10 
Sen
2022
15:21
85
39
2882
Virtual karabakh

Şahzadə Çarlz nə üçün Kral Karl oldu: Azərbaycan niyə Britaniyanın müttəfiqi olaraq qalacaq? - Londondan ŞƏRH

10 Sen, 2022
15:21
2882

Şahzadə Çarlz nə üçün Kral Karl oldu: Azərbaycan niyə Britaniyanın müttəfiqi olaraq qalacaq? - Londondan ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan və Türkiyə Böyük Britaniyanın müttəfiqləridir. Bunlar sadəcə söz deyil, rəsmi sənədlərdə də göstərilib”.

Bu barədə Oxu.Az-a Böyük Britaniyadan olan iqtisadi və siyasi icmalçı, Oksford-Kembric Klubunun üzvü Zaur Məmmədov Birləşmiş Krallıqda yeni monarxın seçilməsi ilə Cənubi Qafqaza münasibətdə hər hansı bir dəyişikliyin gözlənilib-gözlənilməməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

O, həmçinin iqtisadi məsələnin də əhəmiyyətini vurğulayıb:

“Çünki Londonun Cənubi Qafqaz regionuna, ilk növbədə neft-qaz sektoruna ciddi marağı var”.

Türkiyəyə gəldikdə isə ekspert bu dövlətin regional güc olduğunu dilə gətirərək, Kiyev kimi, Ankaranın da Böyük Britaniyanın maraqları zonasına daxil olduğunu vurğulayıb.

“Ukrayna məsələsində qeyd etməliyəm ki, Boris Consonun ritorikası Liz Trassın rəhbərliyi altında bir qədər yumşala bilər, lakin bu, Kiyevə verilən dəstəyə təsir etməyəcək. Əsas səbəb daxili vəziyyətdir. Müharibə başlayanda insanlar qiymətlərin artacağını təsəvvür belə etmirdilər. İndi isə bu anlayış var. Qazın, işığın pulunu necə ödəməli? İyulda elə dövr olub ki, işığın qiyməti 500% artıb, çünki burada qiymətləri bazar formalaşdırır. İstənilən halda insanlar qaza, işığa görə iki-üç dəfə çox pul ödəməli olurlar. Bu, Britaniya hökumətini daxili işlərlə daha çox məşğul olmağa məcbur edir. Amma yenə də deyirəm, Ukraynaya dəstək, həmçinin anti-Rusiya, yaxud Birləşmiş Krallıqda deyildiyi kimi, “anti-Putin” ritorikası davam edəcək”, - deyə icmalçı bildirib.

Z.Məmmədov bir çoxlarına qaranlıq qalan məsələyə - ingilis transkripsiyasında heç nə dəyişmədiyi halda Şahzadə Çarlzın niyə Kral Karl olmasını da izah edib. Ekspertin sözlərinə görə, əslində ingilis dilində heç nə dəyişməyib - Şahzadə Çarlz Kral Çarlz olub.

“Amma kralın adının təyin edilməsi ilə bağlı tarixşünaslıq ənənələri (latın dilinə gedib çıxır - red.) var, ona görə də şahzadə Çarlz III Karl oldu”, - deyə o əlavə edib.

Ekspert həmçinin Çarlzın başqa bir ad seçmək imkanının olduğunu da vurğulayıb.

“Belə bir haqqı var. Ancaq burada taxt-tacın varisliyi məsələsi vacibdir, çünki monarxlar öz nəsillərinə ad verərkən kimin daha çox taxt varisi olma ehtimalını anlayırdılar. Dəyişikliklər adları heç bir müəyyən edilmiş adət və ənənələrə uyğun gəlməyənlərdə olardı. Coşua və ya Ebraham adlı kral olmayıb. Kiminsə belə adları olsa belə, onları Çarlz (Karl), Corc (Georq) və s. ilə əvəz edəcəklər. Yeri gəlmişkən, III Karldan sonra taxt-tacın varisi onun oğlu Uilyam olacaq (o, Vilhelm olacaq – red.). Bu isə ənənəvi kral adıdır, ona görə də Şahzadə Uilyam, çətin ki, onu dəyişdirsin”, - deyə Zaur Məmmədov sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri