31 
İyl
2018
16:28
36
471
6156
Virtual karabakh

Nazirlik: Altıağac Milli Parkında yanğın davam edir - FOTO + YENİLƏNİB

31 İyl, 2018
16:28
6156

Nazirlik: Altıağac Milli Parkında yanğın davam edir - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Altıağac Milli Parkının ərazisinə keçən yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hazırda ərazidə tüstülənən ağac kötüklərinin tam söndürülməsi istiqamətində işlər davam etdirilir. 

İlkin hesablamalara əsasən, yanğın təxminən 100 hektar ərazini əhatə edib, əsasən, kol bitkiləri, xəzəl, ot örtüyü, meşənin alt yarusu, qurumuş və yıxılmış ağaclar yanıb.

Yanğının baş verməsində şübhəli bilinən şəxslərin müəyyən edilməsi, qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi istiqamətində Altıağac Milli Parkı tərəfindən müvafiq sənədləşmə işləri aparılıb və hüquq-mühafizə orqanlarına müraciət olunub.

30 iyul, 11:58

Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür.

Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən, əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

29 iyul, 15:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 60-dən çox əməkdaşı hazırda Altıağac Milli Parkının ərazisinə baş verən yanğının söndürülməsinə çalışırlar.

Bunu Oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, Siyəzən rayonunun Köhnə Quşçu kəndinin yaxınlığında biçin sahəsində başlayan yanğın gecə saatlarında başlayan güclü külək səbəbindən Altıağac Milli parkının ərazisinə keçib:

“Nazirliyinin 60-dən çox əməkdaşı FHN-nin yerli qurumlarının əməkdaşlarıyla birgə hadisə yerindədir. Həmin sahəni yandırmaqda şübhəli bilinən şəxslə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək”.

Hikmət Əlizadə qeyd edib ki, hazırda yanğın davam edir:

“Əkin sahələrinin yandırılmaması üçün mütəmadi maarifləndirmə işləri aparılmasına baxmayaraq, hələ də çoxları biçindən sonra sahəni yandırırlar və bu cür  yanğınlar baş verir. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan burda daha çox əl əməyindən istifadə olunur. 2 vertalyot yanğının söndürülməsinə cəlb edilib”.

İlhamə Əbülfət
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri