İyn
2017
11:44
8
90
10086
Virtual karabakh

Adı cinayət işində hallanan Mircəlal Kazımi: Artıq heç nə demək istəmirəm

6 İyn, 2017
11:44
10086

Adı cinayət işində hallanan Mircəlal Kazımi: Artıq heç nə demək istəmirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan mətbuatında barəmdə yazılanları sizdən öyrəndim. Sözsüz ki, bu məsələ ilə vəkilim məşğul olacaq. Artıq heç nə demək istəmirəm”.

Bu sözlər iki nəfərin ölümü ilə nəticələnən dələduzluq və saxtakarlığa görə Gürcüstanda həbs edilən “Lanset” klinikasının sahibi, doktor Fərman Ceyranovun cinayət işində adı hallanan həkim-cərrah Mircəlal Kazımiyə məxsusdur.

Tanınmış cərrah Oxu.Az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu bildirdi:

“Hər şey araşdırılacaq və mənə qarşı kampaniyanın kimlər tərəfindən aparıldığını hüquq-mühafizə orqanları ayırd edəcək”.

Kazımi barəsində Gürcüstan hüquq-mühafizə orqanlarının Azərbaycan tərəfinə müraciət edib-etmədiyi bəlli deyil. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə də məsələdən məlumatsız olduğunu bildirərək sualı cavablandırmaq istəmədi.

Gürcüstan prokurorluğunun Ceyranovun həbsinə dair yayılmış məlumatında Azərbaycandan dəvət edilmiş və türk kimi qələmə verilən həkimin kimliyi açıqlanmamışdı. Lakin Virtualaz.org sözügedən azərbaycanlı cərrah-transplantoloqun Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi olduğunu iddia edib.

Saytın yazdığına görə, hətta Kazımi iki pasiyentin ölüm faktına görə ötən ildən Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. 2009-cu ildən Mərkəzi Neftçilər Xəstəxanasında cərrah kimi fəaliyyət göstərən Kazıminin xarici ölkələrdə, o cümlədən Gürcüstanda əməliyyat aparması üçün sertifikatı yoxdur. Lakin Kazımi öz briqadası ilə dəfələrlə “Lanset” klinikasında orqan köçürmə əməliyyatları aparıb. Ceyranovla Kazıminin işbirliyi birincinin Gürcüstana köçməsindən sonra başlayıb. Ceyranov pasiyentlərə Kazımini türkiyəli mütəxəssis kimi təqdim edib. Mircəlalın Türkiyədə təhsil alması və xəstələrlə türk dilində danışması da pasiyentlərin aldadılmasında rol oynayıb. 

Xatırladaq ki, Tiflisdə fəaliyyət göstərən “Lanset” klinikasının sahibi Fərman Ceyranov saxlanılıb. Onun həbsinə səbəb sahibi olduğu klinikada 2016-cı ildə qanunsuz qaraciyər transplantasiyasının keçirilməsi və üstəlik də əməliyyatın uğursuz alınması olub; xəstə dünyasını dəyişib. 

Ceyranov Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsi (dələduzluq) ilə günahlandırılır. Gürcüstan İctimai Televiziyası cinayət işində iki nəfərin adının keçdiyini açıqlayıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, klinikada icazəsiz əməliyyatlar keçirildiyinə görə bir müddət əvvəl “Lanset”in lisenziyası geri alınıb. 

Fərman Ceyranov

Gürcüstan prokurorluğunun Fərman Ceyranovn həbsi ilə bağlı yaydığı rəsmi açıqlamada Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu bildirilib.

Açıqlamada deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan cərrah-transplantoloq dəvət edib, hansı ki, onun heç bir tibb sahəsi üzrə Gürcüstan sertifikatı olmayıb. Bundan sonra təqsirləndirilən şəxs pasiyentləri klinikaya cəlb etmək üçün sosial şəbəkələrdə və telekanallarda belə məlumat yayıb ki, guya klinikaya transplantologiya üzrə Türkiyədən həkim-mütəxəssis dəvət olunub, həmin mütəxəssis klinikada qaraciyər problemlərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr təşkil edir. 2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya müraciət edib.

Klinikada pasiyentlərə bildiriblər ki, onların qaraciyər transplantasiyasına ehtiyacı var, ölkədə isə Türkiyədən olan mütəxəssis-transplantoloqlardan ibarət qrup fəaliyyət göstərir, guya həmin qrup dəfələrlə uğurlu qaraciyər nəqli həyata keçirib. Pasiyentlərdən biri klinikanın direktoruna 99 min lari (41 min dollar) ödəyib, ikincisi isə borc müqaviləsi bağlayıb və müqaviləyə görə 2016-cı il aprelin 10-a qədər klinikaya 40 min dollar ödəməli idi. 

Gürcüstan Baş Prokurorluğunun məlumatından bildirilir ki, əməliyyatların keçirilməsinə qədər “Lanseti” MMC-nin direktoru Fərman Ceyranov pasiyentlərə, donorlara və onların ailə üzvlərinə qaraciyər nəqli ilə bağlı risklər haqda məlumat verməyə borclu idi. Habelə əməliyyat barədə transplantologiya Şurasını məlumatlandırmalı, qara ciyər nəqli üçün icazə almalıydı. Lakin o, bunları etməyib. 

Qaraciyər nəqli üçün birinci əməliyyat klinikada 2016-cı il martın 3-də, ikincisi martın 8-də keçirilib. Hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb. Faktla bağlı böyük məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə cinayət işi qaldırılıb.

Bu maddələr üzrə 6 ildən 9 ilə qədər həbs nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkara çıxarılması istiqamətində işləyir. Fərman Ceyranovun qaraciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir.

Zülfiyyə Qurbanova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri