13 
May
2019
10:50
148
28
3853
Virtual karabakh

Bakının daş yaddaşı - FOTOREPORTAJ

Bəşər tarixinin ən görkəmli sənətkarlarından olan Mikelancelo Buonarroti (1475-1564) deyirdi: “Heykəllər daşın içində var, mən artıqları atıram”.

Mikelancelonun təbirincə desək, daşların içində var olanı üzə çıxaran heykəltəraşlar tarixin ən canlı şahidlərini bəşəriyyətə miras qoyublar.

Bakı şəhəri tişə ilə cansız daşların dilə gətirildiyi tarixi şəxsiyyətlərin heykəlləri, abidə kompleksləri ilə zəngindir. Paytaxta xüsusi gözəllik verən, eləcə də, tarix qarşısında təzimin simvolu olan bu heykəllər keçmişə hörmət, gələcəyə daşınan mədəniyyətdir.

Oxu.Az-ın fotoqrafı “daş yaddaşımız”ı lentə köçürüb:

Mirzə Ələkbər Sabir

Heykəl mollanəsrəddinçi satirik şair, müəllim və maarifpərvər Mirzə Ələkbər Sabirin (1862-1911) şərəfinə ucaldılıb. 1922-ci ildə ucaldılan heykəlin məxsusiliyi Bakıdakı ilk heykəl olmasıdır. Qala divarlarının yaxınlığında qoyulmuş heykəl qəribə daş ömrü yaşayıb.

Belə ki, yeri olduğu kimi qalsa da, heykəl iki dəfə dəyişib. Cəlal Qaryağdı tərəfindən hazırlanan birinci heykəldə Sabir ayaqüstdə olub. Heykəltəraş xatirələrində əzəmətli təsvir edilmiş Sabiri “Bənzərəm bir qocaman dağa ki, dəryada durar” misrasından ilhamlanaraq yaratdığını qeyd edib. Sabirin ikinci “heykəl ömrü” 1958-ci ildən başlayır.

Belə ki, 1958-ci ildə abidə Yakov Keylixis tərəfindən hazırlanmış və oturmuş olaraq təsvir edilmiş heykəllə əvəzlənib. Qaryağdının müəllifi olduğu heykəl isə Sabirin Şamaxıdan ilk gəldiyi dönəmlərdə dərs dediyi Balaxanıdakı məktəbin qarşısında ucaldılıb.

Mirzə Fətəli Axundzadə

Heykəl görkəmli maarifçi, Azərbaycan dramaturgiyasının və ədəbi tənqidinin banisi, “Şərqin Molyeri” Mirzə Fətəli Axundzadənin (1812-1878) şərəfinə qoyulub. 1930-cu ildə ucaldılan heykəlin müəllifi Pinxos Sabsaydır.

Bütün ömrünü cəhalətlə mübarizəyə həsr edən Axundzadənin heykəli iki dəfə cahil hücuma məruz qalıb. Belə ki, ilk hücumda vandallar hesab ediblər ki, Axundzadənin heykəlinin üzü onların kəndinə tərəf olmalıdır, ona görə də bu “səhv”i “düzəldərək”, heykəlin başını qoparıb əks istiqamətə çeviriblər.

İkinci dəfə isə bir gənc Axundzadənin heykəlini tamamilə parçalamağa müvəffəq olub, bu əməlini isə görkəmli şəxsiyyətin əlifba islahatı ilə əsaslandırıb. O deyib ki, Axundzadə islahat istəyi ilə vətənə xəyanət edib.

Abidə Axundov bağındadır.

Nizami Gəncəvi

Heykəl dahi Azərbaycan şairi Nizami Gəncəvinin (1141-1209) şərəfinə ucaldılıb. Fuad Əbdürrəhmanov tərəfindən 1949-cu ildə hazırlanan heykəl 6,2 metr, postamentlə birlikdə isə 15 metrdir. Tuncdan hazırlanıb.

Postament səkkizguşəlidir və üzərində Nizaminin əsərlərindən obrazların təsvirlərinə yer verilib. Abidə Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin qarşısında yerləşir.

Xurşidbanu Natəvan

Heykəl Cavanşirlər nəslinin görkəmli nümayəndəsi, İbrahimxəlil xanın nəvəsi, Mehdiqulu xanın qızı, XIX əsrin görkəmli şairi Xurşidbanu Natəvanın şərəfinə hazırlanıb.

Əsər 1960-cı ildə Ömər Eldarov tərəfindən yaradılıb və düşüncələrə dalmış, eyni zamanda, məğrur və nəcib Azərbaycan qadınının obrazı uğurla təsvir edilib. Abidə portret heykəltəraşlığının ən gözəl nümunələrindən biridir.

Sənətkarlıq nümunəsi Məmməd Əmin Rəsulzadə küçəsi ilə Əziz Əliyev küçəsinin kəsişməsində yerləşir.

Məhəmməd Füzuli

Heykəl görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin (1494-1556) şərəfinə ucaldılıb. İki görkəmli heykəltəraşın – Tokay Məmmədov və Ömər Eldarovun əl işi olan abidə 1963-cü ildə qoyulub.

Heykəl dahi şairin 400 illik yubileyi münasibətilə elan olunmuş müsabiqədən sonra hazırlanmağa başlanılıb. Üzərində beş il – 1958-1963-cü illərdə gərgin iş gedib.

Əsər olduqca poetikdir. Belə ki, Füzulinin daş obrazı bir əlində öz “Divan”ı, digər əlini çənəsinə söykəmiş şəkildə yaradılıb. Əsər sanki “qəmin hərifi” olmuş, dünyanın qəm yükünü çiyinlərində daşıyan şair obrazının daşlaşmış əksidir.

Heykəl qranit və bürüncdən hazırlanıb, postamentlə birlikdə 12 metr hündürlüyə malikdir.

“İlk işlərimdən biri də Füzulinin heykəli olub. Onda cavan idik, işləmək üçün pul lazım idi. Ömər Eldarov da mənimlə Leninqradda oxumuşdu. Füzulinin heykəli üçün elan olunan müsabiqədə layihəmiz birinci yerə çıxdı. Ömərə dedim, gəl mənimlə işlə, kömək et. Şəhərləri gəzdik, axtarış apardıq, daşları tapdıq”, – Tokay Məmmədov heykəlin hazırlanması ilə bağlı xatirələrini bölüşərkən qeyd edib.

Heykəl Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısındadır.

Nəriman Nərimanov

Heykəl görkəmli yazıçı, publisist, dramaturq, Azərbaycan ədəbiyyatında ilk tarixi faciənin müəllifi, ictimai-siyasi xadim və həkim olan Nəriman Nərimanovun (1870-1925) şərəfinə ucaldılıb. Müəllifi Cəlal Qaryağdıdır (1915-2001). Tuncdan hazırlanan heykəlin eskizlərinin hazırlanmasına 1959-cu ildə start verilib.

1966-cı ildə hazır olan heykəl “erməni əli” sayəsində 1972-ci ilə qədər açılışı gözləməli olub. Belə ki, tuncdan hazırlanmış heykəlin şəhərdəki ən hündür abidə olması erməniləri qıcıqlandırıb, onlar Nərimanovun millətçiliyini xüsusi vurğulayaraq, bu barədə Kremlə müraciət ünvanlayıblar. Bu vaxt heykəl tam hazır olduğu üçün ermənilər xəbis niyyətlərinə çata bilmirlər. Heykəlin olduğu kimi ucaldılması qərara alınır.

“Erməni əli” heykəlin postamentinin kiçildilməsinə nail olur. Bu dəyişiklik, eləcə də, heykəlin hündür binalarla əhatələnməsi Cəlal Qaryağdını narazı salır.

Heykəl Nərimanov prospektində ucaldılıb.

İmadəddin Nəsimi

Heykəl dahi Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin (1369-1417) şərəfinə ucaldılıb. 1980-ci ildə qoyulan heykəl Tokay Məmmədov və İbrahim Zeynalovun birgə işidir. Heykəlin hündürlüyü 6,5 metrdir.

Abidənin hazırlanması ideyası 1970-ci illərdə UNESCO-nun Nəsiminin 600 illik yubileyinin keçirilməsi ilə bağlı qərarından yaranıb. Belə ki, dövlət sifarişi ilə 1973-cü ildə Həsən Seyidbəyli “Nəsimi” filmini çəkir. Elə həmin il Fikrət Əmirov “Nəsimi” baletini tamamlayır. Ədəbiyyat dünyasından isə İsa Muğanna öz “Məhşər” romanı, Qabil isə “Nəsimi” poeması ilə bu ənənəni davam etdirir.

Bundan sonra Tokay Məmmədov abidənin hazırlanması ilə bağlı rəsmi sifariş alır. Ancaq o bu işi tək icra etmir, həmkarı İbrahim Zeynalovu işə cəlb edir.

Nizami küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsindədir.

Əliağa Vahid

Heykəl qəzəlxan Əliağa Vahidin (1895-1965) şərəfinə ucaldılıb. Unikallığı ilə seçilən abidəni heykəltəraş Rahib Həsənov 1990-cı ildə hazırlayıb. Əsərin unikallığı qeyri-adi işlənmə üslubundadır.

Belə ki, heykəltəraş abidənin altını kök atmış qədim ağac, başını isə insan üzləri şəklində işləyib. Bunu Vahidin ədəbiyaşarlığına və daim insan talelərinə duyduğu narahatlıq kimi mənalandıra bilərik.

Heykəlin istər hazırlanmasında, istərsə də daş ömründə qəribə taleyi olub. 1990-cı ildə Filarmoniya bağında qoyulan heykəl 2008-ci ildə İçərişəhərə köçürülüb.

Rahib Həsənov heykəlin ideyasını açarkən demişdi: “Qəfil öz-özümə fikirləşdim, bizim fikrimiz harada olur? Xeyir işimiz də, şər işimiz də başımızda olur. Bunu çölə çıxarmaq lazım idi. Elə-belə, özüm üçün bu ideyanı işlədim”.

R.Həsənovun unikallığı ilə seçilən ideyası gözlədiyi kimi qarşılanmır. Onun Vahidin düşüncələrini, insan taleyini əks etdirən simvolizmi bayağı şəkildə yozulur. Ancaq uzun çək-çevirdən sonra heykəlin qoyulması barədə qərar qəbul olunur. Heykəl bürünc materialdan Sankt-Peterburqda tökülüb.

Şah İsmayıl Xətai

Heykəl Səfəvilər dövlətinin banisi, Səfəvi təriqətinin şeyxi və şair Şah İsmayıl Xətainin (1487-1524) şərəfinə ucaldılıb. Heykəltəraşlar Zakir Mehdiyev və İbrahim Zeynalov tərəfindən hazırlanmış abidə 1993-cü ildə ucaldılıb.

Heykəl Yusif Səfərov küçəsi ilə Mehdi Mehdizadə küçəsinin kəsişməsindədir.

Yusif Məmmədəliyev

Heykəl görkəmli kimyaçı alim, Azərbaycanda neft kimyasının əsasını qoymuş, yüksək oktan ədədli benzinin alınması ilə elm və texnikada inqilaba səbəb olmuş Yusif Məmmədəliyevin (1905-1961) şərəfinə ucaldılıb.

1998-ci ildə İstiqlaliyyət küçəsində, İsmailiyyə binasının yaxınlığında qoyulub. Müəllifi Akif Əsgərovdur.

Aleksandr Puşkin

Heykəl müasir rus ədəbiyyatının banisi Aleksandr Puşkinin (1799-1837) şərəfinə ucaldılıb. 2001-ci ildə qoyulan heykəl Yuriy Arexov tərəfindən hazırlanıb.

Abidə Rusiyanın müstəqilliyinin 10 illiyinə həsr olunub. Puşkin küçəsindədir.

Heydər Əliyev

Heykəl görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın üçüncü prezidenti (1993-2003-cü illər) Heydər Əliyevin (1923-2003) şərəfinə ucaldılıb.

Salavat Şorlanov və Mixail Noqin tərəfindən hazırlanan abidə 2005-ci ilin 10 mayında açılıb. Hündürlüyü 5,2 metr, ağırlığı 2,4 ton olan heykəl Moskvada qranit və tuncdan tökülüb.

Heykəl Heydər Əliyev Sarayının qarşısında, Heydər Əliyev parkında ucaldılıb.

Ana harayı

Bakıda Xocalı soyqırımına həsr olunan heykəl 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı aktına qoyulmuş abidədir. 

Tunc və qranitdən tökülmüş heykəltəraşlıq nümunəsi Aslan, Mahmud və Teymur Rüstəmovlar tərəfindən hazırlanıb. Abidənin ümumi hündürlüyü 8,6 metr, heykəlin hündürlüyü isə 3,2 metrdir.

Heykəldə evdən gecə köynəyində qaçmağa məcbur olmuş və əlindəki ölmüş körpəni ürəyinə sıxmış ana təsvir edilib. Əsərin hazırlanmasında Milli Qəhrəman Çingiz Mustafayevin çəkdiyi fotolardan istifadə olunub.

Postamentdə qanlı qətliam zamanı öldürülmüş qadınlar, uşaqlar, qocalar, ölmüş körpəni kamera ilə çəkən Çingiz Mustafayevin özünün təsviri var. Abidənin aşağısında soyqırımı haqqında rəqəmli faktlar və öldürülmüş insanların siyahısı qeyd olunub.

Metronun “Xətai” stansiyasının qarşısındakı parkda ucaldılmış abidənin 2008-ci ilin fevralın 6-da açılışı olub.

Bülbül

Görkəmli opera müğənnisi Murtuza Məmmədovun (Bülbül olaraq tanınır) şərəfinə ucaldılmış abidə Akif Əsgərov tərəfindən hazırlanıb. 2012-ci ildə açılışı olan heykəl tuncdan tökülüb.

Bülbül küçəsi ilə Nizami küçəsinin kəsişməsində qoyulub.

Qeyd edək ki, sıralama abidələrin ucaldılma ardıcıllığına uyğun olaraq aparılıb.

Vəfa Babasoy
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri