27 
Noy
2018
17:00
134
213
36069
Virtual karabakh

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər - FOTO/VİDEO

27 Noy, 2018
17:00
36069

Zərifə dünya rekordunu necə qırdı: Oğlanların valideynləri məndən şikayət edirdilər - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

1995-ci il martın 30-da Bakıda sadə Hüseynovlar ailəsində balaca qız dünyaya gəlib. Valideynləri körpənin zərifliyinə görə ona Zərifə adı qoyublar. 

Oxu.Az bu azyaşlı qızın qarşısına qoyduğu məqsədlərə heç nəyə baxmayaraq, necə nail olmasının əks olunduğu hekayəni diqqətinizə çatdırır. 

İllər keçir və bu zərif uşağın ağlasığmaz fiziki gücü ortaya çıxır. Uşaq bağçasında və məktəbdə, demək olar ki, bütün həmyaşıdlarının valideynləri ondan şikayət edirlər.

Bəzən o, yuxarı sinifdən olan oğlanlarla dalaşırdı və onların valideynləri Zərifənin anasına şikayət etməkdən utanırdılar. 

16 yaşında qəhrəmanımız hər kəsə qarşı çıxır və kişilərin məşq etdiyi zala yazılır. O zaman üçün bu qeyri-adi idi, ancaq o, hər şeyə rəğmən, əzələlərini gücləndirməyə davam edirdi. 

“Bir dəfə zalımıza əzələli oğlanın gəldiyini gördüm. O, birinci cəhddə 100 kiloqramlıq ştanqla məşq edirdi. Gözlərimə inana bilmirdim. O, növbəti dəfə istirahətə gedəndə həmin ağırlığı qaldırmağa çalışdım. Bu çəkinin öhdəsindən gəldiyimi görən kişi mənə dedi ki, yaxşı gələcəyim var. Ona inandım”, - Zərifə müxbirimizlə söhbətində deyib.

Bu gündən Vüsal Mərdanov adlı şəxs onun şəxsi məşqçisi olub. 

“Mən bir çox kişiləri məşq etdirmişəm, ancaq Zərifənin iradəsi məni təəccübləndirdi. O, gərgin idi, onda anadangəlmə istedad var. Başa düşürdüm ki, hər şeyi düz etsəm, onun haqqında bütün dünya biləcək”, - Zərifənin məşqçisi deyib. 

Bir müddət sonra qəhrəmanımız həqiqi bodibildinqçi kimi görünürdü: əzələlər və zəhmli güc...

“Küçədə hamı mənə yadplanetli kimi baxırdı. Elə vaxt var idi ki, kompleks yaranırdı, ancaq indi başa düşürəm ki, insanların çoxu mənim yaşayış obrazımı başa düşmür. Daha çox problem qarşı cinsin nümayəndələri ilə olur. 

Məhz bu dövrdə Zərifə ilk dəfə sevgi ilə tanış olub. Hər şey normal idi, ancaq vaxt keçdikcə məşqlərə gedəndə sevgilisi inciyirdi. İş o həddə çatdı ki, o, Zərifənin qarşısına seçim qoydu: “Ya mən, ya idman...”, - müsahibimiz bildirib. 

Ancaq başa düşdüyünüz ki, Zərifə idmanı seçir və daha çox məşq etməyə başlayır. 

“Mənim üçün bu ayrılıq ağır idi. Məhz idman mənim stresimi götürürdü. Düşünürəm ki, məhz buna görə də mən Yekaterinburqda keçirilən pauerliftinq üzrə beynəlxalq yarışda iştirak etmək qərarına gəldim”, - müsahibimiz qeyd edib. 

Məşqçi V.Mərdanovdan başqa, heç kəs Zərifənin uğuruna inanmırdı. Onlar ağır məşqlərə başlayır. Nəticədə, Zərifə vətənə qızıl medal ilə dönür. Bu, Azərbaycan qadın pauerliftinqi tarixində yeganə qələbədir.

“Həmin vaxt mən Bakıdakı ofislərdən birində resepşnda çalışırdım. Çempionata icazə alıb getmişdim. Düşünürdüm ki, vətəndə məni gurultulu alqışlarla qarşılayacaqlar. Ancaq belə olmadı. Başa düşə bilmirəm, hansı səbəblərdən adicə “halal olsun” sözünü mən eşitmədim. Bu, bizim üçün üzücü idi. Ancaq ən dəhşətlisi işdə oldu. Qayıdan zaman mənim yerimdə qız oturmuşdu. Məni heç bir səbəb göstərmədən işdən çıxarmışdılar”, - Zərifə deyib. 

Qəhrəmanımız Bakıya qayıdan zaman öz gələcəyini artıq müəyyən etmişdi: o, dünya rekordunu qırmaq istəyirdi. 

Məşqlər rekordun qırılması üzərində gedirdi. O, Azərbaycan birinciliyində iştirak edir. Zərifə çempion olur və Azərbaycanda rekord qırır. Qəhrəmanımız ilk məqsədinə nail olur. 

Azərbaycanda rekord 2017-ci ildə qırılıb. Zərifə Hüseynova 190 kiloqram ağırlığında çəkinin öhdəsindən gəlib. 

Ötən ilin noyabrında Zərifə Moskvada 418 kiloqram çəkinin öhdəsindən gəlməklə dünya rekordunu qırıb. 

Bodibildinqlə ciddi məşğul olan qadın üçün başlıcası canfəşanlıq göstərməməkdir. Formasını saxlayan qadınla avtomobili qaldırmağa hazır olan qız arasında böyük fərq var. Bəzən insanlar bu kimi sərhədlərə fikir vermir. Ancaq xoşbəxtlikdən bizim qəhrəmanımız qadınlığını qoruya bilib. 

“Mən ilk növbədə qadınam. Qadın hissləri, əlbəttə ki, mənə yad deyil. Mən də sevmək və sevilmək istəyirəm. Mən özümdən güclü kişi axtarıram, ancaq hələ tapa bilməmişəm (gülür)”, - Hüseynova qeyd edib. 

Dünyanın ən güclü bodibildinqçisi Arnold Şvartsenegger həmişə deyirdi:

“Həmişə çoxdan başlayın, daha çoxa nail olun və heç vaxt geri baxmayın! Biz həmişə sərhəddən kənara çıxmalıyıq”. 

Bizim qəhrəmanımız olan bu azərbaycanlı qıza heç kim inanmırdı. Ancaq o, dünyada birinci və yeganə olmağı bacardı. Bu gün onun üçün dünya rekordu sərhəd deyil. O, 2019-cu ildə öz rekordunu yeniləmək istəyir.

Ə.Ş.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri