13 
Avq
2022
13:54
183
51
1675
Virtual karabakh

“Taxıla olan daxili tələbatın ödənilməsi 80 faizədək qaldırılacaq” - Deputat

13 Avq, 2022
13:54
1675

“Taxıla olan daxili tələbatın ödənilməsi 80 faizədək qaldırılacaq” - Deputat

Prezident İlham Əliyevin Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsi son zamanlar dünya və Azərbaycan gündəmini məşğul edən məsələlərə cavab olub. Şübhəsiz ki, bu məsələlər qismindən ərzaq qıtlığı, ölkənin taxıl tələbatının ödənilməsi ilə bağlı verdiyi açıqlamalar xüsusilə diqqəti çəkib. 

Mövzu barədə Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, ərzaq təhlükəsizliyi hər bir dövlətin milli təhlükəsizliyi ilə bərabər səviyyədə ölçülür: 

“Azərbaycan dövləti də milli təhlükəsizliyin tərkib hissəsi olaraq ərzaq təhlükəsizliyi ilə bağlı hələ 2001-ci ildən etibarən dövlət proqramları qəbul edib. Bu dövlət proqramları çərçivəsində ölkə əhalisinin ərzaqla təmin olunması ilə əlaqədar fundamental layihələr həyata keçirilib.

Azərbaycanın, demək olar ki, bu proqramların icrası nəticəsində bir çox ərzaq məhsulları ilə daxili bazarı təmin etməsi təsadüfi deyil. Lakin Azərbaycan strateji ərzaq sayılan taxıl və taxıl məhsullarını idxal edir. Ona görə də bu sahədə qlobal bir problem yaranması ilə dünya iqtisadiyyatına təsir edən amillər Azərbaycanın daxili bazarına da öz təsirini göstərir. Rusiya-Ukrayna müharibəsi və pandemiya dünyada taxıl və buğda ilə bağlı gərginliyi artırıb. Azərbaycan daxili bazarda taxıla və gübrəyə olan ehtiyacını 95 faiz Rusiyadan təmin edir. Rusiyadan idxal etdiyimiz bu məhsullarla bağlı da hər hansı problem yoxdur. Dövlət bu çərçivədə lazımi addımları atıb”.

A.Hüseynovun sözlərinə görə, digər tərəfdən, idxalla yanaşı, daxili bazarın təmin olunması istiqamətində də xeyli işlər həyata keçirilib: 

“Buna misal olaraq yeni əkin sahələrinin dövriyyəyə cəlb olunması, suvarma sistemlərinin genişləndirilməsi, su anbarlarının yaradılması, fermerlərə subsidiyaların, güzəştli kreditlərin verilməsi, qanunvericilikdə müəyyən güzəştlərin nəzərdə tutulması kimi vasitələrlə Azərbaycanın öz taxıl ehtiyatlarının genişləndirilməsi istiqamətində xeyli işlər gördüyünü deyə bilərik.

Hesab edirəm ki, artıq Qarabağ İqtisadi Zonasında da bizim böyük kənd təsərrüfatı potensialımız var. Həmin torpaqlarda da taxıl əkilməsi və digər əkin sahələrinin yararlı hala gətirilməsi üçün görülən tədbirlər nəticəsində Azərbaycan öz daxili tələbatının ödənilməsini 80 faizədək qaldıracaq. Ölkədə indiki halda taxılla və xüsusilə unla bağlı heç bir ciddi gərginlik yoxdur. Çünki dövlət bu sahədə lazımı tədbirləri həyata keçirib”. 

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri