27 
İyn
2022
14:08
197
26
1500
Virtual karabakh

Bakı Bəyannaməsi: Üç qardaş ölkənin qlobal risklərə qarşı gördüyü adekvat tədbirlər – TƏHLİL

27 İyn, 2022
14:08
1500

Bakı Bəyannaməsi: Üç qardaş ölkənin qlobal risklərə qarşı gördüyü adekvat tədbirlər – TƏHLİL

Bu gün Bakıda Azərbaycan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Türkiyə Respublikasının xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli görüşü baş tutub.

Toplantıda Azərbaycanı XİN başçısı Ceyhun Bayramov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyəni xarici işlər naziri Mövlud Çavuşoğlu, həmçinin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Qazaxıstanı isə XİN başçısı Muxtar Tleuberd və sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev təmsil edib.

Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov görüşün əhəmiyyətini bu sözlərlə ifadə edib:

“Hazırda qlobal təhlükəsizliyə qarşı artan təhdidlər fonunda əməkdaşlığımız böyük əhəmiyyət kəsb edir. Üçtərəfli əlaqələrimizi bu səviyyədə gözdən keçirməyimiz olduqca aktualdır. Ölkələrimizin daha sıx qarşılıqlı fəaliyyət göstərəcəyi əhəmiyyətli sahələrdən biri də regionda nəqliyyat dəhlizləridir”.

XİN rəhbərinin sözlərindən aydın olur ki, sözügedən görüş aralarında yüksək səviyyəli əməkdaşlıq mühitinin mövcud olduğu üç ölkənin nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığının gələcək perspektivlərini və imkanlarını, qarşıda duran məqsəd və geosiyasi konyunkturun tələbləri çərçivəsində atılacaq addımları müəyyən etmək baxımından mühüm əhəmiyyətə malikdir.

Xüsusilə vurğulamaq lazımdır ki, hazırda dünyada qlobal təhlükəsizliyə, sabitliyə və iqtisadi inkişafa qarşı təhdidlərin getdikcə artması müşahidə olunur. İkitərəfli və çoxtərəfli müstəvidə yaxın münasibətlərə sahib üç ölkənin – Azərbaycan, Türkiyə və Qazaxıstanın mövcud şəraitdə sözügedən münasibətləri daha da gücləndirməsi regionda risklərin qarşısının alınması məqsədi daşıyır.

Üç ölkənin çoxşaxəli əməkdaşlığında diqqətçəkən və ön plana çıxarıla biləcək əsas məqamlardan biri də dövlətlərimizin coğrafi mövqeyi ilə bağlıdır. Belə ki, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən bu mövqe ölkələrimizi Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirir. Məhz bu məqam isə hazırda dünyada gedən proseslər fonunda xüsusi diqqət tələb edir, aktuallıq qazanır.

Çünki tranzit ölkə statusu eyni zamanda böyük həcmdə ticarət potensialına sahib olmaq anlamına gəlir. Ona görə də, mövcud potensialdan tam istifadə olunması və ya onun artırılması üçün nəqliyyat və kommunikasiyaların müzakirə edilməsi, təkmilləşdirilməsi və inkişaf yollarının axtarılması vacib məsələdir. Üç ölkənin rəsmi şəxslərinin məhz indiki məqamda Bakıda toplaşması hər üç dövlətin qlobal çağırışları diqqətlə izlədiyinin və adekvat reaksiya vermək əzmində olduğunun göstəricisidir.

İstənilən halda nəqliyyat-kommunikasiya məsələləri Azərbaycan dövlətinin milli iqtisadi inkişaf gündəliyində hər zaman prioritet sahələrdən hesab olunur. Azərbaycanın sahib olduğu imkanlar, habelə magistral, dəmir yolu və sərhəd infrastrukturu, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artan tranzit axınını qarşılamaq üçün səmərəli imkanlar yaradır.

Görüşdə çıxış edən Türkiyə XİN rəhbəri Mövcud Çavuşoğlu vurğulayıb ki, dövlətlərimizin münasibətləri ətrafımızdakı sınaqlardan dolayı daha da önəm qazanıb:

“Bu proseslərin davamında fürsətlər də ortaya çıxır. Məqsədimiz bu fürsətlərdən xalqlarımızın, bölgəmizin xeyrinə istifadə etməkdir”.

Təbii ki, qlobal iqtisadiyyatda və geosiyasi müstəvidə baş verən dəyişikliklər fonunda mühüm dəhlizlərin kəsişməsində olmaq, inkişaf etmiş kommunikasiya sistemlərinə sahib olmaq olduqca vacib bir amilə çevrilir.

Bu mənada dövlətlərimiz mövcud tranzit potensialının artırılmasında “Transxəzər Şərq-Qərb Orta Dəhliz” - Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərindən keçən multimodal nəqliyyat marşrutuna xüsusi önəm verir.

Bakıda keçirilən görüş eyni zamanda sahib olunan bu imkanlardan maksimum istifadə imkanlarının tapılmasına həsr olunub. Çünki “Orta dəhliz”ə əlavə həcmdə yüklərin cəlbi hər üç ölkənin iqtisadi potensialına da ciddi anlamda töhfə verə bilər. Elə ona görə də, Bakıdakı görüşdə bu istiqamətdə birgə səylərin artırılması məsələsi də ayrıca xətt təşkil edib.  

“Orta dəhliz”lə bağlı vurğulanmalı məqamlar sırasında Zəngəzur dəhlizi ön plana çıxır. Buna səbəb isə sözügedən dəhlizinin Qazaxıstan-Azərbaycan-Türkiyə nəqliyyat marşrutu üzrə daha qısa əlaqəyə imkan yaratmasıdır. Bu vacib amil dəhlizin tez bir zamanda işə salınmasını təmin etmək üçün bu prosesdə bütün tərəflərin öhdəliklərini yerinə yetirməsinin əhəmiyyətini bir daha ortaya qoyur.

Üçtərəfli görüşün məntiqi nəticəsi olaraq Azərbaycan, Qazaxıstan və Türkiyə dövlətləri arasında Bakı Bəyannaməsi imzalanıb. Bakı Bəyannaməsi yuxarıda sadalanan məsələlər üzrə əməkdaşlığın daha da artırılmasına, hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edən tranzit potensialının genişləndirilməsinə zəmin yaradacaq.

Bakıdakı görüş bir daha onu göstərdi ki, Azərbaycan, Türkiyə və Qazaxıstan dövlətləri əlaqələrin hazırkı yüksək səviyyəsini belə daha da artırmaq əzmindədir. Məhz bu səbəbdən də yeni platforma vasitəsilə üçtərəfli gündəmdə dayanan vacib istiqamətlərin müzakirəsi təşkil olunub. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov isə üçtərəfli görüşün ikincisinin Qazaxıstanda keçiriləcəyini anons edib.

Görüşün yekunlarına əsasən imzalanan Bakı Bəyannaməsi üç ölkənin gələcək iqtisadi planlarında nəqliyyat və kommunikasiya sahəsinin inkişafının mühüm yer tutduğunun göstəricisidir. Bakı Bəyannaməsi həm də üçtərəfli əməkdaşlıq şəraitinin, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan mövcud əlaqələrin gücləndirilməsi istiqamətində atılmış, qlobal çağırışlara adekvat cavab verən addımdır.  

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri