29 
Apr
2024
18:00
112
9
693
Virtual karabakh

Bakı və İrəvan arasında vasitəçilik cəhdi: sülh Azərbaycanın səylərini dəstəkləməklə mümkündür - ŞƏRH + FOTO

29 Apr, 2024
18:00
693

Bakı və İrəvan arasında vasitəçilik cəhdi: sülh Azərbaycanın səylərini dəstəkləməklə mümkündür - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Ermənistan və Azərbaycan arasında uzun müddətdir ki, vasitəçiliyə cəhd edir. Hələ XX əsrin sonlarında iki tərəf arasında münaqişə başlayandan bəri rəsmi Vaşinqton müxtəlif səviyyələrdə baş verən proseslərin iştirakçısı olmağa çalışırdı. Lakin bütün bunların heç bir praktik nəticəsi olmayıb.

Ağ Ev bu gün də, yəni Qarabağ məsələsi tamamilə həllini tapandan sonra da belə cəhdlər edir. Məqsəd bu və ya digər formada Cənubi Qafqazdakı təsir gücünü göstərməkdir. Vaşinqton zaman-zaman Bakı ilə İrəvan arasındakı müxtəlif proseslərə münasibət bildirir. Bununla da sanki “mən də varam” demək istəyir.

ABŞ dövlət katibi Antoni Blinken aprelin 28-də əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyan, sonra isə Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışdı. Bu müzakirələrin əsas mövzusu iki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiya məsələləri idi.

Telefon danışığı zamanı Paşinyan Azərbaycanla sərhədin delimitasiya prosesini müsbət qiymətləndirib. Bununla yanaşı, qaldırılan problemlərin həlli üçün mümkün olan hər şeyin ediləcəyinə əminliyini bildirib. Qeyd edilib ki, Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədin delimitasiyası Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına yol açır.

Məlum olduğu kimi, aprelin 19-da Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Həmçinin, iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi prosesi ilə bağlı razılıq əldə olunub. Artıq proses başlayıb.

Sual yaranır, ABŞ həqiqətən delimitasiya prosesinin başlanmasından məmnundur? Öncə onu deyək ki, bu razılıq birbaşa təmaslar nəticəsində əldə olunub. Vaşinqton isə bütün imkanları ilə İrəvanı idarə etməyə çalışır. ABŞ nə ATƏT-in keçmiş Minsk Qrupunun həmsədri kimi, nə də İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə regional sülh və sabitliyə praktik şəkildə heç bir töhfə verməyib. Bütün nəticələr rəsmi Bakının hərbi və diplomatik səyləri nəticəsində əldə olunub. Bununla belə ABŞ böyük güc və ciddi təsir imkanına malik bir ölkə kimi həqiqətən regionda sabitliyin təmin olunmasını istəsəydi, bunu çoxdan bacarardı. Amma rəsmi Vaşinqtonun sülh istiqamətində ciddi səyləri müşahidə olunmadı. Bu isə o deməkdir ki, A.Blinkenin N.Paşinyanla telefon danışığı zamanı səmimi olması sual altındadır.

ABŞ dövlət katibinin Prezident İlham Əliyevlə telefon danışığında da oxşar məsələlər barədə danışılıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır. Prezident sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib. Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan olduğunu xatırladan Prezident İlham Əliyev Bakının sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Ölkə lideri əlavə edib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir.

Əlbəttə, demarkasiya prosesinin başlanması Bakı ilə İrəvan arasında qarşılıqlı etimad mühitinin yaranması üçün mühüm əhəmiyyətə malikdir. Bu, həm də onu deməyə əsas verir ki, Ermənistan və Azərbaycan heç bir vasitəçi olmadan da razılığa gələ bilirlər. Əldə olunan son razılıq da göstərdi ki, əslində, nə Ermənistanın, nə də Azərbaycanın üçüncü tərəfin vasitəçiliyinə ehtiyacı var.

Azərbaycan regional sabitlik və əməkdaşlıq mühitinin təmin olunması, həmçinin Ermənistanla yekun sülh sazişinin imzalanması üçün cəhdlərini bundan sonra da davam etdirəcək. Bunu Prezident İlham Əliyev də Blinkenin diqqətinə çatdırıb. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycan bunun üçün lazımi siyasi iradəyə malikdir. Əgər Ermənistan sülh istəyirsə, Paşinyan hakimiyyəti də siyasi iradə nümayiş etdirməlidir. Üçüncü güclərin “çaldığına oynamaq” heç bir halda İrəvan üçün faydalı deyil. Çünki istənilən üçüncü güc ancaq öz maraqlarını düşünür. Reallıq budur ki, regionun və ya Ermənistanın taleyi nə ABŞ-ni, nə də digərlərini maraqlandırır. Tarix də bunu sübut edib.

Çətin məsələlər geridə qalıb. Ermənistan və Azərbaycanın artıq birbaşa təmasları var. Proses uğurla davam edir. Odur ki, daha vasitəçiyə ehtiyac yoxdur. Əgər ABŞ həqiqətən prosesə töhfə vermək istəyirsə, onda bunun üçün əməli addımlar atmalıdır. Ermənistanın “başının altına yastıq qoymaq”la sülh prosesinə töhfə vermək olmaz. Bu mənada, Vaşinqton bilməlidir ki, Bakı üçün sözlər yox, əməllər əhəmiyyətlidir.

Onu da nəzərə alaq ki, sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı məhz Azərbaycandır. Ancaq həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ bu səylərə dəstək verməlidir. Əgər belə olarsa, ən qısa vaxtda tarixi uğura - Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinə nail olmaq mümkündür.

“Report” İnformasiya Agentliyi  

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri