30 
Dek
2019
11:30
59
23
3543
Virtual karabakh

İlyas Əfəndiyev Beynəlxalq Fondu 2020-ci ilə yeni sosial layihələrlə qədəm qoyur

30 Dek, 2019
11:30
3543

İlyas Əfəndiyev Beynəlxalq Fondu 2020-ci ilə yeni sosial layihələrlə qədəm qoyur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bizim redaksiyamızın qonağı maliyyə eksperti, İlyas Əfəndiyev Beynəlxalq Fondunun icraçı direktoru Kamilla Əliyevadır.

Xoş gördük, Kamilla xanım. Təxminən bir ildir ki, İlyas Əfəndiyev Beynəlxalq Fondunun icraçı direktoru seçilməyiniz münasibətilə bizim mətbu orqanımıza müsahibə vermişdiniz. Çox yaxşı xatirəmizdədir ki, o zaman Fondun 2019-cu il üçün nəzərdə tutulan planlarından danışdınız. Maraqlıdır, onlardan hansıları həyata keçirilib?

- Qeyd etməliyəm ki, bir il əvvəl planlaşdırdığımız fəaliyyət və layihələrdən hazırda ayrı-ayrı xarici ölkələrdə filiallarımız vasitəsilə  fəal şəkildə konkret sosial-humanitar layihələrin işlənilməsi və təşviqi üzrə tədbirlər həyata keçirilir. Bu olduqca çətin, mürəkkəb və həyata keçirilməsi müəyyən zaman tələb edən sahədir. Çünki bu istiqamət maliyyə-investisiya texnologiyaları əsasında və fondrayzinqin innovativ modellərindən istifadə etməklə maliyyə mənbələrinin aktiv axtarışı və əlaqələndirilməsi ilə bağlıdır.

Bəs növbəti ildə Fondun nə kimi planları var?

- 2020-ci il təşkilatımıza beynəlxalq fəaliyyəti çərçivəsində müxtəlif tədbirlər və layihələrlə zəngin olacağını vəd edir. Lakin beynəlxalq layihələrin təfərrüatlarına keçmədən, sizə Azərbaycanda həyata keçirilməsi planlaşdırılan layihə haqqında məlumat vermək istərdim.

Çox maraqlıdır. Bizə məhz vətəndaşlarımız üçün nəzərdə tutulan layihədən danışın.

Bu, vətəndaşlarımızın bir sıra sosial problemlərinin həllinə yönəlmiş bir layihədir. Layihənin başlanması 2020-ci ilin birinci yarısında Bakı şəhər qəsəbələrinin birində və konkret olaraq Hövsan qəsəbəsində və ona yaxın ərazidə planlaşdırılır.

Layihə pilot xarakteri daşıyır və bir neçə mərhələdən ibarət olacaqdır. Sözügedən ərazidə Fond öz şöbəsini açaraq, əhalinin sosial problemlərinin monitorinqini aparacaq və ərazi sakinləri pulsuz hüquqi yardımdan yararlana biləcəklər. Son monitorinqimizin nəticələrinə görə, bu ərazidə su təchizatı və kanalizasiya sistemində müəyyən problemlər var. Bunu nəzərə alaraq, biz artıq bəzi xarici şirkətlərlə danışıqlara başlamışıq. Onlar da öz növbəsində bu problemi həll etmək üçün kifayət qədər əlverişli həll üsulları təklif edirlər. Ümid edirik ki, gələn ildən başlayaraq bu istiqamətdə müəyyən nəticələr əldə edə biləcəyik. Eyni zamanda yeni doğulan uşaqlar və onların anaları üçün də nəzərdə tutulmuş layihəni xüsusilə qeyd etmək istərdim. Fond tərəfindən “Körpə səbəti” layihəsinə start veriləcəkdir.

Layihənin təfərrüatlarını öyrənə bilərik? Bu layihənin mahiyyəti nədir?

- “Körpə səbəti” yeni doğulmuş körpə və anası üçün 25 fərqli ləvazimatdan, o cümlədən uşaq bezi, yorğan, paltar, uşaq baxımı məhsulları və digər zəruri əşyalardan ibarətdir. Bu səbət həmin ərazidə qeydiyyatda olan və övladını orada dünyaya gətirmiş hər bir anaya pulsuz veriləcəkdir.

Bu səbəti necə əldə etmək olacaq?

- Səbəti Fondun Hövsan qəsəbəsindəki şöbəsinə müvafiq sənədlər, məsələn yaşayış üzrə qeydiyyat və doğum haqqında şəhadətnamə və doğum haqqında arayış təqdim etməklə almaq mümkün olacaqdır. Fondun şöbəsinin açılması, yuxarıda qeyd etdiyim kimi gələn ilin birinci yarısına planlaşdırılır. Daha ətraflı məlumatı açıldıqdan sonra birbaşa şöbədə əldə etmək mümkün olacaqdır.

Düşünürəm ki, qarşıdan gələn Yeni il bayramları öncəsi bu çox yaxşı xəbər oldu. Sizə layihələrinizin icrasında uğurlar arzu edirik.

- Təşəkkür edirəm. Mən də, öz növbəmdə sizi və bütün redaksiyanızı qarşıdan gələn Yeni il münasibətilə təbrik edirəm! Onu da qeyd etmək istərdim ki, bu yalnız başlanğıcdır. Ümid edirik ki, gələcəkdə layihənin coğrafiyası daha da genişlənəcək, məhz ona görə artıq bu layihəni ölkə ərazisində həyata keçirmək üçün müvafiq dövlət qurumları ilə danışıqlara başlamışıq.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri