16 
Apr
2019
16:14
34
110
3222
Virtual karabakh

Şərqə yuxarıdan baxan Qərb

16 Apr, 2019
16:14
3222

Şərqə yuxarıdan baxan Qərb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

“Xaricdə yaşayan sıravi azərbaycanlılar nə üçün vətəndə olduğundan daha azad yaşadıqlarını düşünürlər?”

Bir dəfə sosial şəbəkədə bu suala cavab axtaran kiçik bir yazı qaralamışdım və səbrim arqumentlərin çoxluğuna müqavimət göstərdiyi üçün həmvətənlərimin güzəran “magellançılığına” verdiyim izah qısaca belə idi ki...

Qürbət azadlığı - insanlarımızın getdikləri ölkələrdə heç bir ictimai-siyasi məsuliyyət daşımamalarının, sosial öhdəliklərinin olmamasının nəticəsidir.

Qürbət rahatlığı - market müdirlərindən başqa, kimsənin onları zərurət kimi arzulamamasının, sakini olduqları ölkələrin mənfəətlərinə yarayanlardan başqa yerdə qalanlarının ikinci, üçüncü sort ziyansız insan münasibəti görməsinin nəticəsidir.

Bu azadlıq, bu rahatlıq milli kimlik dərdi olmayanlara hər bir ölkədə bəslənən gizli aşağılanmanın nəticəsidir...

Deyib də özümü baş verən hadisələrə, qəfil qarşılaşdıqları yad fikirlərə özünüqoruma instinkti ilə ilk emosional reflekslə reaksiya göstərənlərin hədəfinə çevirmişdim.

Haradan ağlıma gəlmişdi “bir budaqda oturub min budağı silkələmək” fikri?

Özümün də ailə işləri ilə bağlı üç ilə yaxındır davam edən Türkiyə təcrübəmi və burada yaşayan həmvətənlərim üzərində apardığım müşahidələri bir qırağa qoya bilərəm. Amma bu fikrə gəlməyimdə son illər şöhrəti dünya ilə bir olan Fələstin əsilli Amerika intellektualı Eduard Səidin “Orientalizm: Müstəmləkəçiliyin axtarış istiqaməti” kitabının haqqını dana bilmərəm.

Əvvəlcə ölkəmizdə az tanınan Eduard Səid haqqında: Səid Qüdsdə doğulan bir xristian ərəbidir. Misirdə ingilislərin Britaniyaya bağlı ərəb nəsil yetişdirmək üçün açdıqları müstəmləkə məktəblərində oxuyub. Son oxuduğu Viktoriya kollecində “ingilisləşmədiyini” görən kollec rəhbərliyi onu buradan qovub. 2003-cü ildə dünyasını dəyişən intellektualı nə Şərqdə, nə Qərbdə sevirdilər. Ərəb millətçiləri onu “liberal satqın”, yəhudilər “faşist”, Qərb çevrələri isə “terror professoru” adlandırırdı.

Nə idi Eduard Səidi qərbli olmağa qoymayan şey? Yuxarıda mən ona “gizlin aşağılanma” dedim. Hələ kollec illərindən bu aşağılanmanı sezən Səid yazır ki, 1963-cü ildə Kolumbiya Universitetində dərs deməyə başlayanda məsləkdaşlarım əvvəlcə mənə “ərəb, özü də lap fələstinlisindən” ləqəbini verdilər, sonra bu ləqəbi daha nəzakətli səslənən “Orta Asiyalı” ünvanı ilə dəyişdilər.

Səid uzun illər Qərb və ərəb dünyası arasında ünsiyyət quran bir intellektual olmasına baxmayaraq, seminarlarına sponsorluq edənlərdən şikayətlənir ki, məndən həmişə ədəbi bir mövzu haqqında danışmağımı istəyirdilər, hətta öz xalqımın həyatı uğrunda apardığım mücadilədən danışanda belə onun adının çəkilməsinə ağız büzürdülər: “Fələstin” kəlməsi uzaq durulması gərəkən bir sözcükdü”.

“Gizlin aşağılanma” azadlığına aid daha iki əhvalatı isə Eduard Səidin öz dilindən eşidək.

“Fələstin-İsrail münasibətlərinə aid bir çox seminarda qarşılaşdığım bostonlu bir psixoloq bir dəfə zəng edərək şəhərə gəlib məni ziyarət etmək istədiyini söylədi. Qadın gəlib evə girdikdə gözlərinə inanmayacaq bir tərzdə otağımdakı fortepianoya baxdı. Səsindəki şübhəli bir tonla “Demək, siz, həqiqətən də, piano çala bilirmişsiniz” dedi və geri dönüb bayıra çıxmağa tələsdi. Yol gəldiyini söyləyib bir fincan çay içmək istəyib-istəmədiyini soruşanda, istehzalı bir səslə vaxtının olmadığını, “Sadəcə, sizin necə yaşadığınızı görmək üçün gəlmişdim” dedi və çıxıb getdi”.

“Bir dəfə də başqa bir şəhərdə yaşayan bir naşir onunla şam yeməyinə razılaşana qədər mənimlə imzalanacaq müqaviləyə qol çəkməyi yubatdı. Köməkçisindən mənimlə yemək yeməyin onun üçün niyə bu qədər əhəmiyyəti olduğunu soruşduqda məlum oldu ki, naşir, sadəcə, mənim necə yemək yediyimi gözləri ilə görmək istəyirmiş”.

Səidin yazdığı bu hadisələr kölə alverinin tüğyan etdiyi XV-XVI əsrlərdə baş verməyib, 20-30 ilin söhbətidir.

Demək istədiyim odur ki, Şərq-Qərb münasibətlərinə, sadəcə, alış-veriş mərkəzlərindəki bərabərhüquqluluq pəncərəsindən baxmaq doğru deyil. Düzdür, Eduard Səidə dünya səviyyəli intellektual şöhrətini Qərb bəxş edib, ancaq Qərbin öz şərqli yetirməsinə münasibətini övladlığa götürdüyü uşağı addımbaşı aşağılayan bir atanın hərəkəti ilə müqayisə etmək olar.

Mənə inanmırsınızsa, vaxt olanda Şərqi də, Qərbi də ovcunun içi kimi bilən bu intellektualı – Eduard Səidi vərəqləyin.   

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri