15 
Avq
2022
16:18
15
82
1935
Virtual karabakh

Elmira Muratova: “Sanki Krımın “boz zona” olması fikrinə alışılıb” - MÜSAHİBƏ

15 Avq, 2022
16:18
1935

Elmira Muratova: “Sanki Krımın “boz zona” olması fikrinə alışılıb” - MÜSAHİBƏ

Avqustun əvvəlindən Türkiyənin Daxili İşlər Nazirliyi yanında Miqrasiya Xidməti Krım tatarlarının türk kökənli soydaş statusunu tanıyıb və onlara uzunmüddətli yaşama icazəsi verməyə başlayıb. Bu barədə bir müddət əvvəl “Anadolu” agentliyi məlumat yayıb.

Sənədlər Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Süleyman Soylunun əmri ilə verilir. Yeri gəlmişkən, Türkiyə qanunlarına görə, uzunmüddətli yaşama icazəsi yalnız səkkiz il ərzində davamlı olaraq ölkədə qalan əcnəbilərə təqdim olunur. Lakin Ahıska türkləri, uyğurlar, Bolqarıstan və Yunanıstandan olan etnik türklər, hazırda isə həmçinin Krım tatarları bu qanundan azaddırlar.

Krımdan olan politoloq Elmira Muratova Türkiyənin, Krım tatarlarının, “Krım Platforması”nın rolu barədə fikirlərini Oxu.Az-la bölüşüb.

- Türkiyə bir tərəfdən Krımın Rusiya tərəfindən ilhaq edilməsini tanımasa da, digər tərəfdən Moskva ilə əməkdaşlıq edir. Hazırda Krımda Türkiyənin təsiri hiss olunurmu? Həmçinin Türkiyədə yaşayan Krım tatarları faktoru da var ki, bəzi mənbələrə görə, onların sayı üç milyona qədərdir...

- Türkiyədə yaşayan Krım tatarlarının törəmələri desək, daha doğru olar. Əsas məsələ odur ki, onlar indi özlərini nə dərəcədə Krım tatarı kimi hiss edirlər.

- Onların Krım tatarlarının törəmələri olduğunu dediniz. Bəs onlar niyə özlərini belə hesab etmirlər?

- Məsələ burasındadır ki, Krım tatarları Türkiyəyə müxtəlif vaxtlarda köç ediblər. 18-ci əsrin sonlarında, Krımın ilk ilhaqından sonra köç edənlərin törəmələri var. Çox vaxt keçib və indi onlar yalnız köklərinin Krımdan olduğunu xatırlayırlar. Başqa heç nə xatirlərində deyil. Həmçinin sonralar, məsələn, 20-ci əsrin əvvəllərində və ya 30-cu illərdə köçənlər var. Onların nəsillərinin kimlikləri ilə bağlı vəziyyət daha yaxşıdır. Yaşayış yerindən çox şey asılıdır. Əgər bunlar bəzi Krım-tatar kəndləridirsə, deməli, dil və mədəniyyət ənənələri qorunub saxlanılıb. Və 2014-cü ildən sonra gələn yeni immiqrantlar da var.

- Bəs Türkiyədə 3 milyon Krım tatarının olduğu barədə məlumat doğrudurmu?

- Dəqiq deyə bilmərik. Bu barədə dəqiq məlumat yoxdur, hamısı təxmini hesablamalardır. Müxtəlif vaxtlarda Krımı nə qədər adamın tərk etdiyini nəzərə alsaq, o zaman hazırda Türkiyədə 3, hətta 5 milyon Krım tatarının və onların törəmələrinin olduğunu güman etmək olar. Amma bu rəqəmləri təsdiqləmək mümkün deyil.

- Bəs Krımın özündə Türkiyənin təsiri görünürmü?

- Mən deyərdim ki, 2014-cü ildən sonra (Krımın Rusiya tərəfindən ilhaqından sonra - red.) Türkiyənin təsiri minimuma enib. Bundan əvvəl isə bu təsir biznes, din kimi müxtəlif sahələrdə nəzərə çarpırdı. Bu gün Krımda Türkiyə praktiki olaraq gözə görünmür. Bəli, təbii ki, müəyyən şəxsi kontaktlar, ayrıca sahələrə dəstək var, amma Ankaranın Krımdakı proseslərə təsiri get-gedə söndü.

- Ankaranın müharibəni dayandırmaq cəhdlərini necə qiymətləndirirsiniz? Və ya Kiyev və Moskvanın danışıqlar masası arxasına oturmasına kömək məqsədli diplomatik cəhdləri barədə nə düşünürsünüz?

- Bəli, Ankara cəhdlər edir. Və Türkiyənin danışıqlarda mövqeyi yəqin ki, digərlərindən yaxşıdır. Eyni zamanda başa düşmək lazımdır ki, Türkiyə Cümhuriyyəti bu məsələdə öz maraqlarını güdür və bu, ilk növbədə iqtisadi xarakterli maraqlardır. Düşünmürəm ki, Ankaranın prioritetində Rusiya və ya Ukraynanın maraqları dayanır. Bu da başadüşüləndir. Nəzərəçarpan uğurlardan biri kimi Ukrayna taxılının ixracına dair sazişdən danışmaq olar. Lakin müharibə ilə bağlı real həll variantları üçün Rusiya və Ukraynanı eyni danışıqlar masası arxasına oturtmaq cəhdləri hələ ki nəticə verməyib.

- Ukraynada ötən il “Krım Platforması” yaradılıb. Bu il ikinci beynəlxalq forumun keçiriləcəyi ilə bağlı bəyanat verilib. Bu layihəyə münasibətiniz necədir? Sizcə, bu nə üçün lazımdır?

- Anladığım qədərilə, bu platformanın məqsədi Krımın beynəlxalq gündəmdə və həmçinin də Ukraynanın gündəmində qalmasıdır. Çünki 2014-cü ildən bu yana keçən səkkiz il ərzində Krımla bağlı daha az danışılıb. Sanki Krımın “boz zona” olması fikrinə alışılıb və düşünülür ki, bu mövzu bağlana bilər. Bu, maraqlı təşəbbüsdür, lakin Rusiya hakimiyyəti tərəfindən ehtiyatla qarşılanıb. Və mən Krımda “Krım platforması”na reaksiyanı gördüm – bir çox insanlarda canlanma baş verdi, informasiya sahəsində nəyəsə qarşı çıxmaq üçün maarifləndiricidən tutmuş diplomatik sahəyə qədər təşəbbüslər oldu. Kifayət qədər ağrılı reaksiya oldu. Göründüyü kimi, “Krım platforması” hədəflədiyi hansısa nəticələrə nail oldu, ən azından 2014-cü ildən sonra formalaşmış status-kvonun sabitliyinin pozulmasına dair müəyyən nəticələr əldə edildi.

- Krımda nə qədər Krım tatarı yaşayır?

- Bu isə mürəkkəb və açıq sualdır. Bununla bağlı məlumatımız yoxdur. 2001-ci ildə, deyək ki, “Ukrayna dövründə” aparılan sonuncu siyahıyaalma zamanı yarımadada 243 min Krım tatarının yaşadığı məlum olub. Bundan sonra 2014-cü ildə siyahıyaalma həyata keçirilib. Amma bizim bununla bağlı çoxlu suallarımız var, çünki bu siyahıyaalmanın nəticələrinə görə, Krım tatarlarının sayı azalaraq 232 min olub. Mövcud demoqrafik tendensiyaları nəzərə alsaq, belə dinamika sadəcə olaraq mümkün deyil. 2014-cü il siyahıyaalmasının necə keçirildiyini gördük. Çox sayda Krım tatarı sadəcə olaraq iştirak etmədi və buna görə də qeydə alınmadılar. Həmçinin Krım tatarlarının Volqa tatarları kimi qeydə alındığı hallar da oldu. Öz ekspert hesablamalarımıza görə, Krımda bilavasitə 300 minə qədər Krım tatarının olduğunu təxmin edə bilərik. Amma dəqiq məlumat yoxdur, Krımda nə qədər Krım tatarının olduğunu bilmirik, bu barədə etibarlı məlumat yoxdur.

- Bəlkə 2014-cü ildən sonra Krım tatarlarının sayının azalması Krımın ilhaqından sonra əhalinin xaricə axını ilə bağlı idi?

- Bəli, Krım tatarlarının bir hissəsi xaricə getdi. Amma bu, on minlərlə insan deyil. Ukraynada dərc olunan məlumatlara görə, 2014-cü ildə Krımdan məcburi köçənlərin ümumi sayı təxminən 20 000 nəfər olub. Bunlar milliyyətindən asılı olmayaraq köç edənlərin hamısının sayıdır, təkcə Krım tatarlarının deyil. Bizdə isə çox sıx cəmiyyət mövcuddur, biz kütləvi axın görməmişik.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri