15 
Sen
2022
10:36
308
28
2484
Virtual karabakh

“Bir çox postsovet ölkələri arasında Azərbaycan özünə inam nümayiş etdirən dövlətdir” - MÜSAHİBƏ

15 Sen, 2022
10:36
2484

“Bir çox postsovet ölkələri arasında Azərbaycan özünə inam nümayiş etdirən dövlətdir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Ukraynada qanlı və ağır müharibənin davam etməsinə baxmayaraq, ölkəmizdə Ermənistanla Azərbaycan arasında sərhəddə baş verən hərbi toqquşmalar və gərginlik diqqət mərkəzindədir”.

Bunu Oxu.Az-a açıqlamasında ukraynalı hərbi ekspert, “Strategiya XXI” Qlobalistika Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuk deyib.

Ekspert bildirib ki, Rusiya Ukraynada münaqişə ocağı yaradıb və indi iki-üç cəbhədə fəaliyyət göstərə bilməz:

- Avropa Rusiyanın təhlükəsindən ehtiyat edib Ukraynaya natamam kömək edir. Postsovet məkanında bir çox ölkələr Moskvadan qorxur, onların müstəqil siyasəti yoxdur. Bu, hətta ərazi problemlərinin həllinə başlamaqdan qorxan Moldova və Gürcüstana da aiddir, baxmayaraq ki, onların torpaqları işğal olunub, orada separatçı rejimlər mövcuddur. Onların Rusiyadan ekzistensial qorxusu var. Bir çox postsovet ölkələri arasında Azərbaycan özünə inam nümayiş etdirən dövlətdir.

İkinci Qarabağ müharibəsi göstərdi ki, Azərbaycan Rusiyanın keçmiş SSRİ ölkələrinə sırımaq istədiyi siyasətlə barışmaq fikrində deyil. İndiki Ermənistan-Azərbaycan qarşıdurması Azərbaycanın öz müstəqilliyini və dünyanın güc mərkəzləri arasında bacarıqla tarazlıq qurduğunun göstəricisidir. Düzdür, qeyd etmək istəyirəm ki, bizim ekspertlərdə heç də həmişə son eskalasiyanın səbəbləri ilə bağlı ümumi rəy yoxdur. Amma mənə aydındır ki, Azərbaycan öz maraqlarını, suverenliyini qoruyur. İndi belə oxşar nümunələr, Ukraynanı çıxmaq şərti ilə, sadəcə olaraq yoxdur.

- Bəs siz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) haqqında nə düşünürsünüz? Ermənistan artıq ilk dəfə deyil ki, bu təşkilata kömək üçün müraciət etdi.

- Ermənistan rəhbərliyi çox gözlənilən cavab aldı: KTMT baş katibini göndərəcəyik, qoy o sizə kömək etsin (gülür – red).

KTMT yararsız strukturdur. Təşkilatın üzvü olan ölkələr arasında daim hərbi münaqişələr baş verir. Son zamanlar Qırğızıstanla Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. Bütün bunlar yalnız onu göstərir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı öz dəfninə hazırlaşmalıdır.

- Mən Ukrayna cəmiyyətinin Cənubi Qafqazdakı vəziyyətlə bağlı təsəvvürlərinə qayıtmaq istərdim. Ukraynada çox vaxt təhrif olunmuş məlumatların təqdim edilməsi Azərbaycanda təəccüblə qarşılanır. Guya Azərbaycan hücum etdi, Qarabağda haranısa ələ keçirdi və sair. Özünün olanı necə işğal etmək olar? Qaytarmaq olar, amma işğal etmək, ələ keçirmək yox...

- Təəssüf ki, bizim media, jurnalistlər - heç də həmişə səriştəli olmurlar. Mən müsahibə verəndə bu məqamla tez-tez qarşılaşıram. Misal çəkim. Ötən gün məndən Qara dənizdə mina təhlükəsi ilə bağlı vəziyyəti şərh etməyimi istədilər. Səbəb - Rumıniya gəmisi minaya düşüb. Ardınca isə sual səsləndirildi: “Bəs əgər NATO ölkəsinin gəmisi minaya düşərsə, nə baş verə bilər?” Mən təəccübləndim və şərh verməkdən imtina etdim. Jurnalist bilmirsə ki, Rumıniya NATO ölkəsidir, yəni gəmi də Şimali Atlantika Alyansına daxil olan ölkəyə məxsusdur, o zaman onunla nədən danışmaq olar?

- Gəlin özünümüdafiə hüququ kimi bir məsələni müzakirə edək. Əgər ölkəniz başqa dövlətin ərazisindən atəşə tutulursa, bu prinsip işləyirmi?

- Mənim nəzərimə görə, əlbəttə ki, işləyir. Bizdə də Rusiya ilə sərhədə yaxın yerləşən milyonluq Xarkov şəhəri Rusiya Federasiyası ərazisindən MLRS, “S-300”, artilleriya atəşinə məruz qaldıqda analoji hal olub. Gec-tez bizim hərbi-siyasi rəhbərliyimiz düşmənin ərazisindən zərbələr endirilən hərbi obyektlərin məhv edilməsi barədə qərar qəbul etməlidir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri