Apr
2019
15:01
103
213
14215
Virtual karabakh

10 milyonuncu uşaq

8 Apr, 2019
15:01
14215

10 milyonuncu uşaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Azərbaycan əhalisinin sayı 10 milyona çatdı. Selektiv abortların tüğyan edən etdiyi cəmiyyətdə 10 milyonuncu vətəndaşın qız uşağı olması çox sevindirici məqamdır. Nə yaxşı ki bu valideynlər ondan imtina etməyib və qəribə səslənsə də, onun dünyaya gəlməsinə imkan veriblər. 

Mən arzu edirəm ki, bu balaca qız doğru-düzgün cəmiyyətdə böyüsün. Qadın olduğu üçün qınanmasın. Atdığı addımlar səhv olsa belə, valideyləri tərəfindən hər zaman dəstəklənsin.

Təhsil alsın, inkişaf etsin, zehni və düşüncəsi müasir dünya ilə səsləşsin. Köhnə fikir və düşüncələrdən azad yaşasın. İstədiyi fikri ifadə edə bilsin. Düşünməyi bacarsın. Biz də cəmiyyət olaraq ləyaqətli insanlar yetişdirək. Övladlarımıza yaxşı ilə pisi seçməyi öyrədə bilək.

Arzu edirəm ki, biz 10 milyonluq ordu olaq. Amalımız və məqsədimiz üçün bir olaq. Və hər gün kiçik addımlarla məqsədə doğru gedək. 

Küçəmizi təmiz saxlayaq, heyvanlara qarşı zorakılıq göstərməyək, zəifi əzməyək, köməyə ehtiyacı olanlara dəstək olaq. Dilimizi, mədəniyyətimizi qoruyaq. Kəsilən ağaclara, sökülən binalara laqeyd qalmayaq. Parklarda əkilən gülləri kökündən qoparıb çıxarmayaq. Ağacların gövdəsində sevgilimizin baş hərfini bıçaqla cızmayaq.

Skamyada oturub çırtladığımız tumun qabıqlarını yerə tökməyək. Avtomobildən, binanın pəncərəsindən küçəyə zibil vızıldatmayaq. Göstərişlə deyil, özümüz nələrisə dəyişməyə çalışaq. Vətəndaş cəmiyyəti formalaşdıraq. Əgər kiminsə hüququ pozulursa, ona yardım edək. Laqeyd olmayaq. Çünki bu dünyada ən dəhşətli şey laqeyd olmaqdır. Və bir gün eyni dərd sənin qapını döyəndə etdiyin laqeydlik də özünə dönəcək. 

10 milyonluq xalq olaraq istərdim ki, özümüzə inanaq, özümüzə hörmət edək, mənfilərimizi görüb onları düzəltməyə çalışaq. Əldə etdiyimiz uğurlarla kifayətlənməyək. İçimizdəki paxıllıq və qısqanclıq hissini bir tərəfə qoyub daha çox çalışaq. İşimizi vicdanla yerinə yetirək. Bir-birimizə qarşı dələduzluq etməyək. Beynimizi təmizləyək. Öz böyüklüyümüzü dərk edək. 

10 milyonuncu qızımıza sağlamlıq və xoşbəxtlik arzulayıram. Qoy, onun arzuları sərhədləri, kainatı aşsın. Hər zaman, hər yerdə azərbaycanlı olduğunu dərk etsin. Və azərbaycanlı olduğu üçün fəxr duysun! Bunu isə artıq biz etməliyik. O, bizdən utanmalı deyil. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri