Noy
2022
11:03
123
13
3232
Virtual karabakh

Yevgeni Mixaylov: “Ermənilərin yanaşması alt-üst oldu” – MÜSAHİBƏ

1 Noy, 2022
11:03
3232

Yevgeni Mixaylov: “Ermənilərin yanaşması alt-üst oldu” – MÜSAHİBƏ

“Nikol Paşinyan Ermənistanda baş verənlər fonunda söz oyunu oynamağa, faktları təhrif etməyə başlayır. Belə çıxır ki, danışıqlar gedir, tənzimləmənin yekun variantı isə nəzərdən keçirilmir”.

Bunu beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalist araşdırmaları” “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov Oxu.Az-a açıqlamasında Azərbaycan və Ermənistan liderləri arasında Soçidə baş tutan dünənki danışıqların yekunlarını şərh edərkən deyib.

Həmin müsahibəni təqdim edirik:

- Prezident İlham Əliyev Vladimir Putinlə görüşündə Ermənistan-Azərbaycan nizamlanmasından danışıb Qarabağ münaqişəsinin artıq həll olunduğunu bildirib. Nikol Paşinyan isə diqqəti daha çox Qarabağa, sülhməramlılara yönəldib, nəqliyyat dəhlizlərinin açılması ilə bağlı anlaşılmaz vədlər verib (onun tərəfindən nə qədər belə öhdəliklər götürüldüyünü saymaqla bitməz) və eyni zamanda konsepsiyaları dəyişib. O, nəqliyyat əlaqələrinə nəzarət edilməsi əvəzinə deyib ki, Rusiya sərhədçiləri sadəcə olaraq razılaşmaların icrasına nəzarət edəcəklər...

- Prezident İlham Əliyev Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə rəsmi Bakının təklif etdiyi, tərəflərin 2020-ci və 2021-ci illərdə imzaladığı üçtərəfli bəyanatlarla tam üst-üstə düşən beş prinsipdən danışıb. Nikol Paşinyan isə Ermənistanda baş verənlər fonunda söz oyunu oynamağa, faktları təhrif etməyə başlayır. Belə çıxır ki, danışıqlar gedir, tənzimləmənin yekun variantı isə nəzərdən keçirilmir. Erməni tərəfinin bu cür yanaşması ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını gözləmək çətindir.

Azərbaycanın əvvəlki razılaşmalara əsaslanan öz aydın mövqeyi var. Erməni yanaşması isə alt-üst olub. Prezident İlham Əliyev bildirib ki, Qarabağ məsələsi, prinsipcə, müzakirə edilməməlidir, hazırda sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi gündəmdədir. Vladimir Putin həm Azərbaycanın, həm də Ermənistanın fikrini anlayışla qarşılayır. Amma mən hələ də təsəvvür edə bilmirəm ki, İrəvanı normal danışıqlar prosesinin əsas axarına necə qaytarmaq olar.

Əslində, bu yaxınlarda Praqada keçirilən görüşdə Azərbaycana İrəvanın sülh müqaviləsi imzalayacağı vəd edilmişdi. Sonra yenə oyunlar başladı, Avropa və Fransa hərəsi “yorğanı öz tərəfinə çəkməyə” başladı. İndi deyəsən, Soçidə sülh prosesinin təminatçısı ilə görüş keçirildi və o, Ermənistanla Azərbaycanı barışdırmaq üçün maksimum səy göstərdi. Amma hələ ki real nəticələr görmürəm. Müzakirələr üçün təkliflər irəli sürülür. Eyni zamanda aydındır ki, İrəvanın yanaşması Bakı üçün qətiyyən qəbuledilməzdir. Rusiya Federasiyasının mövcud vəziyyətdən yola çıxaraq hansı addımlar atacağını bilmirəm.

- Vladimir Putinlə Nikol Paşinyan arasında keçirilən görüşdə Rusiya lideri bəyan edib ki, Qarabağ münaqişəsinə nə vaxtsa son qoyulmalıdır. Öz növbəsində Prezident İlham Əliyev, sizin də qeyd etdiyiniz kimi, Qarabağ münaqişəsinin başa çatdığını bildirib və əlavə edib ki, bu mövzu müzakirə edilməməlidir (belə də oldu)...

- Mən burada hər hansı hiyləgərlik görmürəm. İrəvanın öz mövqeyi var, Bakının öz mövqeyi. Nəticədə Rusiya Azərbaycanla Ermənistan arasında manevrlər edir. Rusiya dövlət başçısı İrəvanın dialoqdan sərt şəkildə imtina etməməsi üçün belə deyib. Vladimir Putin Paşinyanı “qorxutmamaq” üçün Ermənistan baş nazirinə bildirib ki, Qarabağ münaqişəsinə son qoymaq lazımdır. Söhbət ondan gedir ki, əvvəllər imzalanmış müqavilələri yerinə yetirmək lazımdır.

İlham Əliyev isə Putinə bildirib ki, Qarabağ münaqişəsi bitib və bu, Bakının aydın mövqeyidir. Amma Ermənistan-Azərbaycan münasibətlərini tənzimləmək üçün sülh müqaviləsi lazımdır, mən indi Qarabağdan danışmıram, burada hər şey aydındır. Ona görə də dialoqu saxlamaq çox vacibdir.

- Mövzunu davam etdirəcəyəm. Nikol Paşinyan bildirib ki, Azərbaycan qoşunlarının Qarabağdakı Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasından çıxarılması İrəvan üçün vacibdir. Yəni o, Azərbaycanın Silahlı Qüvvələrinin Azərbaycanın elə öz ərazisindən çıxarılmasını tələb edib. Bəli, bu və “erməni gündəmi”nin digər bəndləri Soçi görüşündən sonra yekun bəyanata daxil edilməyib, lakin cəhdin özü təəccüb doğurur.

- Buna kim razı ola bilərdi ki? Heç kim. Bu, sadəcə onu göstərir ki, Ermənistan hələ ki sülh yolu ilə tənzimləməyə hazır deyil, öz oyununu oynamağa çalışır və ən əsası, Qərb tərəfdaşlarına arxalanır. Aİ-nin, ATƏT-in bütün bu Qərb missiyalarının Azərbaycanla sərhədə yaxın Ermənistan ərazisində olması təsadüfün nəticəsidirmi? İrəvan dialoq görüntüsü yaradaraq qarşıdurma yolunu davam etdirir. Mənə elə gəlir ki, Ermənistan vaxtı uzadır və nəyisə gözləyir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri