25 
Okt
2022
20:55
30
339
3372
Virtual karabakh

İranın Azərbaycanla bağlı narahatlığı: “Narkotik istehsalı, tranzit, nəqliyyat və …” - FOTO

25 Okt, 2022
20:55
3372

İranın Azərbaycanla bağlı narahatlığı: “Narkotik istehsalı, tranzit, nəqliyyat və …” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Azərbaycan qorxusu uzun illərdir iki qonşu ölkə arasında münasibətlərin dostluq səviyyəsinə çatmasına əngəl törədir. Azərbaycan torpaqlarının 30 illik işğal dövründə ərazidəki tarixi mədəniyyət abidələri məhv edilərkən, məscidlər donuz damına çevrilərkən Ermənistana qarşı səsini çıxarmayan, hələ üstəlik həmin ərazilər hesabına narkotik ticarətini genişləndirən İran son iki ildə Azərbaycan əleyhinə bəyanatlarını artan tempdə davam etdirir.

Zəngəzur dəhlizi gündəmə gəldiyi vaxtdan etibarən İran bölgədəki varlığını vaxtaşırı təhdid ritorikası ilə hiss etdirməyə çalışır. Son olaraq sərhəddə təlimlərin keçirilməsi isə Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirilə bilər. Lakin bu təlimlərdə diqqəti çəkən əsas məqam İran ordusunun hərbi texnika baxımından 1970-ci illər səviyyəsində qalmasıdır. Belə ki, nümayiş etdirilən kadrlardan İranın ağır texnikasının köhnə tanklardan ibarət olduğu, müasir dövrün standartlarına uyğun gəlmədiyi görünür. Bu gün İranın hər fürsətdə təriflədiyi dronlarını isə Ukrayna ordusu rahatlıqla məhv edir. Belə olan təqdirdə İranın ermənipərəst siyasətdə nəyə arxalandığı maraq doğurur. 

Məsələni Oxu.Az-a şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov ilk olaraq İkinci Qarabağ müharibəsində qazanılmış qələbənin Azərbaycanın hərbi-siyasi gücünü daha da artırmasından söz açıb:

“Zəfər işğaldan azad edilmiş ərazilərdə suveren imkanların genişlənməsinə, Azərbaycanın regionda güc faktoru kimi çıxış etməsinə müsbət təsirini göstərir. Habelə, Türkiyə ilə müttəfiqlik münasibətlərinin dərinləşməsi də bu istiqamətdə mühüm rol oynamaqdadır. Həmin faktorlar isə regionda ənənəvi güc kimi çıxış edən İranı bu və ya digər formada narahat edir.

Narahatlığı həm də vaxtilə erməni işğalında olan ərazilərdə qanunsuz narkotik bitkilərin becərilməsi və tranzit imkanlarının itirilməsi, Azərbaycanla Naxçıvanı, Türkiyəni birləşdirəcək birbaşa nəqliyyat, kommunikasiya əlaqələrinin reallaşa bilməsi və Azərbaycan rəsmilərinin ölkənin tarixi sərhədləri barədə vaxtaşırı xatırlatma etmələri ilə əlaqələndirmək olar. O cümlədən, Ermənistanla sülh müqaviləsinin bağlanması prosesi rejimdə hər iki dövlət üzərində təsir gücünü itirəcəyi qorxusunu yaradır”.  

Ekspert qeyd edib ki, İran Azərbaycanla münasibətlərin qorunub-saxlanmasını de-yure bəyan etsə də, güclü və qüdrətli qonşusunun olmasına, dövlətin beynəlxalq müttəfiqliyinin genişlənməsinə qısqanclıqla yanaşır:

“Çünki 30 milyondan çox soydaşımızın İranda yaşadığını və tarixi-siyasi proseslərin dəyişə bilən təbiətini yaxşı anlayır. Xüsusilə də son günlərdə İranda cərəyan edən sosial etirazların dalğasının genişlənməsi və siyasi mahiyyət kəsb etməsi cənub qonşumuzu ciddi təşvişə salır. İranın Azərbaycanı ittiham etməsi, təhdidlər dolu bəyanatlar səsləndirməsi, sərhəddə ən ağır silahlarla hərbi təlimlər keçirməsi buna bariz nümunədir. Halbuki, Azərbaycan hər zaman regionda sülhün və təhlükəsizliyin təmin olunmasında, qonşularla münasibətlərin qarşılıqlı maraqlar çərçivəsində, tarixi-siyasi-mədəni və etnik bağlılığa əsaslanan formada həyata keçirilməsində maraqlı olduğunu bəyan edir. Əsasən də postmüharibə dövründə bu siyasətə daha çox üstünlük verilir. Azərbaycan münasibətlərin üçüncü dövlətin maraqlarına xidmət etmədiyini də bəyan edir”.  

Müsahibimiz bildirib ki, hazırkı vəziyyətdə İranla Azərbaycan arasında gərginliyin yaranmasına və hərbi-siyasi ittihamların səsləndirilməsinə heç bir əsas yoxdur:

“İranın regionun hərbi-iqtisadi potensialı güclü olan faktorlarından biri kimi mövcudluğu və ya Azərbaycanın güclənməsi heç bir halda iki ölkə arasında müharibə vəziyyətinin yaranmasına səbəb ola bilməz. Əksinə, Ermənistanla müqayisədə hər iki dövlətin bir-biri ilə iqtisadi sahədə əməkdaşlığı dərinləşdirməsi, siyasi-mədəni sahədə münasibətləri inkişaf etdirməsi üçün böyük imkanlar var.

Düşünürəm ki, beynəlxalq geosiyasi təzyiqlərin artdığı, iqtisadi sanksiyaların genişləndiyi bir məqamda İranın müharibə ritorikasından geri çəkilməsi daha doğru olardı. Bu, həm də regionda sülhün və təhlükəsizliyin bərpası, dövlətlərarası münasibətlərin normallaşması, region dövlətlərinin iqtisadi və siyasi cəhətdən güclənməsi baxımından olduqca vacibdir”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri