14 
Okt
2022
18:32
225
15
1017
Virtual karabakh

Xarici ölkələrin hərbi attaşeləri Gəncədə terror qurbanlarının xatirəsini anıblar - FOTO/VİDEO

14 Okt, 2022
18:32
1017

Xarici ölkələrin hərbi attaşeləri Gəncədə terror qurbanlarının xatirəsini anıblar - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Gəncə şəhərində Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan mülki əhalinin xatirəsini anıblar.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də Müdafiə Nazirliyinin təşkilatçılığı ilə hərbi attaşelər Vətən müharibəsi zamanı erməni hərbi birləşmələri tərəfindən Gəncədə törədilən terror hadisəsinin baş verdiyi ərazini ziyarət ediblər. Həlak olan dinc sakinlərin xatirə guşəsinin önünə gül dəstələri düzüblər.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə 2020-ci ildə 44 günlük müharibə zamanı Ermənistan silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinə zidd  olaraq mülki əhali arasında maksimum itki vermək məqsədilə Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Beyləqan, Qəbələ, Goranboy, Ağcabədi, Naftalan, Abşeron və Xızı rayonlarının qəsdən ballistik raketlər və digər ağır artilleriya qurğuları ilə bombalandığı barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq 2020-ci il oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində çoxmənzilli yaşayış binaları raket atəşinə tutulub. Hadisə nəticəsində 4-ü qadın olmaqla 9 nəfər şəhid olub, 35 nəfər isə yaralanıb. Yaralananlardan biri də sonradan xəstəxanada vəfat edib.

Hərbi attaşelərin diqqətinə çatdırılıb ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq və 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, 12292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.

Xüsusi vurğulanıb ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İkinci Qarabağ müharibəsinin başa çatmasından ötən iki il ərzində 250-dən çox Azərbaycan vətəndaşı mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb.

Səfər çərçivəsində hərbi attaşelər Nizami Gəncəvi Məqbərə Kompleksində də olublar. Burada onlara dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı barədə ətraflı məlumat verilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri