27 
Mar
2024
22:20
11
266
1679
Virtual karabakh

Qərbi Azərbaycan Xronikası: “Daşnaklar türkləri Oxçu məscidində diri-diri yandırıblar” - VİDEO

27 Mar, 2024
22:20
1679

Qərbi Azərbaycan Xronikası: “Daşnaklar türkləri Oxçu məscidində diri-diri yandırıblar” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə erməni daşnaklarının qırğınlar törətdiyi, əhalisinə divan tutduğu Qafan rayonu haqqında süjet hazırlanıb.

“Njde və Andranikin Qafan qətliamı” adlı süjetdə ermənilərin tarix boyu çirkin niyyətlərindən, eləcə də Qərbi Azərbaycan torpaqlarını qəsb etmək məqsədilə azərbaycanlıları zaman-zaman köçürmələrə məruz qoymasından və türk-oğuz yurdlarına sahib çıxmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycanın Zəngəzur mahalının cənub hissəsində yerləşən Qafan rayonu ərazisində insanlar hələ eradan əvvəl VI əsrdə məskunlaşıblar. Zəngəzurun bu bölgəsi coğrafi və strateji mövqeyinə görə III–IV əsrlərdən başlayaraq bir çox dövlətlərin işğalına məruz qalıb. Qafan rayonunun adı tarixi mənbələrdə 1034-cü ildən başlayaraq Kapan şəklində çəkilir. Bu toponim qədim türk tayfalarından olan peçeneqlərin kapan tirəsinin adı ilə bağlıdır. Qafan rayonunda son zamanlara qədər xarabalıqları qalan Oxçu qalası, Qır qalası, Babək qalası və digər qədim istehkamlar və toponimlər bu yerlərin atəşpərəstlərin məskəni olduğunu bir daha təsdiq edir.

Qeyd olunur ki, bu ərazidə azərbaycanlı əhali hələ 1905-ci ildə ermənilərin təcavüzünə məruz qalıb:

“Qatar, Oxçu kəndləri tam darmadağın edilib, Oxtar, Dovrus, Qaraçimən, Şəhərcik, Şabadin, Gığı və Kurud kəndlərində yaşayan soydaşlarımız Azərbaycanın ayrı-ayrı bölgələrinə köçürülüb. 1918-ci ildə daşnak Qaregin Njde Andranik Ozanyanla birləşib silahlı dəstələrlə Zəngəzurun, o cümlədən Qafanın azərbaycanlı əhalisinin bir hissəsini məhv edib, bir hissəsini isə didərgin salıb və dinc əhaliyə divan tutub. Azərbaycanlıları guya barışıq elan etmək məqsədilə aldadıb Oxçu məscidinə yığaraq od vurub hamısını diri-diri yandırıblar. Nəhayət, 1921-ci ilin iyul ayında ermənilərin təkidi ilə sovet hökuməti tərəfindən Zəngəzur birdəfəlik Ermənistana verilib”.

Diqqətə çatdırılıb ki, Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunub:

“İndiki Ermənistan ərazisində 1930-1995-ci illərdə mövcud olmuş Qafan rayonunun mərkəzi respublika tabeli Qafan şəhəri olub. 1988-ci ildə azərbaycanlılar 40-dan çox yaşayış məntəqəsini məcburən tərk ediblər. Bundan sonra rayon üzrə 31 tarixi yer adları dəyişdirilib. Nəhayət, 1995-ci ildə Qafan, Sisiyan, Meğri, Gorus rayonları ləğv edilib və mərkəzi Kapan şəhəri olan Sünik mərzliyi yaradılıb.

Sonda vurğulanıb ki, yüz illər ərzində Qafanın azərbaycanlılar yaşayan kəndlərinin mənimsənilməsi ermənilərin çirkin simasını və niyyətini bir daha göstərən tarixi reallıqdır:

“Təbii ki, bu çirkin niyyətin puç olması Qərbi azərbaycanlıların doğma yurda qayıdışı ilə baş verəcək. O gün isə uzaqda deyil”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri