21 
İyn
2018
13:49
168
60
7589
Virtual karabakh

Əxlaq məsələlərində yalançı vətənşüvənlik keçmir - ŞƏRH

21 İyn, 2018
13:49
7589

Əxlaq məsələlərində yalançı vətənşüvənlik keçmir - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heç bir insanın geyim tərzinə, ümumən şəxsi həyatına müdaxilə edilə bilməz və edilməməlidir.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva deyib:

“Biz hüquqi, demokratik, dünyəvi, unitar, çağdaş və sivil bir ölkədə yaşayırıq. Bütün hüquqlarımız Konstitusiya ilə, müvafiq demokratik qanunlarımızla tənzimlənir və qorunur.

Konstitusiyamızda, qanunlarımızda insan hüquq və azadlıqlarına hər hansı müdaxilə kobud qanun pozuntusu sayılır və buna görə müvafiq cəzalar, sanksiyalar nəzərdə tutulur.

Bu baxımdan, insanların geyim tərzinə, şəxsi həyatına müdaxilə qanun pozuntusu və cinayət sayılır. Kimsənin belə məsələlərə qarışmağa haqqı və hüququ yoxdur.

Geyim, şəxsi həyatla bağlı məsələlərdə hər kəs sərbəstdir, azaddır. Axı, biz quldarlıq və ya feodalizm quruluşunda, şəriət qanunları ilə idarə olunan bir ölkədə yaşamırıq ki?! Biz linç dövrünün insanları deyilik ki?!

Biz kifayət qədər açıq, şəffaf, modern, demokratik, sivil bir dövlətdə, quruluşda yaşayırıq. Belə bir dövlətdə geriliyin, cahilliyin, savadsızlığın əlamətləri olan bu kimi hallardan uzaq olmalıyıq”. 

Millət vəkili qeyd edib ki, belə məsələlərdə milli mentaliteti, əsrlərdən üzü bəri gələn gözəl adət-ənənələrimizi, dəyərlərimizi nəzərə almaq lazımdır:

“Unutmamalıyıq ki, biz hansı dəyərlərin sahibi olan xalqın, uca Türk millətinin nümayəndələriyik. Bizim millət, bizim xalq, xüsusilə də xanımlarımız hər zaman öz abır-həyası, isməti, zövqlü, xanım-xatın geyimi ilə seçiliblər, necə deyərlər, həm daxili, həm zahiri gözəllikləri ilə fərqləniblər.

Yəni, Azərbaycan xanımları öz daxili gözəlliklərini xarici gözəlliklərinə, zövqlü geyim, ləyaqətli yaşam tərzlərinə transformasiya edə biliblər, gözəlliklərinə əlavə gözəlliklər qatıblar. Ona görə bu cür məsələləri daha çox mənəvi qanunlar tənzimləməlidir, yoxsa, durub hər kəsin başının üstündə bir əxlaq polisi dayanmamalıdır ki?!

Onda biz nə olarıq? Biz öz kökümüzdən, öz ruhumuzdan kənar olmarıqmı, öz dəyərlərimizə, keçmişimizə xəyanət etmərikmi?! Biz milli-mənəvi dəyərləri olan müasir, sivil millətin nümayəndələriyik və bunlara da xələl gətirməməliyik”.

Millət vəkili Eldəniz Səlimov son günlər bəzi media quruluşlarında və sosial şəbəklərdə az qala əsas gündəm mövzularından birinə çevrilən geyim tərzi ilə bağlı məsələlər ətrafında əsassız və sadəcə, saxta vətənpərvərlikdən irəli gələn fikirlərin səslənməsindən narahatlığını ifadə edib:

“Bəziləri özlərini əsl vətənpərvər, əxlaq, tərbiyə mücəssəməsi kimi təqdim etməyə, insanlara şəxsi həyat tərzləri, geyimləri ilə bağlı nələrisə təlqin etməyə, dizayn etməyə çalışırlar. Axı, onlara kim belə bir ixtiyar verib? Onlar bu hüququ kimdən və haradan alıblar? Nə haqla başqalarının geyiminə, şəxsi həyatına müdaxilə edirlər? Özlərində hər şey yerindədirmi?

Özlərinin geyimlərində, əxlaq-yaşam tərzlərində kifayət qədər problem olanlar başqalarına sanki əxlaq, insanlıq dərsi keçirlər. Axı, siz kimsiniz? Sizin nə ixtiyarınız var ki, haqqınız və əsasınız olmaya-olmaya başqalarına yön, dizayn verməyə çalışırsınız?

Təbii ki, hər kəs fikirlərini bildirə, düşüncələrini bölüşə bilər, amma hər şey etik dəyərlər, normalar çərçivəsində olmalıdır, söyüş, təhqir, şantaj, az qala insanları intihar həddinə çatdırma kimi hallar olmamalıdır.

Bunlar insanlıqdankənar və cinayət əməlləridir. Bunun qanunlarla tənzimlənən cəza formaları var. İnsanlar niyə bunları bilə-bilə belə əməllərə yol verirlər?

Bilmirlərsə, o zaman başqalarının geyim, həyat tərzinə müdaxilə etməkdənsə, özlərini daha ağıllı, daha əxlaqlı və sair göstərməyə çalışmaqdansa, zəhmət çəkib qanunlarımızı, həm də dünyaya örnək ola biləcək mənəvi qanunlarımızı, dəyərlərimizi öyrənsinlər.

O zaman bilərlər ki, başqalarının geyiminə, yaşayış tərzinə qarışmaq nə qədər ayıb və qanunsuzluqdur.

Əlbəttə, bir Azərbaycan-Türk kişisi olaraq mən də cəmiyyətimizdə belə məsələlərdə əndazəni aşmamağın, ölçü-biçini itirməməyin, dəyərləri heçə saymamağın tərəfdarıyam.

Bu düşüncədəyəm ki, geyimimizə, yaşam tərzimizə, davranışlarımza ciddi nəzarət etməliyik, xüsusilə də tanınmış, ictimai əhəmiyyətli insanlar belə məsələlərdə örnək, nümunə olmalı və olmağa çalışmalıdır.

Hətta irad tutanda da elə etməlidirlər ki, kimlərinsə qəlbinə, hisslərinə toxunmasınlar. Belə məsələlərdə yalançı, saxta vətənşüvənlik keçmir və keçməməlidir”.

Kamil HƏMZƏOĞLU
Əsas foto: Vüqar İbadov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri