18 
Mar
2022
11:48
311
8
2913
Virtual karabakh

Sergey Strokan: “İrəvanda daha Qarabağın müstəqilliyi haqqında danışılmır” - MÜSAHİBƏ

18 Mar, 2022
11:48
2913

Sergey Strokan: “İrəvanda daha Qarabağın müstəqilliyi haqqında danışılmır” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxın həftələrdə Ermənistan Xarici İşlər Nazirliyində Azərbaycanla sülh müqaviləsinin hazırlanması üzrə ekspert işçi qrupu yaradılacaq. Bu barədə İrəvan mediası yazır. Bu ehtimalı erməni rəsmilərin Azərbaycanla sülh sazişinin imzalanmasının Ermənistan hökuməti üçün prioritet məsələ olduğunu bildirən son bəyanatları da təsdiqləyir.

Dünən, martın 17-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edib ki, Moskva Bakı və İrəvanın sülh müqaviləsini razılaşdırmağa hazır olmasını alqışlayır (baxmayaraq ki, o, sənədin imzalanması vaxtı haqda danışmağın tez olduğunu deyib).

Tanınmış rusiyalı siyasi icmalçı Sergey Strokan Oxu.Az-ın suallarını cavablandırarkən qeyd edib ki, ümumilikdə Cənubi Qafqazda vəziyyət artıq formalaşmış yeni reallığa doğru yönəlib:

- Geri dönüşü olmayan nöqtə keçilib. Əvvəllər neqativ xəbərlərin tədarükçüsü Cənubi Qafqaz idi, postsovet məkanının Avropa cinahında isə sabitlik müşahidə olunurdu. İndi hər şey dəyişib: müsbət xəbərlər sizin regiondan gəlir.

Görünən odur ki, İrəvanın təkcə Bakı ilə deyil, həm də Ankara ilə münasibətlərinin normallaşması prosesində dönüş yaranıb. Bunlar isə sinxron, bir-biri ilə əlaqəli proseslərdir. Diqqət edin, iki trekdə, demək olar ki, eyni vaxtda hərəkət baş verir və bu, prinsip etibarilə vacibdir.

Ermənistan tərəfi Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazır olduğunu bəyan edib, bununla paralel olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı məsələlər praqmatik müstəvidə müzakirə olunur. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan prosesləri, necə deyərlər, birləşmiş qablardır.

Görünür, erməni tərəfi dərk edib ki, keçmişə çəkilməmək lazımdır; gələcəyə, keçmişin eyni səhifəsi çevrildikdən və altıtərəfli əməkdaşlıq mexanizmi (“3+3” platforması - Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə, Rusiya, İran - red.) işə salındıqdan sonra açılacaq yeni imkanlara diqqət yetirilməlidir.

Ermənistan dinc inkişafdan dividendlər ala bilər. Buna bir neçə amil kömək edir. Birincisi odur ki, əvvəlki konfrontasiya strategiyası dalana dirənib, bu artıq aydındır. İkincisi, İrəvandakı qisasçı və ləngidən qüvvələrin kütləvi mitinqlər toplamaq və vəziyyəti siyasi qeyri-sabitlik şəraitində saxlamaq imkanı verəcək dəstəyi itirməsidir.

Baxın, hazırda Ermənistanda Türkiyə ilə yaxınlaşmaya etirazlar edilib, amma daha da marginallaşıb. İnsanlara siyasi oyunlar yox, normal həyat lazımdır. Ermənistan cəmiyyətinin əksəriyyəti isə bunun tərəfdarıdır.

Cənubi Qafqaza bahar - “geosiyasi Novruz” gəlib, bu, çox ümidvericidir.

- Başqa bir versiya da var ki, Bakı və Tehran arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu imzaladıqdan sonra Ermənistan tərəfi reallıqları anlamağa başlayıb - bununla Ermənistan iqtisadi səmərəsini itirib...

- Bu, təbii ki, amillərdən biridir. Azərbaycanla İran arasında memorandum isə region dövlətlərinin indiki geosiyasi qeyri-sabitlik şəraitində konfrontasiyadan imtina etməsinin göstəricisidir. Regional alyansların vaxtı gəlir, dövlətlər bir-biri ilə hansısa oyunlar oynamaqla deyil, ancaq əməkdaşlıq etməklə ayaqda qala bilər.

Hazırda dünya gücləri, böyük hesabda Cənubi Qafqaz hayında deyillər, onlar həlledici “klinç” halındadırlar. Region dövlətləri isə əməkdaşlıq qurmalıdır.

- Daha bir sual Ermənistanda yaddan çıxmayan ATƏT-in Minsk Qrupu ilə bağlıdır. Ötən həftə Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli həllinin və 2020-ci ilin payızında Qarabağ müharibəsindən sonra Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın icrasının vacibliyi barədə bəyan ediblər. Çox qəribə səslənir. Hazırda ATƏT-in nizamlanma ilə nə əlaqəsi var? Hər şey onlarsız imzalanıb.

- Bəli, elə mənə də ATƏT-in bununla nə əlaqəsi olduğu tam aydın deyil. Bu təşkilatın vaxtı keçib. Amma ATƏT yenə də müəyyən şərəfli, texniki, köməkçi rol oynaya bilər. Məsələn, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün platforma təqdim etməklə.

Amma indi ATƏT vacib deyil, əsas məsələ İrəvanın ritorikasının dəyişməsidir. Onlar Qarabağın erməni əhalisinin hüquqlarından danışırlar və artıq heç bir müstəqillikdən bəhs etmirlər. Hüquqlar isə təbii ki, bütün Azərbaycan vətəndaşlarındakı kimi olacaq, heç kim buna qarşı deyil.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri