Dek
2014
02:09
382
40
32115
Virtual karabakh

Elnur Hüseynov sindromu

2 Dek, 2014
02:09
32115

Elnur Hüseynov sindromu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yaxud o əjdahadan bizdə niyə yoxdur?

Əgər bugünkü gecənin Elnur Hüseynovun olduğunu söyləsək, çoxlarınız razılaşarsız – heç də yanılmarıq.

Azərbaycanın Eurovision təmsilçisi Elnur Hüseynov uzun illər fasilədən sonra yenidən böyük səhnəyə qayıtdı – bu dəfə qardaş ölkədə yayımlanan “O ses Türkiye” mahnı yarışmasında. 

Elnurun bu yarışmada möhtəşəm, bütün jüri üzvləri, tamaşaçıları heyran etmiş çıxışı, gözəl səs imkanları barədə danışmaq istəmirəm - əminəm ki, çoxlarınız verilişə, sonradan sosial şəbəkələrdə elə bizim də aktiv yaydığımız videogörüntüləri izləmisiz.

Mənim diqqəti çəkmək istədiyim əsas məqam… Burada “Bəyin oğurlanması” filmindən bir sitat gətirmək yerinə düşərdi – “Axı o əjdahadan bizdə niyə yoxdur?”. Axı niyə bizdə, Azərbaycan teleməkanında “O ses Türkiye” səviyyəsinə çata biləcək bir mahnı yarışması – sənət yarışması yayımlanmır? 

Bu tipli verilişlərin Azərbaycan teleməkanında yayımlanan variantlarını izlədikdə yalnız pafos, artıq şan-şöhrət, naz-qəmzə görürsən, sənət yox. Ümumiyyətlə, son illər ərzində ilk dəfə idi ki, mən Türkiyə telekanalında mahnı yarışması izlədim – Elnura görə. Son illər ərzində heç zaman Azərbaycan telekanallarında hansısa verilişə görə gecəni oyaq qalmamışam. Dəyərli bir mövzu, dəyərli bir qonaq olmayıb.

Bəs “O ses Türkiye”nin jüriləri… Bircə anlıq təsəvvür edin ki, Elnur Hüseynov Azərbaycan teleməkanında yayımlanan verilişlərdən birində çıxış edir – bu gecə olduğu kimi mükəmməl ifa, səs və sair. Amma mən əminliklə deyə bilərəm ki, siz oradakı bizim jüri heyətinin üzündə Türkiyədə olduğu qədər səmimiyyət görməyəcək, dillərindən dəstək sözü eşitməyəcəksiz. Qəribə tendensiyadır… İstedadlarımız var. Amma bir vaxtlar istedadları hesabına sənətdə yüksəlmiş sənət adamlarımız bu gün onların qarşısında sipər olub, zamanla istedadlarını itirib, istedadsızlaşıblar, və bu gün irəli getmək istəyən, musiqimizi inkişaf etdirib dünya bazarına, dünya arenasına çıxarmaq istəyən gənclərə dəstək yox, onların yolunda bir qaya parçası, dağ olurlar.

Əslində vəziyyət doğurdan da çox acınacaqlıdır. Bir özünüzə sual verin – bu gün Azərbaycanı dünya arenasında, dünya səviyyəsində təmsil edəcək hansı musiqiçimiz var? Xalq mahnısı, etnik musiqi bura aid deyil. Əlbəttə, Azərbaycan muğamı, Azərbaycanın xalq mahnıları dünyada öz sözünü demiş, gözəl incəsənət nümunələridir. Amma söhbət dünya sakinlərinin az bir qisminin başa düşdüyü etnik musiqidən deyil, daha çox insanların asan qavradığı, uzaq Yaponiyadan, ABŞ-dan yaxın İran, Gürcüstan, Türkiyəyədək ölkələrdə rahat anlaşılan pop musiqisi janrında ifaçıdan gedir. Kim var? Hansı azərbaycanlı müğənni qonşu ölkədə konsert vermək üçün dəvət aldı? Söhbət orada yaşayan azərbaycanlıların dəvətindən söhbət getmir. Yəqin razılaşarsız ki, ölkəmizə dəvət alan rusiyalı yaxud ukraynalı müğənniləri  Azərbaycanda yaşayan ruslar və ukraynalılar dəvət etmirlər – onları bura ad-sanları, qazandıqları uğurlara görə çağırırlar. Bəs bizdən kim Rusiyada yaxud Ukraynada böyük konsert verdi, mahnıları dillər əzbəri oldu? Bəlkə də barmaqla sayılacaq qədər musiqiçilərimiz var bu baxımdan.

Biz hamını qınayırıq, hər şeyi qınayırıq, amma özümüz kənarda. Başqalarının gözündə axtarıb tapmadığımız çöp qalmadı, amma öz gözümüzdəki tirlər bizi kor etməkdədir. Gənc istedadlarımıza dəstək olmayıb, bu gün onların Türkiyədə qazandığı uğurlara sevinirik. 

Və düşünürəm ki, Elnurun timsalında Azərbaycan gənclərinin xaricdə belə çıxışları onlar üçün uğurlu həyata açılan qapıdır. Axı bizim cəmiyyətdə nadir hallarda istedad qiymət verilir – birinci yerdə puldur, toylarda ödənilən qonorardır. Əgər sən toy üslubunda mahnılar oxuya bilmirsənsə - burada sənə yer yoxdur. Digər tərəfdən, mən inanmıram ki, Azərbaycanda hansısa sənət adamı Ebru Gündeş kimi Elnura dəstək ola bilsin – söhbət səmimi, qərəzsiz dəstəkdən gedir. Bizim görə bilmədiyimiz istedadı türklər o saat kəşf etdilər, və həmin Ebru Gündeş eyni statuslu azərbaycanlı həmkarlarından fərqli olaraq, heç zaman Elnuru özünün kölgəsi kimi yetişdirməyə çalışmayacaq, onun sözlərindən hiss olunurdu gənc ifaçıya qanad vermək, onu yüksəltmək eşqi. 

Bu ölkəyə Maral Tahirqızı lazımdır – sosial şəbəkələrdə bu gün ən çox yazılan şərhlərdən biridir… 

Həsən Zadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri