İyn
2019
15:22
19
168
9878
Virtual karabakh

Zəhranın evindən reportaj: Deyir ki, gəzməyə getmişdim - FOTO/VİDEO

7 İyn, 2019
15:22
9878

Zəhranın evindən reportaj: Deyir ki, gəzməyə getmişdim - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İyunun 4-də Bakının Sabunçu rayonunda itkin düşən üç yaşlı Zəhra ötən gün polis tərəfindən tapılaraq ailəsinə təhvil verilib. Məlum olub ki, azyaşlı Masallı rayon sakini Təzəgül Nəzərova tərəfindən qaçırılıb və diləndirilib. 

Oxu.Az-ın əməkdaşları Zəhranın yaşadığı evə baş çəkib və hadisənin təfərrüatı ilə maraqlanıb.

Üç yaşlı Zəhranın anası Cəmilə Hüseynovanın sözlərinə görə, iyunun 4-də günorta saatlarında baş verən hadisə heç bir təhlükəsizlik kamerasına düşməyib:

“Mən işə getdiyim üçün Zəhranı evdə 11 yaşlı qızımın yanında qoymuşdum. Qızım babasıgilə keçib və evə qayıdanda görüb ki, Zəhra evdə yoxdur. Biz düşünürük ki, o, bacısının arxasınca evdən çıxıb. Qızım evi, həyəti axtarıb, sonra yaxınlıqdakı mağazadan Zəhranın oraya gəlib-gəlmədiyini soruşub.

Satıcı qadın onun mağazaya gəldiyini təsdiq edib və onu evə göndərdiyini bildirib. O da dəqiq bilməyib uşaq evə gəlib, ya yox. Aparan elə aparıb ki, heç bir kameraya düşməyib”.

Azyaşlının anasının sözlərinə görə, T.Nəzərova iddia edir ki, uşağı bacısı qaçıraraq ona gətirib:

“Polisə xəbər verdik. İki gün sonra hüquq-mühafizə orqanları Zəhranı metronun “Neftçilər” stansiyası yaxınlığında tapıblar. Qadın uşağı oğurlamaq məqsədilə aparıb və diləndirib.

Qadın uşağı mağazaların qarşısında gəzdirən zaman kameralara düşüb və polislər onu tutublar. Qızımdan bir kəlmə soruşdum ki, harada idin? “Maşına mindim və gəzməyə getdim”, – dedi. Qadın polisə ifadəsində bildirib ki, uşağı ona bacısı verib. Bacısı da deyir ki, Təzəgül Nəzərova əqli qüsurludur və o, nə danışdığını bilmir”.

Zəhranın atası Rəsul Bağırov bildirib ki, Zəhra istiqanlı uşaqdır, tanımadığı insana belə o dəqiqə yaxınlaşır:

“İşdə idim. Axşamüstü evdən zəng vurdular ki, Zəhra itib. Ən son mağazaya gedib, sonra da onu görən olmayıb. Saat 19:00 radələrində polisə xəbər verdim, sosial şəbəkə, media vasitəsilə axtarmağa çalışdıq. Hər kəs Zəhranı axtarırdı.

Onu axtaran hər kəs əhalinin çox gəzdiyi, xüsusilə qaraçıların olduğu yerlərə baxırdılar. Polis əməkdaşları dünən metronun “Neftçilər” stansiyası yaxınlığından qızımı tapıb bizə gətirdi. Zəhra tanımadığı insana belə o dəqiqə yaxınlaşır. Görünür, o qadınla gedən zaman da belə olub”.

Rəsul Bağırov Zəhranı bir kişinin qaçırması ilə bağlı yayılan şəkillərdən də danışıb.

O bildirib ki, yayılan şəkil qonşuluqda yaşayan ata və qızına aiddir:

“Yaxınlıqda yaşayan bir şəxsin də şəkli yayıldı. Onlar mağaza qarşısından keçən zaman kameraya düşüblər. Həmin şəxsin şəkli sosial şəbəkədə yayılıb və o, qızımı qaçıran şəxs kimi qeyd edilib. Onu narahat etdiyimiz üçün üzr istəyirəm”.

Qeyd edək ki, üç yaşlı Zəhra iyunun 4-də yaşadığı evin yaxınlığından itkin düşüb. Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində itkin düşmüş Z.Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılıb və ailəsinə təhvil verilib.

İlhamə Əbülfət, Sail Ağasəlim

VİDEO: Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri