30 
Sen
2022
12:07
218
12
1798
Virtual karabakh

Aleksandr Budberq: “Ermənistan bir dövlət kimi sadəcə iflasa uğradı” - ŞƏRH

30 Sen, 2022
12:07
1798

Aleksandr Budberq: “Ermənistan bir dövlət kimi sadəcə iflasa uğradı” - ŞƏRH

“Cənubi Qafqazda gərginliyi beynəlxalq sülhməramlıları daxil etmədən də azaltmaq olar”.

Bunu tanınmış rusiyalı jurnalist və siyasi şərhçi Aleksandr Budberq beynəlxalq müşahidəçilərin regionda görünməsi ehtimalını Oxu.Az-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, hər şey Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın Cənubi Qafqazda gərginliyə nə dərəcədə müdaxilə etmək gücündə olmalarını hiss etmələrindən asılıdır.

“Yaxın gələcəkdə onların görünməsi ehtimalı azdır, baxmayaraq ki, gələcəkdə mümkün ola bilər”, - deyə o əlavə edib.

Ekspert Ermənistanda Rusiyanın iki bazasının (Gümrü və Erebuni) olmasını nəzərə alaraq bu ölkəyə xarici qoşunların yeridilməsinin müəyyən vaxt aparacaq proses olduğunu vurğulayıb.

“Ancaq bu məsələdə Azərbaycan tərəfinin mövqeyi mütləq nəzərə alınacaq”, - deyə siyasi şərhçi qeyd edib.

Müsahib İkinci Qarabağ müharibəsinin başlamasından iki il keçməsinə baxmayaraq, Ermənistanın məsələnin sülh yolu ilə nizamlanmasında heç bir irəliləyiş olmamasının səbəbini Paşinyanın siyasi iqtidarının zəifliyi ilə əlaqələndirib.

“Onun siyasi qüvvəsi ancaq İrəvanda hakimiyyətdə qalmaq üçün kifayətdir. Amma o, erməni cəmiyyətində bəyənilməyən qərarları təbliğ etmək iqtidarında deyil, halbuki, bu, zəruridir. Ermənistan müharibəni uduzdu və bu, göz qabağındadır. Amma erməni cəmiyyəti bunu etiraf etməkdə çətinlik çəkir. Onlar bir növ xəyali aləmdə yaşayır, lakin indiki reallığımıza qayıtmaq istəmirlər. Bu da Nikol Paşinyanın hər gün üzləşdiyi problemlərdən biridir. Onun isə Ermənistanın müharibəni uduzması ilə bağlı yəqin ki şübhəsi yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu yaxınlarda ölkənin İctimai Televiziyasına müsahibəsində Qarabağ məsələsinin artıq həll olunduğunu bəyan edib. Onun sözlərinə görə, İrəvan artıq Qarabağda rol oynamır, ölkəni isə ağrılı qərarlar - Azərbaycan və Türkiyə ilə müqavilələri imzalaması gözləyir: “Bəli, bu kapitulyasiyadır. Şərait buna gətirib çıxardı. Heç bir faciə yoxdur, daha güclü dövlətlər bu yoldan keçib... Qonşularla barışıq sənədləri imzalanmasa, dövlət yenidən qurulmalı olacaq”.

Siyasi şərhçi Ermənistanın ilk prezidentinin bu sözləri ilə razılaşdığını qeyd edib.

“İrəvan Bakı və Ankara ilə razılığa gəlməlidir. Bu, irəli getmək və ümumilikdə uğursuz olan dövləti yenidən qurmaq üçün lazımdır. Ermənistan isə bir dövlət kimi, genişspektrli məsələlərdə sadəcə olaraq iflasa uğradı. Ermənilər öz dövlətlərini yenidən qurmalı, iqtisadiyyatda uğur qazanmalıdırlar. Bunun üçün isə qonşularla razılaşmalar və birlikdə yaşamaq üçün şərait yaradılması lazımdır”, - deyə o izah edib.

Ekspert bu məsələdə əsas problemin Ermənistanda Ter-Petrosyandan başqa, demək olar ki, heç kimin belə fikirlər səsləndirməməsində gördüyünü açıqlayıb.

“Bu fikirlər o qədər qeyri-populyardır ki, İrəvanda heç bir siyasi qüvvənin həmin fikirləri yeritməsi mümkün deyil”, - deyə Budberq sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri