil edir. Siz iş (investisiya) dünyasının Rusiya Federasiyası və ABŞ-a olan müxtəlif etimad səviyyələrini başa düşürsünüzmü? ABŞ-da belə bir deyim var: “Money talks and bullshit walks”( Pulun açmadığı qapı yoxdur - red).

ABŞ – supergücdür. Rusiya isə onun qüdrətini zəiflətməyə çalışır. Amma bu, tamamilə qeyri-realdır. Axı maliyyə, iqtisadi, hərbi gücün səviyyəsi, sadəcə olaraq, müqayisə olunmazdır.

- Bəlkə elə təhlükə də budur? Rusiya kəskin, gözlənilməz addımlara hazırdır, o cümlədən Ukraynada...

- Elə düşünmürəm. Rusiya prezidenti Vladimir Putinin ətrafında hesablamağı bacara bilən çoxlu “kalkulyatorlar” var. Əgər Allah eləməsin, Rusiya “qırmızı xətti” keçib Ukraynada əməliyyata başlasa, bunun nəticəsi faciəvi olacaq. Yeri gəlmişkən, müasir dünyada maliyyə sanksiyalarının nəticələri tanklardan daha əhəmiyyətli və dəhşətlidir.

- “Qiyamət saatı” (dünyadakı gərginliyin göstəricisi – red.) adlanan saat indi nüvə müharibəsinə dəqiqələrin yox, saniyələrin qaldığını göstərir...

- Nüvə müharibəsi olmayacaq. ABŞ-ın iri şirkətləri artıq Ağ Evi Rusiyaya qarşı potensial sanksiyaları yumşaltmağa çağırıblar, çünki bu, onların maraqlarına zərər verə bilər. Və biz daha əvvəl qeyd etdiyim pul haqqında Amerikan atalar sözünü yenidən xatırlaya bilərik.

- Bəs Rusiya ilə Qərbin qarşıdurmasında iştirak etməyən, lakin Rusiya Federasiyasına yaxın ərazidə yerləşən Azərbaycan kimi dövlətlər nə etsinlər?

- Gözləsinlər və qarışmasınlar. Məncə, bu, ən yaxşı həll yoludur. Azərbaycanın yaxşı mövqeləri, bütün dünya ilə yaxşı münasibətləri, həmçinin bütün öhdəliklərini yerinə yetirən tərəfdaş kimi formalaşmış imici var. Ona görə də, narahat olmağa dəyməz.

- Siz genişmiqyaslı müharibəni istisna edirsiniz?

- Yaxşı, baxın. Aralıq dənizində ABŞ-ın iki təyyarədaşıyan qrupu var. Əgər siz və oxucularınız İraqdakı müharibəni xatırlayırsınızsa, o zaman qeyd edim ki, ABŞ-ın iki təyyarədaşıyan gəmisi 60 milyon əhalisi olan bütün ölkəni tamamilə blokadaya almışdı. ABŞ-ın hərbi gücü çox ciddidir. Bundan əlavə, təkcə Avropada 64 min amerikalı hərbçi, həmçinin tanklar, təyyarələr və gəmilər var. Və biz hələ digər NATO ölkələrinin qüvvələrini saymırıq. Amma indi müharibə heç kimə lazım deyil, hamı bunu başa düşür. “Xoş mübahisədənsə pis sülh daha yaxşıdır” misalını hamımız bilirik.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri