30 
İyl
2022
12:08
131
21
2642
Virtual karabakh

Ermənistanda qatardan ayrılmış vaqonda olduqlarını başa düşməyiblər - Rusiyadan analitik və deputatın ŞƏRHLƏRİ

30 İyl, 2022
12:08
2642

Ermənistanda qatardan ayrılmış vaqonda olduqlarını başa düşməyiblər - Rusiyadan analitik və deputatın ŞƏRHLƏRİ

Bu həftə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə nümayəndəsi İqor Xovayev İrəvana səfər edib. Ermənistan mediası, eləcə də Ermənistan Xarici İşlər Nazirliyinin özü onu “ATƏT-in Minsk qrupunun həmsədri” adlandırır.

Üstəlik, xarici işlər naziri Ararat Mirzoyanın təmsil etdiyi Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun həmsədrliyi institutundan və təcrübəsindən “beynəlxalq mandatına uyğun olaraq” istifadənin vacibliyini hərtərəfli vurğulayıb. İqor Xovayevin onun ATƏT-in Minsk qrupunun həmsədri adlandırılmasına və İrəvanın bu qurumun hələ də işlədiyini göstərmək üçün növbəti cəhdinə reaksiyası barədə məlumat yoxdur. Amma çox güman ki, o təəccüblənib, çünki İrəvan Moskvanın mövqeyindən xəbərsiz ola bilməz: ATƏT-in Minsk qrupu mövcud deyil.

Oxu.Az Rusiya hökuməti yanında Maliyyə Universitetinin Krasnoyarsk filialının direktoru, “İnkişaf Komitəsi” ekspert klubunun rəhbəri, fəlsəfə elmləri namizədi Pavel Klaçkov və Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatskidən məsələ ilə bağlı münasibət öyrənib.

Pavel Klaçkov:

- Təkcə ATƏT-in Minsk qrupu deyil, bütövlükdə təşkilat özünü nüfuzdan salıb. Hazırda ATƏT haqqında yalnız keçmiş zamanda danışmaq olar, onun ancaq tarixi aspektdəki rolunu müzakirə etmək olar. Niyə belə oldu? ATƏT problemlərin həlli vasitəsinə yox, qarşıdurma vasitəsinə çevrilib. Təşkilat Qərb bloku ölkələrinin maraqlarını müdafiə edirdi.

Ermənistanın bunu hələ dərk etməməsi yalnız onu göstərir ki, onlar yeni tarixi dövrün reallıqlarına inteqrasiya edə bilməyiblər. Onlar qatarın ayrılmış vaqonundadırlar və yalnız ətalətlə hərəkət edirlər, çox güman ki, heç yerə çatmayacaqlar. Qatarın özü isə artıq çox irəli gedib.

Azərbaycan isə tamam başqa siyasət nümayiş etdirir. Ölkə rəhbərliyi aydın başa düşür ki, hansı məsələləri həll etmək lazımdır.

- ATƏT-in Minsk qrupundan təkcə Ermənistan deyil, Qərb də möhkəm yapışıb. Yeri gəlmişkən, bəzi Rusiya mediası İrəvanla Qərb arasında yeni yaxınlaşma dalğasına diqqət çəkib. Məsələn, ilin birinci yarısında bir neçə erməni rəsmisi ABŞ-a səfər edib. Onların arasında Xarici İşlər Nazirliyinin rəhbəri, Parlamentin spikeri, yüksək texnologiyalar sənayesi naziri və hətta Ombudsman da var. ABŞ-dan isə təkcə bir ay ərzində Ermənistana Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Milli Demokratiya Fondunun rəhbəri Deymon Uilson yollanıb...

- Dediyim kimi, Ermənistanda keçmiş tarixi dövrün geridə qalması anlayışı yoxdur. İrəvanda görülən hər şey - bütün bu təmaslar, səfərlər, Qərbdən hansısa yardım almaq cəhdləri yalnız Ermənistan dövlətçiliyinin zəifləməsinə gətirib çıxarır.

İrəvanın bütün bunlara qatılmamağa nə qədər tab gətirə biləcəyi isə başqa məsələdir, çünki bir çox erməni siyasətçiləri Qərbdən asılıdırlar. Amma fakt budur ki, onlar öz xalqını, dövlətini fəlakətə aparırlar.

Viktor Vodolatski:

- Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar var (ATƏT-in Minsk qrupu olmadan əldə olunub – red.). Onlar yerinə yetirilməlidir. Avropa, Qərb isə öz əhəmiyyətini göstərmək üçün bal çəlləyini milçəklə korlamaq istəyir; bəzi təklif və istəklərini təbliğ etməyə çalışırlar, vəziyyəti alt-üst etmək və yenidən qaynar nöqtə yaratmaq üçün (Cənubi Qafqazda - red.) bir növ mövcud olmayan, amorf quruluşu xatırlayırlar.

- Moskvada, Bakıda deyirlər ki, Minsk qrupu yoxdur. Amma Qərbdə, ilk növbədə Fransada bunun əksini təkid edirlər və İrəvan da bununla razılaşır.

- Fransa Prezidenti Emmanuel Makron özünü böyük strateq hesab edir və hər şeyi özünə çəkməyə çalışır. Mən nəyisə kənardan idarə etməyə çalışan bütün rəhbərlərə arzu edərdim ki, ilk növbədə öz ölkələrində asayişi bərpa etsinlər.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri