31 
Yan
2023
11:48
111
21
1554
Virtual karabakh

Əmr Eldib: “Azərbaycan və Misir prezidentləri qlobal vəziyyətin “nəbzini tuturlar” - QAHİRƏDƏN MÜSAHİBƏ

31 Yan, 2023
11:48
1554

Əmr Eldib: “Azərbaycan və Misir prezidentləri qlobal vəziyyətin “nəbzini tuturlar” - QAHİRƏDƏN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birləşmiş Millətlər Təşkilatı bir çox məsələləri həll etmək iqtidarında deyil. Məsələn, götürək illərlə uzanan və ancaq hərbi-siyasi yolla həllini tapan Ermənistan-Azərbaycan münaqişəsini. Fələstin məsələsi var ki, hələ də havadan asılı vəziyyətdədir və BMT heç nə edə bilmir”.

Bu barədə misirli politoloq Əmr Eldib Misir Prezidenti Əbdülfəttah əs-Sisinin ölkəmizə səfəri zamanı Azərbaycan dövlətinin başçısı İlham Əliyevin BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyi məsələsini qaldırmasını Oxu.Az-a şərh edərkən deyib.

Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən BMT-nin ünvanına çoxlu tənqidlər səslənir:

“BMT Təhlükəsizlik Şurasında vetodan istifadə məsələsi var. Dünyanın yalnız beş ölkəsi bu hüquqa malikdir - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa. Bu vəziyyəti ədalətli hesab etmək olmaz. Azərbaycan və Misir prezidentlərinin söhbəti zamanı bu mövzunun qaldırılmasını düzgün hesab edirəm. Bu o deməkdir ki, İlham Əliyevlə Əbdülfəttah əs-Sisinin BMT-nin yenidən formatlaşdırılması ilə bağlı ümumi baxışları var”, - deyə o bildirib.

Politoloq bu işdə nüvə silahına malik olan və Təhlükəsizlik Şurasında iştirak iddiası ilə çıxış edən Hindistan kimi böyük bir ölkənin bu prosesə kömək edəcəyi ehtimalını irəli sürüb.

“Misir prezidenti Cənubi Qafqaza səfərdən əvvəl Hindistana getmişdi. Ola bilsin ki, orada BMT məsələsi də müzakirə olunub. Misir və Hindistan əhali və coğrafi yerləşmə baxımından öz bölgələrində əhəmiyyətli ölkələrdir”, - deyə ekspert vurğulayıb.

Əmr Eldib, bununla belə, dünyada mövcud vəziyyətin BMT-də yumşaq islahat aparmağa imkan vermədiyini də qeyd edib:

“Ukraynada müharibə gedir. Faktiki olaraq və bunu əminliklə demək olar ki, Rusiya ilə Qərb, həmçinin ola bilsin ki, Qərblə Çin arasında hərbi münaqişə var”.

Misirli siyasətçi ÇXR-in müharibədə iştirak etməməsinə baxmayaraq, bu dövlətin adının hallanmasına aydınlıq gətirib:

“Pekin Moskvanın müttəfiqi ola bilər, bu, Çin sədri Si Cinpinin Rusiyaya mümkün səfərindən sonra bəlli olacaq, artıq hazırlıqlar gedir (Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr üzrə komissiyasının rəhbəri Van İ Si Cinpinin Rusiyaya səfərinin hazırlanması ilə bağlı məsələləri müzakirə etmək üçün fevralda Moskvaya getməlidir - red.). Bu səfər nəticəsində beynəlxalq aləmdə vəziyyət hər kəsə aydın olacaq. Rusiya Federasiyası ilə ÇXR arasında hərbi saziş imzalanarsa, bu, BMT Təhlükəsizlik Şurasının və indiki formada Birləşmiş Millətlər Təşkilatının özünün mövcudluğunun sonu demək olacaq”.

Onun sözlərinə görə, böyük qlobal sarsıntılardan sonra hər zaman yeni dünya nizamı, yeni beynəlxalq təşkilatlar yaranır, mövcud tendensiyalar davam edərsə, o zaman ya yeni qlobal struktur yaranacaq, ya da BMT yenidən strukturlaşdırılacaq ki, bu da yenilənmiş təşkilatın yaranması demək olacaq.

“Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan və Misir prezidentlərinin bu məsələni qaldırması çox düzgün addımdır. Bu o deməkdir ki, onlar qlobal vəziyyətin “nəbzini tuturlar” və bu, çox vacibdir. Ümid edirəm ki, biz dünya üçün düzəlməsi mümkün olmayan nəticələrə səbəb ola biləcək hadisələri yaşamadan BMT-nin yenidən formatlaşdırılmasına gələcəyik”, - deyə Əmr Eldib sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri