28 
Sen
2018
17:15
29
129
5327
Virtual karabakh

İcra başçısının itlərlə bağlı şikayəti üzrə - MƏHKƏMƏ

28 Sen, 2018
17:15
5327

İcra başçısının itlərlə bağlı şikayəti üzrə - MƏHKƏMƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər rayon İcra Hakimiyyətin başçısı Gülağa İslamovun rayon ərazisində 300-ə yaxın sahibsiz it saxlayan şəxslə bağlı iddia ərizəsi ilə bağlı məhkəmə davam edib.

Oxu.Az-ın xəbərinə görə, Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Xəzər İcra Hakimiyyətinin nümayəndəsi iddia ərizəsi ilə çıxış edib. 

O deyib ki, cavabdeh Eldar Mansurovun həyətində saxlanan sahibsiz itlərin çıxrılmasını və cavabdehin ev heyvanı saxlamaq hüququndan məhrum edilməsini istəyib: 

“Çünki qonşular bizə şikayətlə müraciət edərək, həmin ərazidə itlərin səsindən və qoxudan narazılıq ediblər. Ərizələrində bildiriblər ki, itlər onların istirahət hüququnu pozur”. 

O, sahibsiz itlərin həmin ərazidən çıxarılaraq, Sahibsiz Heyvanların Qayğı Mərkəzinə göndərilməsini istəyib.

Xəzər rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi isə çıxışında deyib ki, həqiqətən də, həmin ünvanda çoxsaylı sahibsiz itlərin saxlanması ilə bağlı şikayətlərin olması ilə əlaqədar Eldar Mansurova məlumat verilib və akt tərtib olunub.

Cavabdeh E.Mansurov isə çıxış edərək, iddianın əsassız olduğunu deyib və heç bir antisanitariya qaydasının pozulmadığını vurğulayıb: 

“Bildirmək istəyirəm ki, sahibsiz itlərin saxlanılması icra hakimiyyətinin işidir. Lakin onlar bu işi icra etmir. Mən vətəndaş olaraq bu işi öz üzərimə götürmüşəm. Özümə məxsus yaşayış sahəsində bu şəraiti yaratmışam”.

O qeyd edib ki, itlərin həmin ünvanda saxlanılması ilə bağlı konkret olaraq kiməsə ziyan dəyməyib: 

“İddiaçı göstərsin ki, kimsə zəhərlənib və ya qoxudan konkret olaraq kiməsə nəsə olub. Mən yer ayrılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbova və sabiq baş nazirə müraciət etmişik. Lakin müsbət cavab gəlmədi. Dəfələrlə Xəzər rayon İcra Hakimiyyətinə, Mərdəkan Bələdiyyəsinə ərazi ayrılması ilə bağlı müraciət etmişəm. Lakin onlar balanslarında torpaq olmadığını qeyd ediblər”.

Sonra iclasda şahidlər ifadə verib və onlar itlərin səsindən narahat olduqlarını deyiblər. 

Hakim qərarı elan etmək üçün müşavirəyə gedib. 

Proses oktyabrın 1-dək təxirə salınıb. 

Qeyd edək ki, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov iddia ərizəsində qeyd edib ki, Mərdəkan qəsəbəsində bir qrup şəxs icra hakimiyyətinə müraciət edərək, Mansurov Eldar Əbülfəz oğlunun Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, ev 2 ünvanında 300-ə yaxın sahibsiz it saxlaması ilə bağlı məlumat verib.

İddia ərizəsində bildirilir ki, ətrafda narahatlıq və antisanitar vəziyyət yarandığından sakinlərin şikayəti araşdırılıb: 

“İcra Hakimiyyətinin, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin, Bakı şəhər Baş Polis İdarəsinin, Xəzər rayon Polis İdarəsinin, Mərdəkan Bələdiyyəsinin, Gigeyana və Epidemiologiya Mərkəzinin, rayon Baytarlıq sahəsinin və Mərdəkan qəsəbə inzibati ərazi dairəsinin nümayəndələri, Canlı Aləmin Mühafizəsi Alyansının əməkdaşları tərəfindən Eldar Mansurova məxsus həyətə baxış keçirilib.

Baxış zamanı müəyyən edilən saydan artıq itin qonşuluqda yaşayan sakinlərə məxsus fərdi yaşayış evlərinin bilavasitə sanitariya-mühafizə zonasında saxlandığı, buna görə də ərazidən kəskin qoxu və səs-küyün gəldiyi aşkar edilib”.

İcra başçısının qaldırdığı iddia ərizəsində deyilir ki, araşdırmalardan sonra E.Mansurov barəsində İnzibati Xətalar Məcəlləsinin 290.1.1, 290.1.6, 290.2-ci maddələrində nəzərdə tutulan “Ev heyvanlarının saxlanması qaydaları”na uyğun olaraq sahibsiz itlərin yaşayış sahəsindən köçürülməsi tələb olunub: 

“Eldar Mansurov qanunsuz olaraq müvafiq İcra Hakimiyyəti orqanları tərfindən müəyyən edilmiş saydan artıq ev heyvanları saxladığı üçün Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən İXM-nin 290.1.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib”.

Gülağa İslamov Xəzər rayon Məhkəməsində qaldırdığı iddiasında sahibsiz itlərin yaşayış sahəsindən çıxarılmasını və Eldar Mansurovun ey heyvanı saxlamaq hüququndan məhrum edilməsini tələb edib.

Etibar Məmmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri