12 
Dek
2022
18:07
194
31
1180
Virtual karabakh

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO

12 Dek, 2022
18:07
1180

Ceyhun Bayramov Şərq Tərəfdaşlığı ölkələri XİN başçılarının iclasında çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

Nazirlikdən verilən məlumata görə, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin sədrliyi ilə keçirilən görüşdə Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri və Avropa Komissiyasının Qonşuluq və Genişlənmə məsələləri üzrə Komissarı Oliver Varhelyi də iştirak edib. Tədbir ali nümayəndə Borelin və kommissar Varhelyinin, habelə aidiyyəti struktur bölmələrin rəhbərlərinin çıxışı ilə başlayıb.

İclasda Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək istiqamətləri, regional təhlükəsizlik, Avropa İttifaqı ilə tərəfdaş ölkələr arasında münasibətlərin perspektivləri haqqında müzakirə aparılıb. Görüşdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat-kommunikasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib, ölkəmizin regional nəqliyyat-logistika qovşağı olması vurğulanıb.

Nazir Ceyhun Bayramov çıxış edərək ölkəmizin Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlı olduğunu və Azərbaycan Şərq Tərəfdaşlığını qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ortaq maraqlar və faydalara əsaslanan ikitərəfli Aİ-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm tamamlayıcı mexanizm kimi görməkdə davam etdiyini qeyd edib. Azərbaycan ilə Avropa İttifaqı arasında, enerji və nəqliyyat əlaqələrinin yaradılması, ticarət əməkdaşlığının inkişaf etdirilməsi imkanlarına toxunub.

Nazir, Aİ-nın Azərbaycan üçün ən böyük ticarət və investisiya tərəfdaşı olduğunu və 18 iyul 2022-ci il tarixində Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə enerji təhlükəsizliyinin bir sıra komponentlərini, o cümlədən, “yaşıl enerji”nin Avropaya potensial ixracı baxımından əhəmiyyətli olacağını vurğulayıb. Həmçinin, Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqların uğurla davam etdiyi bildirilib.

Nazir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində inkişaf etməkdə olan nəqliyyat qovşağının, o cümlədən Zəngəzur dəhlizinin regional sülh və davamlılıq üçün müsbət rol oynayacağını və regiondaxili ticarətə təkan verəcəyini vurğulayıb.

Görüş zamanı nazir Ceyhun Bayramov Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sərhədlərin delimitasiyası, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş məlumat verib. Nazir, Azərbaycan tərəfindən sülhün təmin olunması sahəsində səylərə baxmayaraq, Ermənistanın hələ də Üçtərəfli bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmədiyini diqqətə çatdırıb.

Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib. Ermənistanın Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirməkdə davam etdiyi vurğulanıb.

Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olubmuş 2728 piyada əleyhinə mina aşkar edildiyi, indiyə qədər 268 nəfərin mina qurbanı olduğu bildirilib. Minaların Azərbaycan ərazisinə gətirilməsinin yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsi olduğu diqqətə çatdırılıb. Problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstəyin mühüm əhəmiyyət daşıdığı nazir tərəfindən qeyd olunub.

Azərbaycan münaqişədən sonrakı genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işləri ilə yanaşı, Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində də təşəbbüs göstərdiyini bildirən nazir Azərbaycanın Ermənistana dövlət sərhədləri daxilində bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı tanınma və hörmət əsasında sülh təklif etdiyini vurğulayıb.

Daha sonra, digər Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri, eləcə də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri çıxış edərək tərəfdaşlığın perspektivləri barədə danışıblar.

16:59

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqı Şərq Tərəfdaşlığı Xarici İşlər Nazirlərinin görüşündə çıxış edib.

Oxu.Az xəbər verir ki, C.Bayramovun səsləndirdiyi bəyanatda deyilir:

“Ali nümayəndə Cozef Borel,

Komissar Oliver Varhelyi,

Hörmətli həmkarlar,

İlk növbədə, bugünkü nazirlər səviyyəsində görüşün təşkilinə görə öz minnətdarlığımı bildirirəm. Bu görüş Şərq Tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək fəaliyyəti ilə bağlı açıq və səmimi fikir mübadiləsi üçün faydalı fürsətdir.

Şərq Tərəfdaşlığı iştirak edən bütün tərəflərin ortaq mənsubiyyəti və məsuliyyətinə əsaslanır. Bu fakt, sözügedən təşəbbüsün gələcək inkişafı ilə bağlı işimizi bundan sonra da istiqamətləndirməlidir.

Azərbaycan Şərq Tərəfdaşlığını Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafı üçün qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, ümumi maraq və faydalara əsaslanan mühüm yardımçı mexanizm kimi görməkdə davam edir.

Aİ bizim ən böyük ticarət və investisiya tərəfdaşımızdır. Aİ ilə Azərbaycan arasında 2022-ci ilin iyul ayında imzalanmış Anlaşma Memorandumu təbii qazın sabit və əlverişli şəraitdə nəqli, həm də Avropaya potensial “yaşıl enerji” ixracı baxımından əhəmiyyət kəsb edir. Biz, həmçinin Azərbaycandan Avropaya “yaşıl enerji” ixracı üzrə tərəfdaşlarımızla çalışırıq və yaxın günlərdə nəzərə çarpacaq addım gözləyirik.

Azərbaycan və Aİ, həmçinin Aİ-nin Azərbaycanda İqtisadi və İnvestisiya Planının həyata keçirilməsi üzərində işləyir və bu, layihəyönümlü əməkdaşlığın yaxşı nümunəsidir. Yüksək səviyyəli birgə işçi qrupunun ilk iclası ötən həftə Bakıda keçirilib.

Aİ ilə Azərbaycan arasında yeni ikitərəfli saziş üzrə danışıqlar davam edir və bu gün nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçiriləcək.

Bölgədəki nəqliyyat və kommunikasiya əlaqələri kontekstində Transxəzər Şərq-Qərb Orta Dəhlizin geniş iqtisadi və investisiya imkanlarını və Azərbaycandan keçən tranzit axınlarının 2022-ci ildə 70% artdığını qeyd etmək istərdim. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində formalaşan nəqliyyat qovşağı, o cümlədən Zəngəzur dəhlizi regional sülhün və dayanıqlığın təmin olunmasında müsbət rol oynayacaq, bölgədə ticarətin inkişafına töhfə verəcək.

Əziz həmkarlar,

Azərbaycan post-münaqişə dövründə bərpa, yenidənqurma və reinteqrasiya üzrə genişmiqyaslı işlərə başlayıb. 2023-cü ildə bu məqsədlər üçün dövlət büdcəsindən 1,8 milyard dollar vəsait ayrılması tutulub.

Bu il yeddi yüz minə yaxın məcburi köçkünün qayıdışını özündə ehtiva edən “Böyük qayıdış” proqramının praktiki başlanğıcı olaraq yeni tikilmiş Ağalı kəndinə ilk sakinlər qayıdıblar.

Azərbaycan, həmçinin post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə yaşayan erməni əsilli vətəndaşlarını onların bütün Azərbaycan vətəndaşları ilə eyni hüquq və azadlıqlara sahib olmasına zəmanət verməklə yenidən cəmiyyətimizə inteqrasiya etmək niyyətindədir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası mühüm hüquqi baza təmin edir. Azərbaycan hökuməti ilə yerli etnik erməni sakinlər arasında dialoqun və təmasların genişləndirilməsi dinc birgə yaşayışın təmin edilməsinə istiqamətlənib, prosesin təşviq edilməsi və dəstəklənməsinə ehtiyac var.

Azərbaycan ərazilərinin mina və digər partlayıcı maddələrlə kütləvi şəkildə çirklənməsi post-münaqişə dövründə aparılan işlər üçün əsas təhdiddir. Azərbaycan mina təmizləmə sahəsində Aİ-nin humanitar yardımını yüksək qiymətləndirir. Bununla belə, problemin miqyasını və ciddiliyini nəzərə alaraq, onunla mübarizədə beynəlxalq həmrəylik və dəstək mühüm əhəmiyyət daşıyır.

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın imzalanmasından bəri 268 azərbaycanlı mina partlayışlarının qurbanı olub, onlardan 45 nəfər vəfat edib, 223 nəfər yaralanıb. Mina qurbanlarından 9-u uşaq və gənc, 1-i qadın, 3-ü KİV nümayəndəsidir.

Gündəlik əsasda artan insan itkisinə məhəl qoymayan Ermənistan minalanmış ərazilər haqqında tam və dəqiq məlumat paylaşmaqdan imtina edir. Habelə, Ermənistan Azərbaycan ərazilərində kütləvi şəkildə yeni minalar yerləşdirir.

Bu ilin avqust ayından etibarən Azərbaycanın suveren ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş 2728 piyada əleyhinə mina aşkar edilib. Bu yaxınlarda yerləşdirilmiş Ermənistan istehsalı olan minaların olduğu sahə artıq Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin rəhbərliyi, eləcə də Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşeləri tərəfindən yoxlanılıb.

Sülh quruculuğuna hədə törədən və müharibə cinayəti hesab olunan minaların davamlı şəkildə yerləşdirilməsi 30 illik münaqişədən sonra barışıq istiqamətində aparılan səylərə xələl gətirir.

Minaların Azərbaycan ərazisinə gətirilməsi yalnız humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın dəhlizindən sui-istifadə edilməsidir.

Hörmətli həmkarlar,

Müharibənin və işğalın dağıdıcı nəticələrinə və yaralarına baxmayaraq, Azərbaycan Ermənistana iki dövlətin sərhədləri çərçivəsində bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınması və hörmətinə əsaslanan sülh təklif edib.

Cari il ərzində Aİ Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi münaqişədən sonrakı normallaşma prosesinə təkan verdi. Bu xüsusda, Brüsseldə keçirilən üçtərəfli görüşlər məhsuldar oldu. Azərbaycan bu formatı dəstəkləməyə davam edir və bundan sonra da bu istiqamətdə qarşılıqlı fəaliyyətə hazırdır.

Qərəzsizlik və bitərəflik, beynəlxalq hüquqa ciddi hörmət və tərəflərin razılığı hər hansı bir vasitəçilik və ya yardım təşəbbüsünün əsasını təşkil edir və bu prinsiplərə hər vəziyyətdə riayət olunmalıdır.

Avqustun 31-də keçirilmiş Brüssel görüşünün mühüm nəticələrindən biri olaraq imzalanacaq sülh müqaviləsinin mətni ilə bağlı ikitərəfli danışıqlar başladı. Noyabrın 7-də Vaşinqtonda Ermənistan xarici işlər naziri ilə görüşdən sonra Azərbaycan Ermənistana yenidən baxılmış təklifləri təqdim etdi. Danışıqların növbəti mərhələsinin yaxın həftələrdə baş tutacağı gözlənilir.

Bu xüsusda, Azərbaycanın yanaşması aydın və ardıcıl olmaqla yanaşı beynəlxalq hüquqa əsaslanır. İmzalanacaq sülh müqaviləsi Azərbaycan və Ermənistanın iki bərabər suveren dövlət kimi hüquqlarını təmin edəcək və dövlətlərarası münasibətlər ilə bağlı ümumi maraq və ya narahatlıq doğuran bütün məsələlərin həlli üçün zəmin yaradacaq.

İkitərəfli danışıqlarda dinamizmin artmasına baxmayaraq, əldə edilən irəliləyiş kifayət qədər məhdud olaraq qalır, çünki Ermənistan keçmiş imitasiya təcrübəsini davam edir. Ermənistan dövlətlərarası normallaşmanın hər üç əsas istiqaməti, yəni sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməyə davam edir.

Ermənistan hələ də öz qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Eyni şəkildə, Ermənistan kommunikasiya əlaqələrinin bərpasını süni şəkildə gecikdirir, o cümlədən Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin olunmasından imtina edir.

Bunun əvəzinə, sentyabrın ortalarında delimitasiya olunmamış dövlət sərhədi boyunca təxribatdan sonra Ermənistan normallaşma gündəliyini pozmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasına başladı.

Ermənistanın revanşist davranışının təşviqində müəyyən üçüncü tərəflərin rolu da ciddi narahatlıq doğurur, çünki bu, Ermənistanı hərbi təxribatları və döyüş ritorikasını gücləndirməyə sövq edir.

Xanımlar və cənablar,

Yaşadığımız mürəkkəb dövr Şərq Tərəfdaşlığının öz fəaliyyətini tərəfdaş dövlətlərin ehtiyac və maraqlarına uyğunlaşdırmasını zəruri edir.

Ümid edirik ki, Aİ-nin Cənubi Qafqaza yanaşması regionda yaranan ehtiyac və prioritetlər nəzərə alınmaqla yeni situasiyaya uyğunlaşdırılacaq.

Təşəkkür edirəm.

14:26

Brüsseldə Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb.

Bu barədə Azərbaycan XİN məlumat yayıb. 

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrelin sədrliyi ilə keçirilən toplantıda ittifaqın qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyi də iştirak edir.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak edir. Nazir iclasda çıxış edir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri