31 
Dek
2021
19:01
56
225
4723
Virtual karabakh

Mədinə Abdullayeva: “Mən ümumiləşdirilmiş bir obrazam” - MÜSAHİBƏ + FOTO

31 Dek, 2021
19:01
4723

Mədinə Abdullayeva: “Mən ümumiləşdirilmiş bir obrazam” - MÜSAHİBƏ + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci il həm də koronavirus pandemiyasının səngiməsi ilə yadda qaldı. Bu zaman uzun müddət toylardan, konsertlərdən uzaq qalan müğənnilər fəallaşdı.

Bəs son ildə şou-biznes aləmində nələr baş verdi? İnsanlar çətin zamanda ulduzlardan gözlədikləri təsəllini ala bildilərmi?

Oxu.Az bu sualları MTV Azərbaycanın tanınmış siması, “TOP-10” verilişinin aparıcısı Mədinə Abdullayevaya ünvanladı.

- Pandemiya dövründə şou-biznes aləmində fəaliyyəti necə qiymətləndirirsiniz?

- Məncə toy biznesinin, kütləvi tədbirlərin pandemiya səbəbindən olmaması artıq şou-biznesdə müəyyən ajiotajlar yaratdı. Nəzərə alsaq ki, peşəkar musiqiçilər istisna olmaqla, yəni mahnıları milyonlarla izləyici tərəfindən dinlənən və gəlirinin böyük bir hissəsini məhz tamaşaçı sevgisindən qazanan sənətkarları nəzərdə tuturam ki, onlar artıq brend hesab olunduqları üçün unudulmaq qorxuları yoxdur. Onun üçün də rahatdırlar.

Digər qrup müğənnilər isə məncə unudulmaq, yox olmaq qorxusu ilə pandemiya zamanı təşvişə düşüb müxtəlif yollara əl atdılar ən birincisi də qalmaqala.

- Karantinin yumşaldılması şou-biznesdə canlanmaya gətirib çıxarıbmı? Bu nədə hiss olunur?

- Qaydaların yumşaldılması peşəkar insanlarda heç bir dəyişiklik yaratmadı, çünki pandemiya qaydaları çərçivəsində iş görmək istəyənlər öz fəaliyyətini dayandırmadı, klipini də çəkdi, mahnısını da yazdı, hələ onlayn konsert də verdi.

Əlbəttə hamı üçün müəyyən qədər maddi çətinliklər yarandı, amma hal hazırda yumşalmaların ən böyük faydası toy müğənniləri üçün oldu. Hətta bəzi müğənnilər öz toy qiymətlərində rekord sayda qiymət artımı da etdilər. Vətəndaş da əvvəllər toyuna 1000 nəfər çağırıb o pulu rahat ödəyə bilirdisə indi müəyyən miqdarla qiyməti tənzimləməyə çalışır.

Əslində mən müğənni deyiləm və bəlkə də bunları vurğulamağım düzgün deyil, amma digər tərəfdən də nəzərə almalıyıq ki, mən efirdə xalqın fikrini çatdırmaq üçün ümumiləşdirilmiş bir obrazam.

- Bu yaxınlarda Türkiyədə ən yaxşı aparıcı kimi mükafat aldınız. Bu gözlənilməz oldumu?

- Çox dəyərli mükafatdır və buna görə çox sevinirəm. Məşhur insanların yer aldığı bu mükafatlandırma məni qürurlandırdı.

“Türkiyə Eksklüziv Ödülləri” mükafatı əslində peşə sahiblərinin diqqətdə olduğuna işarədir və müxtəlif illərdə bir çox tanınmış media insanları buna layiq görülüb.

Aparıcılığı çox sevirəm və daim özümü inkişaf etdirməyə çalışıram. Hər kəs öz sahəsində ən yaxşı olmaq istəyir. Bu cür mükafatlar daha çox çalışmaq üçün önəmlidir.

- Siz Türkiyədə tez-tez olursunuz, orada həmkarlarla görüşürsünüz. Nə ilə fərqlənirik? Qardaş ölkənin bu sahədə bizə verəcəyi töhfə nə ola bilər?

- Hər bir insanın irəliləmək üçün müxtəlif imkanlara, fürsətlərə ehtiyacı var. Mənə elə gəlir ki, qardaş ölkə Türkiyə də bizim üçün bir vasitədir. Dünyanın diqqəti orada olduğu üçün rahatlıqla digər ölkələrdə tanınmaq fürsəti tapmış olarıq.

Amma şou-biznes özü böyük bir dəryadır: üzməyi bacarmasan həmin suda yoxa çıxıb, yaddaşlardan silinərsən. Fərqi yoxdur nə qədər çabalamısan - dayandığın an suyun dibinə çökürsən.

Bəli, məncə Türkiyənin ən böyük töhfəsi bizə daha çox tanınmaq üçün fürsət yaratmasıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, əgər istedadlısansa mütləq sənin işini orada yüksək dəyərləndirəcəklər.

- Bizim şou-biznesdə gündəmə gəlmək üçün müxtəlif üsullardan istifadə olunur: qalmaqal, açıq-saçıqlıq və s. Bu nə qədər düzgündür və alternativ məşhurlaşmaq yolları varmı? 

- Deməzdim ki hər kəs bu yola əl atır, bizim çox istedadlı gənc müğənnilərimiz də var. Lakin müəyyən qədər tanınmayan insanların tanınmaq üçün qalmaqala ehtiyacı olduğu aşkardır.

Mənə elə gəlir ki, hər kəs öz çərçivəsində məşhurlaşmağa çalışır və əlbəttə ki müxtəlif yollar çoxdur - baxır kim hansını seçir.

- Ümumiyyətlə, ulduz olmaq nə deməkdir? Bunun sosial məsuliyyəti nədən ibarətdir?

- Hər bir insan öz əhatəsində, ailəsində bir ulduzdur - təkdir. Lakin ulduz olmaq başqa, özünü elə hesab etmək tamamilə fərqli bir anlayışdır.

Bəli, tanınırsansa, sən paylaşımlarına, ətrafındakı insanlara və ən əsası da danışığına diqqət etməlisən, çünki cüzi bir yanlış anlam insanların sənə qarşı hiddətini qaldıra bilər və birdəfəlik karyerana son qoya bilərsən. Ona görə də məncə məsuliyyət böyük və ağırdır.

- Həyatınızda hansı yeniliklər var? Yeni ildə hansı gözləntilər var?

 - Şəxsi həyatımdan danışmağı xoşlamıram. Bunun dedi-qodularla bitəcəyindən ehtiyatlanıram.

Bildiyiniz kimi, uzun müddətdir MTV Azərbaycanda “TOP-10” verilişinin aparıcısı olaraq öz kariyeramı davam etdirirəm. Hazırda yeni layihələr üzərində çalışırıq. Bununla yanaşı, digər kanallardan, hətta başqa ölkələrdən də mənə iş təklifləri gəlir.

Hələ ki başqa kanalla çalışmağı düşünmürəm. Amma layihə olaraq gözlədiyim kimi bir təklif hələ ki yoxdur.

Namiq Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri