10 
Fev
2018
17:10
57
427
16362
Virtual karabakh

Bayılda sürüşmə: 4 ev dağılıb – FOTO + YENİLƏNİB

10 Fev, 2018
17:10
16362

Bayılda sürüşmə: 4 ev dağılıb – FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.

O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı.  Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və  sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su  verilməsi dayandırılıb”.

A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir.  FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə  işləyir, məsələni aydınlaşdırır.

Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.

Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda  dərinləşmə 5-6 metrə çatıb”.

16:31

Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bayıl sürüşmə zonasındakı əraziyə baş çəkib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, icra başçısı ərzidə yaşayan sakinlərlə görüşüb.

Görüş zamanı mübahisə düşüb. İcra başçısı vəziyyətlə tanış olub və sakinlərin hamısının ərazidən köçürülməsi ilə bağlı tapşırıq verib. Ə.Əzizov həmçinin sakinlərin əşyalarının daşınmasına yardım olunmasını da tapşırıb.

Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.

E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.

Qeyd edək ki, Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınıb. Hadisə nəticəsində bir neçə evə ciddi ziyan dəyib, elektrik dirəkləri aşıb. Fövqəladə Hallar Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri ərazidədirlər.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri