14 
May
2022
14:00
261
27
830
Virtual karabakh

“Azərbaycan qlobal layihələrin icrasında Türkiyənin yaxından iştirakına xüsusi diqqət yetirir” - RƏY

14 May, 2022
14:00
830

“Azərbaycan qlobal layihələrin icrasında Türkiyənin yaxından iştirakına xüsusi diqqət yetirir” - RƏY

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müasir geosiyasi şəraitdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, hər iki ölkənin dövlət və hökumət başçılarının, siyasi, iqtisadi, ticarət, elm, təhsil, mədəniyyət sahəsinin rəhbərlərinin qarşılıqlı səfərləri ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayıb: 

“Bu gün bütün sahələrdə əlaqələr uğurla inkişaf edib və ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri yüksək səviyyədədir. Müstəqilliyin ilk illərində Türkiyə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq dövlət quruculuğu yolunda respublikamızın səylərini daim dəstəkləməklə hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib”.

M.Cəfərov qeyd edib ki, Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir: 

“Ölkələr arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Azərbaycan və Türkiyə ikitərəfli iqtisadi əməkdaşlığı və sərmayələrə verdikləri böyük əhəmiyyət də ölkələrimizin inkişafını şərtləndirən amillərdəndir”.

Deputat bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğal etdiyi tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbi ilə çıxış edərək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib:

“Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində mümkün olduğunu bildirən Türkiyə rəhbərliyi bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını və heç bir iqtisadi əlaqə yaratmayacağını dəfələrlə bəyan etmişdi. 44 günlük müharibə zamanı Türkiyə dövlətinin və xalqının dəstəyini yüksək səviyyədə hiss etdik. Türkiyə dövləti beynəlxalq aləmdə Azərbaycanın fəal tərəfdaşı kimi çıxış edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın göstərdiyi bütün səyləri müdafiə etdi. Postmüharibə dövründə də Azərbaycanın yanında olan qardaş ölkə Qarabağda quruculuq prosesində yaxından iştirak edir”.

O söyləyib ki, bu gün Azərbaycan həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, dünyanın qlobal enerji bazarında ciddi rol oynayan ölkədir: “Bir sıra Avropa ölkələrinin qaz bazarında Azərbaycanın payı 40 faizədək artıb”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri