30 
Noy
2022
16:20
15
153
3194
Virtual karabakh

Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər: Bəs Fransa nə istəyir? - TƏHLİL

30 Noy, 2022
16:20
3194

Tokayevin Putinlə görüşündəki “gözəgörünməz”lər: Bəs Fransa nə istəyir? - TƏHLİL

Qazaxıstandakı sonuncu prezident seçkisindən qalib çıxan Kasım-Jomart Tokayev ilk xarici səfərini Rusiyaya etdi və Kremlin divarları arasında həmkarı Vladimir Putinlə danışıqlar apardı.

Tokayev Rusiyanın Ukraynadakı müharibəsinə görə Moskvaya dəstək göstərmir və bu, Kremldən Astanaya istiqamət alan təhdidlərin yaranmasına gətirib çıxarır.

Rusiya ötən aylarda Qazaxıstan neftini Avropaya daşıyan neft kəməri əməliyyatlarını müvəqqəti dayandırmışdı, bunun ardınca isə xüsusi təlimat alan siyasi çevrələr Moskvanın işğal siyahısında növbəti yerdə Qazaxıstanın olması barədə hədələr səsləndirdilər.

Ancaq məharətli Tokayev oyun qurmağı bacarır, Qərblə Rusiya arasındakı tarazlığı saxlamaq xəttinin Qazaxıstanın təhlükəsizliyi üçün həyati əhəmiyyətli olduğunu dərk edir.

Yəni Tokayev nə qədər Rusiyaya qarşı küləklər əsdirsə də, Astana təhlükəsizlik qayğıları səbəbi ilə Rusiyanın çətiri altındakı plakatları üstün tutur, Qazaxıstan liderinin seçkidən sonra ilk səfərini Moskvaya etməsi də bunun əyani sübutu kimi qiymətləndirilməlidir.

Rusiya ilə Qazaxıstanın birgə maraqları enerji dəhlizləri, təhlükəsizlik sferasında birləşir, amma Ukraynadakı müharibənin gedişatı və Moskvanın qazanclarını xərcləməsi Tokayevin fərqli şüura keçidi üçün mərhələdir.

Bununla belə, ikili əlaqələrdəki iplər qırılmayıb, Putin də həmin bağların çürüməməsindən ötrü Qazaxıstanı əlində tutmağı bacarmalıdır.

Rusiya Ukraynada indiki period üçün strateji məğlubiyyətə düçar olmasa da, onun taktiki biabırçılıqları iqtisadi gücünün aşınmasını da kəskinləşdirir.

Putin üçün Tokayevin səfəri güc itkilərinin bərpası, dərinləşən siyasi təcriddə boşluqda qalmamaq baxımından böyük bir tutuma malikdir.

Çünki Qazaxıstan Türkmənistanla yanaşı, Mərkəzi Asiyanın neft gücüdür, Çin, Qərb və Türkiyə ilə dərinləşən əlaqələrə sahibdir. Qərbin və Çinin ölkədə investisiyalarının həcmi şişdikcə isə Rusiya Astananı itirmək təhlükəsi ilə üzləşir.

Putin Kreml üçün qarışıq bir vəziyyətdə Astananı itirmək yox, əksinə, onun mövqeyindən və şaxələnən siyasətindən fayda qoparmaq istəyir, məsələn, Astana hansısa mərhələdə Moskvanı gizli kanallar vasitəsilə hansısa maddiyyatla təmin edə bilər.

Tokayev balansa dair təəssüratları saxlamaq məqsədilə Qərbin bir parçası olan, lakin Moskva ilə isti münasibətlərə malik Fransaya səfər edib və Emmanuel Makronla masa arxasına əyləşib.

Qazaxıstanın Qərb, Rusiya, yoxsa Çinə inteqrasiya şüuru ilə inkişaf edib-etməməsi Fransa üçün maraqlı deyil, Parisi maraqlandıran özünün Hind-Sakit okean regionunda sıxışdırılmasının qarşısını almaqdır.

Mümkündür ki, Rusiya ilə Fransa oyun qurub regionda ABŞ-Britaniya tandeminin sıxışdırılmasına, Mərkəzi Asiyaya nisbətdə isə Qazaxıstanın yerini özlərinə tərəf sürüşdürməyə nail olmaq üçün məxfi tədbirlər planı hazırlasınlar.  

Bu mənada Qazaxıstanın yerləşdiyi coğrafiya Fransa üçün də cəlbedicidir və Parisi düşündürən digər bir nüans Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində Ermənistana yerini göstərməsidir. Bu, Parisin İrəvana olan sevgisini bütün parametrlər üzrə göstərməsinə əngəllər deməkdir.

Makron bağlı qapılar arxasında Tokayevdən Ermənistana dəstək verilməsini rica edə və bunun qarşılığında hansısa şirnikləndirici vədlər verə bilər, ancaq Tokayev çox ehtiyatlı, siyasi tədbirliliyi olan adam kimi Parisin hissi davranışlarını əsas tutmaz.

Tokayevin Parisə səfəri zamanı Fransa-Qazaxıstan strateji tərəfdaşlığını yeni mərhələyə keçirəcək danışıqlar aparılmasına baxmayaraq, Tokayev uzunmüddətli perspektivi hesabladığından Parislə hesablaşmaq məcburiyyətində deyil.

NƏTİCƏ: Rusiya Ukraynadakı müharibənin nəticələrini gözləmədən ehtiyatı əldən verməmək üçün Mərkəzi Asiyadakı nüfuzunun dairəsini Qazaxıstan vasitəsilə geniş saxlamaq istəyir.

Qazaxıstan Rusiyaya qarşı Qərbin kampaniyasına qoşulmasa da, Moskva əleyhinə bir sıra tədbirlər kompleksinə dəstək verir və siyasətindəki tarazlığı Avro-Atlantik məkanın xeyrinə dəyişdirmək istəyir.

Hər iki lider – istər Putin, istərsə də Tokayev çox ehtiyatlıdır, Kreml başçısı Qazaxıstanın “Moskvanın vitrinindən düşməsindən”, ikinci isə Moskvadan gələ biləcək təhdidlərdən ehtiyat edir.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri