Fev
2023
15:11
371
11
5608
Virtual karabakh

Zəlzələdə həlak olan azərbaycanlının cənazəsinin ölkəyə gətirilməsi üçün tədbirlər görülür - YENİLƏNİB + FOTO

8 Fev, 2023
15:11
5608

Zəlzələdə həlak olan azərbaycanlının cənazəsinin ölkəyə gətirilməsi üçün tədbirlər görülür - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarına yardım göstərilməkdədir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, həm Azərbaycan XİN-də, həm Türkiyədəki Səfirliyimizdə, həm də baş konsulluqlarda yaradılmış Operativ Qərargah qaynar xətt nömrələrinə daxil olan yüzlərlə müraciəti cavablandırır və araşdırır.

“Daxil olan məlumatlar əsasında zərərçəkmiş vətəndaşlarımızın siyahıları tərtib olunur. Bununla bağlı Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ali Təhsil Şurası və digər dövlət qurumları ilə də əməkdaşlıq həyata keçirilir.

Eyni zamanda, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Təxliyə prosesinin problemsiz həyata keçirilməsi məqsədilə səfirliyin və səfirlik nəzdindəki Hərbi Attaşelik aparatının bir qrup əməkdaşı zəlzələ bölgəsinə ezam olunub.

7 fevral 2023-cü il tarixində zəlzələdən zərər çəkmiş vilayətlərdən beş avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə Gürcüstan üzərindən Azərbaycana yola salınıb. Bu gün də çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər bir nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Bünyatova Nailə Aydın qızının vəfatı barədə məlumat alınıb. Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür. Allah rəhmət eləsin!” – deyə məlumatda bildirilir.

09:50

“Ötən gündən 201 nəfərə yaxın vətəndaşımız təxliyə olunub”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. 

Onun sözlərinə görə, hazırda təxliyə prosesi davam edir:

“Avtobuslar hazırda yoldadır və Gürcüstan sərhədinə çatırlar. Bu gün ərzində nə qədər vətəndaşımız oradan təxliyə edilib, bu barədə hələ ki bizdə tam məlumat yoxdur”.
 
O qeyd edib ki, təxliyə olunanlar arasında üç-dörd nəfər Türkiyə vətəndaşı da var.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarından Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 və Elbistan ərazisində baş verən 7,6 bal gücündə iki zəlzələ nəticəsində 5 894 nəfər həyatını itirib, 34 810 nəfər yaralanıb.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri