May
2019
14:47
68
168
7738
Virtual karabakh

Fransız pornosu, İran aforizmi, libido qatilləri

7 May, 2019
14:47
7738

Fransız pornosu, İran aforizmi, libido qatilləri

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aqşin Yenisey yazır...

“Dəvələrin səhrada çox sevdiyi bir tikan var. Dəvə tikanı yedikcə ağzı qanayar. Duzlu qanın dadı tikanın dadı ilə qarışar və bu, dəvənin daha çox xoşuna gələr. Dəvə ağzı qanadıqca yeyər, bir növ, öz qanından doymaz... Yaxın və Orta Şərqin adəti budur, tarix boyu bir-birini öldürərlər, amma əslində, özlərini öldürdüklərini anlamazlar. Öz qanlarının dadından sərxoş olarlar”.

Türk yazıçısı Zülfü Livanelinin “Narahatlıq” romanında dəvələrin qidalanmasının timsalında müsəlman şərqlilərin həyatına aid “yapdığı” bu müqayisəni bir balaca genişləndirib Hobbsun dediyi kimi, “hamının hamıya qarşı mübarizə apardığı” cəmiyyətlərə də aid etmək olar. Məsələn, bizim cəmiyyətə.

Nədən bir yerdə yaşaya bilmirik? Bu qədər neqativi haradan, kimdən alıb bir-birimizə ötürürük?

Freydə qədər psixoanalitiklər belə hesab edirdilər ki, insanları cəmiyyət halında yaşamağa vadar edən şey əcdadlarımızdan gələn heyvani instinktlərimizdir. Yəni kaftar ailəsini bir yerdə yaşamağa məcbur edən nədirsə, bizə də cəmiyyət halında yaşamağı diktə edən odur. Freyd bu tezisi rədd etdi. O, ilk dəfə dedi ki, xeyr, bizi cəmiyyət halında yaşamağa səsləyən instinkt yox, libidodur. Yəni cinsi istək. Şairlərin “yalançı” dili ilə desək, sevgi. Freydin bu fikrini fransız rejissoru Albert Kirşner də 1896-cı ildə lentə aldığı “Gəlinin yuxu vaxtı” adlı tarixin ilk pornofilmi ilə təsdiqləmiş oldu.

Freydin analizindən belə nəticəyə gəlirik ki, bizi bir-birimizə bağlayan, cəmiyyət halında yaşamağımızı təmin edən səbəb qarşılıqlı seksual tələbatlardır. Bu tələbat ödənmədikdə, cəmiyyətin hər bir ikinci fərdi əhəmiyyətini itirir, cəmiyyət halında yaşamağın heç bir mənası qalmır və o, cəmiyyətin hər bir üzvünü - özünə lazım olmayan fərdlərdən ibarət bu bivec yığınını əzməyə, dağıtmağa çalışır.

O cəmiyyətlər mütəşəkkil hərəkət edir, ümumi qərarlara hörmətlə yanaşırlar ki, orada hər kəs könüllü olaraq özündə olandan olmayana vermək istəyir. Və bunu ev, maşın, qır-qızıl xatirinə deyil, ümumi libido naminə edir.

Yaşadığımız cəmiyyətdə insanların evdə, küçədə, yolda ikiayaqlı barıt çəlləkləri kimi gəzib-dolaşmasının səbəbi cəmiyyətin əlini, ayağını bir yerə yığan ilahiləşdirilimiş mənəvi-əxlaqi dəyərlərin, sadəcə, libidoya qarşı minalar kimi addımbaşı basdırılmasından irəli gəlir. O şey ki, qarşılıqlı razılıq, Spinozanın, Hobbsun, Lokkun, Russonun təbirincə desək, insanın təbii haqlarına əsaslanan ictimai müqavilə ilə daha rahat həyata keçirilə bilər, biz onu mənəvi-əxlaqi zorakılıq hesabına reallaşdırmağa çalışırıq; hamının narazı olduğu, amma heç kimin etiraz etmədiyi dəyərlər sistemi içində dustaq həyatına vərdiş etdiyimiz qədim qala! Uşaqların belə gələcəyin libido qatilləri kimi tərbiyə olunduğu bir cəmiyyət firavan yaşaya bilərmi?

Qərb bu məsələni özünün milli maraqlarına uyğun şəkildə həll etdi; məsələn, fransız yazıçısı Albert Kamyu “Kaliqula” fəlsəfi-psixoloji dramını yazdı, italyan rejissor Tinto Bras isə büdcəsi 17 milyon dollar olan “Kaliqula” pornofilmini çəkdi. Yaxud “İsanın İncili” romanı ilə İsanı çoban kimi obrazlaşdıran Joze Saramaqo xristian peyğəmbərin “it formasında” heykəlini düzəldən və bunu dinin insanları ələ keçirməsinə qarşı etiraz olaraq etdiyini deyən isveçli heykəltaraş Stiq Remsinq kimi sənətçilər müqəddəs qorxuların üzərindən toxunulmazlıq pərdəsini götürüb Qərb insanının tarixə, keçmişə daha aydın gözlə baxmasını təmin etdilər. Biz, deyəsən, buna bənzər heç bir cəhd etməmişik, amma fransız kimi azad, italyan kimi romantik olmaq istəyirik. Mümkün deyil.

Kantın da çox sevdiyi bir İran aforizmi var: “Bir nəfər bir dəfə Məkkəyə gedibsə, onunla bir yerdə yaşadığın evdən köç, iki dəfə gedibsə, onunla üz-üzə gəldiyin küçədən köç, üç dəfə gedibsə, onunla sakini olduğun şəhərdən köç, hətta ölkədən qaç”.

Bu aforizmin İranda yaranmasının səbəbi bəllidir, ancaq biz buradakı sünni-şiə ayrıseçkiliyinə qoyulan kinayə vurğusunu bir qırağa qoyub, Marsel Prust kimi söhbətin psixoloji qatına enək. Bu aforizm bir müsəlman beyninin göstərdiyi çıxış yoludur: Problem varsa, tüpür dabanına, çıx aradan!

Biz öz cəmiyyətimizin içində “aradan çıxmış” insanlar kimi yaşayırıq, ona görə fransız kimi azad, italyan kimi romantik ola bilmərik. Biz ən yaxşı halda türk yazıçı Engin Geçtanın kirpiləri kimi yaşaya bilərik. O kirpilər ki, soyuq havada isinmək üçün bir-birlərinə qısılarlar, amma tikanları bir-birinə batdığı üçün yaxınlaşa bilmirlər. Ancaq isinmək ehtiyacları da var, kirpilər yenidən bir-birlərinə sürtünüb tikanları bir-birlərinə batmayacaq, eyni zamanda, bədənləri bir-birlərini isidəcək uzaqlığı tapırlar. Biz də öz cəmiyyətimizdə rahat yaşamaq üçün bu kirpilər kimi faydalana biləcəyimiz yaxınlığı deyil, uzaqlığı axtarırıq.

Bizi barıt çəlləyinə çevirən ikinci səbəb də budur: özgələşə, başqalaşa bilməmək: bir növ, beynəlxalq qısqanclıq! Fransız kimi azad olmaq istəyirsən, ancaq evdə qarıyan xalan qızlarının sənə FHN-nin əməkdaşı kimi baxdığını görüb bu istəkdən vaz keçirsən. İtalyan kimi romantik olmaq istəyirsən, ancaq Qurban bayramında nişanlandığın qızın evinə apardığın səfeh qoyun dərhal bu romantikanın içinə qığlayır.

Buradakı başqalaşmanı, yadlaşmanı insanın öz ailəsini, millətini danması kimi başa düşməyin. İnsan bəzən özü olmaqdan bezir, başqası olmağın da dadına baxmaq istəyir; cinsindən, irqindən asılı olmayaraq, bu hal bütün insanlara aiddir. Sokratdan tutmuş Mövlanəyə qədər bütün təməl fəlsəfələr insana deyir ki, “özünü tap, özün ol”, ancaq heç bir fəlsəfə bunun praktikasını göstərə bilmir. Yəni insan özünü tapmaq üçün nə etməlidir? Gündə bir çay qaşığı bağayarpağı suyu içməlidir, ya gecə qəbiristanlığa gedib ən köhnə qəbirə mıx vurmalıdır, axı nə etməlidir özünü tapmaq istəyən bu bədbəxt oğlu? “Özünü axtarmalıdır” - bu da fəlsəfənin verdiyi cavab! Necə, harada, nə vaxt? Fəlsəfəni maraqlandırmır. “Özünü tapmaq üçün get özünü axtar!”

Özünü tapmağın yolu, çox hörmətli Sokrates, başqalaşmadan, yadlaşmadan keçir, ancaq bu yadlaşma Hegelin, Marksın, Kamyunun, Kafkanın nəzərdə tutduğu sosial, sinfi, ictimai münasibətlər zamanı insanın ictimai-siyasi, mənəvi-psixi metamarfoza uğraması deyil. Bu yadlaşma həmişə qatil rolu oynayan bir aktyorun qəfildən, məsələn, Müqəddəs Ata roluna çəkilmək arzusuna düşməsi kimi bir istəkdir. Bir növ, psixiatrik dəyişiklikdir. Məsələn, müasir psixoloji müalicə içki, narkotik asılılığı olan xəstələrinə “tərgitməlisən” demir, onlara “özün kimi olmağa məhkum deyilsən, başqa biri ola bilərsən” deyir. Bu müalicə özü olmağın əzabını çəkən cəmiyyət üçün də keçərlidir. Bir az başqası olmaqda fayda var.

Spinoza deyir ki, eqoist adamlar özlərindən iyrənən adamlardır. İnsan (lap elə cəmiyyət də) başqalaşa bilməyəndə özü-özünün bataqlığına çevrilir, özü-özünü məhv etməyə çalışır. Eqoizm insanın özünə qarşı gizli düşmənçiliyidir, eqoizm orqanizmin sevmədiyi özünü yox etmək üçün özünün yaratdığı xərçəng hüceyrəsi kimi bir şeydir. Bundan xilas olmaq üçün hərdən insan öz cazibə qüvvəsini dəf edib özünün kosmosuna çıxmalı, özünə kənardan baxmağı bacarmalıdır. Buradakı başqalaşma, yadlaşma bu mənanı ifadə edir; başqası ola bilməyən özü ola, özünü tapa bilməz. Bizi barıt çəlləyinə çevirən digər bir səbəb də budur: başqası ola bilməməyin hirsi, özümüzü özümüzlə mühasirələmək. Zəhəri qatılaşdıqca qəzəblənib sancmağa bir “düşmən” axtaran, tapmayanda özünü sancıb öldürən əqrəbə çevrilmək.

Narsistlər - Spinozanın sözləri ilə desək, ömrü boyu özü olmaqdan təngə gələn, eyni rolu oynayan, başqasının yerində olmağa xor baxan qəzəbli adamlar. Başqası ola bilmədiyi üçün başqasına dözə bilməyən eqoistlər. Zülfi Livanelinin “dəvələri” kimi özünü yeyib-bitirdikcə sərxoş olan kinli varlıqlar. Daha nələr, nələr...

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri