21 
Noy
2018
16:55
89
42
10881
Virtual karabakh

Yaxta kapitanı: Su soyuq idi, bədənim donurdu - FOTO

21 Noy, 2018
16:55
10881

Yaxta kapitanı: Su soyuq idi, bədənim donurdu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəmi kapitanı olmaq çox çətindir, xüsusən də əgər sən qadınsansa... Bugünkü reportajımız yaxta kapitanları arasında yeganə, gözəl, cazibədar qadın olan Tatyana Srebnaya haqqındadır. 

Dalğalar və külək onun taleyidir

Oxu.Az-ın müxbiri yelkənli qayıq idmanı üzrə Xəzər Dəniz Gəmiçiliyi yanında “Xəzər” idman klubunun məşqçisi, Azərbaycan Dövlət Dəniz Akademiyasının Bədən tərbiyəsi kafedrasının müdiri, bu idman növündə keçirilən respublika və beynəlxalq yarışların qalibi olan qadınla söhbət edib. 

O, akademiyada tələbələrə küləyi ram etməyi və dalğalarla manevrləri öyrədir. Açıq sularda praktiki məşğələlər tədris proqramının vacib hissəsidir. 

Sükan arxasındakı qadın... Onu çoxsaylı yaxtalar arasında seçmək asandır. 

“Bütün həyatım dənizlə bağlıdır. Atam da dənizçi olub. Mən dənizin sahilində yerləşən Bakıda doğulmuşam. Bulvarın yaxınlığında yaşayırdıq. Həyat yoldaşımla dənizdə tanış olmuşam. Bir sözlə, həyatımı Xəzərsiz təsəvvür edə bilmərəm”, - müsahibimiz yaxtanın ağır kanatlarının düyününü açaraq, söhbətə başlayır.

Biz açıq dənizə çıxdıq

“Bax, bu, mənim taleyimdir. Bu, qeyri-adidir. Hamı mənə deyir ki, dənizdə depressiya və ağrını məhv edən sehrli enerji var. Yaxın insanımı itirdiyim dövr olub. Güclü küləyə baxmayaraq, mən həmin günü dənizə çıxdım. Hiss etdim ki, dəniz bütün mənfi enerjimi özünə çəkir. Qayıdanda bir az yaxşı idim. Bunu tək mən demirəm, digər dənizçilərdən də soruşa bilərsiniz. Bu sularda başa düşülməyən və özündə hiss edə bilməyəcəyin nəsə var”, - kapitan bildirib. 

Müsahibəyə qədər bizə məlum idi ki, T.Srebnaya Sevastopolda keçirilən Sovetlər Birliyi donanmalarının idmançıları arasında keçirilən müsabiqədə Azərbaycanı təmsil edən yeganə qadın olub.

Ondan bunun haqqında soruşmaq qərarına gəldik. 

“Xatırlamağı sevmirəm. Karyerama yenicə başladığım vaxtlarda dəniz mənimlə qəddar zarafat etmək qərarına gəlib. Yarış zamanı qayığım çevrilib. Su soyuq idi, bədənim isə donurdu. Çevrilmiş qayığın üzərinə çıxmaq istəyirsən və yenidən sürüşüb suya düşürsən”, - Tatyana deyib. 

O zaman qadını xilas etmək mümkün olub. Çoxları bundan sonra təslim olardı, ancaq qəhrəmanımız yolundan dönməyib. 

Bir il sonra həmin turnirdə azərbaycanlı idmançı qızıl medalın sahibi olub. 

Ən dəyərli təklif

Dənizdə olduğumuz müddətdə Srebnaya müxtəlif hadisələrdən söhbət açıb. Bir dəfə kapitanımız iki köməkçisi ilə fırtınaya düşüb. 

“Beləsini görməmişdim. Düşünə bilməzdim ki, Xəzərdə belə böyük dalğalar ola bilər. Bu, dəhşətli idi. Xəzər mənə hər gün başqa üzünü göstərirdi. Bizim yelkəni endirmək və lövbər salmaqdan başqa çıxış yolumuz yox idi. Bütün gecə sağ qalmaq üçün mübarizə apardıq. Günəşin ilk şüaları ilə külək sakitləşdi və biz qayıtdıq. Yaxta çox pis vəziyyətdə idi. Bütün yelkənlər qırılmış, korpus isə əyilmişdi”, - kapitan xatırlayıb və eyni zamanda, sükanı döndərmək üçün məndən ipdən tutmağımı istəyir. Biz geri qayıdırdıq. 

Bu zaman söhbətimizin əvvəlini xatırladım. Müsahibimiz dənizin insanı sakitləşdirdiyini demişdi. Həqiqətən də, belə hiss var idi ki, elə bil bütün problemlər və qayğılar sahildə qalmışdı.

Bu zaman fotoqrafım sakitcə mənə yaxınlaşır və deyir: “Özümü tam dincəlmiş hiss edirəm”.

Geriyə dönüş zamanı kapitan qadın 10 il əvvəl baş vermiş daha bir maraqlı hadisədən danışır. 

“O zaman gəncliyinə baxmayaraq, Bakıda çox məşhur olan gənc oğlan bizə müraciət etdi. O, ona yaxta sürməyi öyrətməyi xahiş etdi. Hər gün bizim klubumuza gəlir və kater sürməyi öyrənirdi. Nəhayət, bir gün o, öz ideyasını bizə açdı. O, şəhərin digər sahilində yaşayan sevgilisinin yanına üzməli və ona eşq elan etməli idi. Hətta bunun üçün o, gəminin çox dəyərli yelkənlərini qırmızı güllərə dəyişmişdi. Bu, mənim gördüyüm ən gözəl təklif idi. O, həqiqi kapitan kimi qayığını qızın evinin qarşısında idarə edirdi. Onun yaxtasını yüz dəniz mili məsafəsindən görmək olardı. Qız şokda idi. Bütün komandamız bu oğlana azarkeşlik edirdi”, - Srebnaya deyir. 

Yaxtamız dayanacağa yaxınlaşır. Sahildə 10-11 yaşlarında qız dayanıb. O, əlini yellədərək, qışqırırdı: “Tatyana Vladimirovna. Mən gəlmişəm!”

Bu, qəhrəmanımızın şagirdlərindən biri idi. Onun sözlərinə görə, 20 il əvvəl Bakıda bulvar kənarında yaşayan hər kəs yaxta sürməyi bacarmalı idi:

“İnsanlar kütləvi şəkildə klubumuzun təlimlərinə qatılmağa hazırlaşırdı. İndi hər şey kökündən dəyişib. Hazırda dəniz kənarında yaşayanların çoxu nəinki gəmi idarə etməyi, hətta üzməyi bacarmırlar”.

O, gəmini körpünün sol kənarına çəkir və deyir: “Burada dayanacağıq!”

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri