24 
May
2019
01:20
175
28
2215
Virtual karabakh

Sürüşmə zonasında yerləşən Lənkəran-Lerik yolu yenidən qurulur - FOTO\VİDEO

Yay aylarında istirahət üçün üz tutduğumuz cənub bölgəsində əsas və aktiv sürüşmə ərazilərində olan Lənkəran-Lerik yolunda tikinti işləri davam etdirilir. Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, yolun tam istifadəyə verilməsi isə gələn ilin sonuna nəzərdə tutulub.

Uzun illərdir Lənkəran-Lerik yolunda sürüşmə və uçqunlar avtonəqliyyatın hərəkəti üçün təhlükə törədirdi. Torpaq qatının yuyulması səbəbindən irigövdəli ağacların aşması yolun saatlartla iflic olmasına gətirib çıxarırdı. Artıq bu halların qarşısını almaq məqsədilə uzunluğu 55 km olan yolda keçən ilin sentyabrından genişmiqyaslı işlər aparılır. Xüsusilə də yolda sürüşmə və uçqunların qarşısını almaq üçün istinad divarları tikilir. Hündürlüyü 4-5 metrə çatan istinad divarlarının təməlinin eni 1m 70 sm, hündürlüyü isə 50 smdir. 

Bundan başqa,  Lənkəran-Lerik yolunun  bir neçə nöqtəsində sürüşmə əraziləri mövcud  olduğu  üçün  burada yol yatağının əlavə bərkidilməsi işləri görülür. 3 yerdə isə sahilbərkitmə işləri aparılır. 9 ədəd körpünün 5-i tam təmir olunub. İstismara yaramayan suötürücü borular yenisi ilə əvəz edilir, zəruri olan yerlərdə yeniləri quraşdırılır. 53 yerdə suötürücü qurğular tikilir. Telekomnikasiya xətləri bərpa edilir, İşıq dirəkləri  yenisi ilə əvəz olunub.Yolun yenidən qurulmasından, genişləndirilməsindən ən çox sevinənlər isə təbii ki sürücülərdir.

İki hərəkət zolağı olmaqla 3-cü  texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 12 metr nəzərdə tutulub ki, bunun da 7 metrini  asfalt-beton örtüyü təşkil edəcək. Yol infarstrukturunin yüksək səviyyədə  qurulması üçün 350 nəfər işçi qüvvəsi çalışır. Yeni yol Lerikin turizm əhəmiyyətini daha da artıracaq və bu sahənin daha da inkişaf etməsinə imkan yaradacaq. Keçən ilin sentyabrından təmir edilən yol 2020-ci ilin sonlarında əhalinin istifadəsinə veriləcək.

Rövşən Mövlan

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri