29 
Mar
2024
13:24
25
63
539
Virtual karabakh

Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO

29 Mar, 2024
13:24
539

Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir - RƏY + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bəzi dairələr Cənubi Qafqazda gərginliyin davam etməsi üçün Ermənistandan alət kimi istifadə edir.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, müəyyən beynəlxalq dairələr Cənubi Qafqazda gərginliyin davam etməsində maraqlıdır:

“Bu məqsəd üçün Ermənistandan alət kimi istifadə edilir. Xüsusilə Qərb dairələri hansısa vədlər verməklə rəsmi İrəvanı tamamilə öz təsir dairəsinə salmağa çalışır. Bununla da, Rusiya ilə konfrontasiyada olan Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqazda möhkəmlənmək niyyətini ifadə edir. Aprelin 5-də Brüsseldə nəzərdə tutulan Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinkenin konfrans formatında birgə görüşü də bu yöndə atılan növbəti addım hesab edilə bilər”.

Deputat xatırladıb ki, hələ ötən il oktyabrın 5-də Paşinyan və fon der Lyayen Qranadada keçirilən görüşdən sonra birgə bəyanatlarında bu məsələyə toxunublar. O qeyd edib ki, Avropa Komissiyasının sədri, Ermənistanı dəstəkləmək üçün Aİ-ABŞ tədbirinin hazırlandığını deyib:

“Görünən odur ki, artıq belə bir toplantının keçirilməsi konkretləşib. Azərbaycan isə dəfələrlə Avropa İttifaqının, xüsusilə də onun bəzi üzv dövlətlərinin regionumuza münasibətdə müəyyən yanaşmaları və fəaliyyətləri ilə bağlı öz mövqeyini açıq şəkildə ifadə edib. Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi dövlətimiz tərəfindən irəli sürülüb və burada o, münaqişədən sonrakı normallaşmanın bütün məsələlərində hər zaman konstruktiv mövqe nümayiş etdirib. Bundan əlavə, 6 oktyabr 2022-ci il tarixli dördtərəfli Praqa görüşü zamanı delimitasiya edilməmiş sərhədin Ermənistan tərəfi boyunca Azərbaycan və Ermənistan arasında etimadın yaradılmasına töhfə verməsi güman edilən 40 nəfər mülki monitorinq ekspertindən ibarət qısamüddətli Avropa İttifaqı Monitorinq Potensialının yerləşdirilməsinə razılıq verilməsi Azərbaycan tərəfindən xahiş olunub. Təəssüf ki, ilkin ikiaylıq müddətdən sonra Azərbaycanın razılığı olmadan bu qrup uzadılmış müddət və daha çox müşahidəçi sayı ilə Aİ-nin Ermənistandakı Missiyasına çevrilib. Bu missiya o vaxtdan etibarən anti-Azərbaycan təbliğat aləti kimi fəal şəkildə istismar edilməkdədir”.

Milli Məclis üzvünün sözlərinə görə, başda Fransa olmaqla Ermənistanın hərbiləşdirilməsinə yönəlmiş və daha böyük hərbi təchizatlara dair yeni vədlərin də yer aldığı kampaniya ciddi narahatlıq doğurur:

“Aİ-nin digər bir üzvü Yunanıstanın bu yaxınlarda Ermənistanla hərbi əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı bəyanatları buna sübutdur. Bundan əlavə, Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi planları və aprelin 5-də keçiriləcək toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur və regionda sülh quruculuğu səylərinə xələl gətirir”.

F.Yıldırım vurğulayıb ki, ümumiyyətlə, Ermənistandakı revanşist əhvali-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst mövqe erməni tərəfini yeni hərbi təxribatlara sövq edə bilər:

“Əvvəlcədən açıqlanmasa da, Brüsseldə keçiriləcək görüşdə məqsəd faktiki olaraq hərbi paktdan gedir və bu pakt regionda sabitliyin və sülhün bərqərar olmasına qarşı yönəlib. ABŞ və Avropa regionumuzu yeni qeyri-sabitlik və fəlakətə sürükləməyə çalışır. Məqsəd Qafqazda ikinci Ukrayna ssenarisi və ikinci cəbhənin açılmasıdır. Bütün bunlar isə qəbulolunmazdır”.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri