May
2017
16:25
37
588
69638
Virtual karabakh

Qəzanı törədən iş adamının 14 yaşlı oğlunun dəbdəbəli həyatı – FOTO + VİDEO + YENİLƏNİB

4 May, 2017
16:25
69638

Qəzanı törədən iş adamının 14 yaşlı oğlunun dəbdəbəli həyatı – FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə adam öldürən şəxsin 14 yaşlı yeniyetmə olması cəmiyyətdə rezonansa səbəb olub. Ağaəli Fərəclinin iş adamı olan atası Füzuli Fərəcov hələ avtomobil sürmə yaşında olmayan oğluna nəqliyyat vasitəsini necə etibar etməsi ilə bağlı sualdan yayınsa da, məsələ həm sosial şəbəkələrdə, həm də mətbuatda gündəm mövzuya çevrilib. Yeniyetmənin bahalı avtomobili ilə Heydər Əliyev prospektində avtoxuliqanlıq etdiyini göstərən videogörüntülər isə məsələni bir az da şişirdib.

Oxu.Az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bakipost.az-a bildirib ki, 14 yaşlı uşağa avtomobil idarəetməni etibar edən şəxs məsuliyyətə cəlb edilməlidir: “Qanunda qeyd edilir ki, sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil idarəetməni etibar edən məsuliyyətə cəlb olunur. 14 yaşlı uşağın valideyni və onun sürdüyü avtomobil var. O avtomobilin kimə məxsus olması araşdırılacaq. Həmin şəxsi də cəzalandırıb, ona protokol tərtib edəcəklər. Ən azından qanunvericilikdə verilən tələblər əsasında məsuliyyət tətbiq ediləcək”.

Vaqif Əsədov hesab edir ki, ictimai qınaq medotlarından da istifadə etmək lazımdır: “O azyaşlının valideynlərinin kim olub-olmamasından asılı olmayaraq təbliğat işlərini genişləndirmək lazımdır. Əlbəttə ki, belə bir hərəkət etirazla qarşılanmalıdır. Kim olmasından asılı olmayaraq, buna don geyindərməyə çalışmayaq. Çünki yayılan videoda sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Təbii ki, aidiyyəti üzrə də tədbir görüləcək”.

Qeyd edək ki, iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli avtomobillə 2 uşaq anası, 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçıb. O, qəzanı 99-BS-999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törədib. 24 yaşlı Xəyalə Məmmədova yerindəcə dünyasını dəyişib.

15:48

Xəbər verdiyimiz kimi, tanınmış iş adamı Füzuli Fərəcovun oğlu Ağaəli Fərəcovun idarə etdiyi “Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı, 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq öldürüb.

Oxu.Az xəbər verir ki, qaynarinfo.az-ın yazdığına görə, “Instagram”da “alik_999” niki ilə qeydiyyatdan keçən avtomobilin sahibi kifayət qədər dəbdəbəli həyatı ilə diqqət çəkir. 14 yaşlı Ağaəli Fərəcov bahalı avtomobilinin və dəbdəbəli həyatının fotolarını öz hesabından mütəmadi olaraq paylaşaraq həyat tərzini nümayiş etdirməkdən çəkinmir.

Onu da qeyd edək ki, hadisədə vəfat edən Xəyalə Məmmədova iki uşaq anası olub.

Sayt iddia edir ki, bir müddət əvvəl Bakıda toy karvanında əks hərəkət edən məhz həmin “Porsche” markalı avtomobil olub.

Oxu.Az mövzu ilə əlaqədar görüntüləri təqdim edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri