22 
İyn
2019
17:17
202
48
7431
Virtual karabakh

Suna Kasımoğlu: Aş-qaranı Türkiyədə heç kim bu cür bişirə bilməz - VİDEO

Son vaxtlar müxtəlif videolar çəkərək, “YouTube” şəbəkəsində paylaşmaq, yüzlərlə izləyici toplamaq artıq dəb halını alıb. Maraqlı məqam isə bunu nə dərəcədə peşəkar etməkdən ibarətdir.

Söhbət bloqerlərdən, xüsusən “foodblogger”lərdən gedir. Videolarda yeməklərin hazırlanması, görünüşü o qədər möhtəşəm təqdim olunur ki, istər-istəməz dadının görünüşü qədər gözəl olub-olmaması barədə düşünürük.

Suallarımıza cavab tapmaq üçün 16 ildir Bakıda yaşayan “foodblogger” Suna Kasımoğlu ilə həmsöhbət olduq.

Suna Kasımoğlu 1971-ci ildə Türkiyədə dünyaya gəlib. 16 ilə yaxındır Azərbaycanda yaşayan Suna xanım təqribən bir ildir bloqerlik edir. O, “sehirli mətbəxi”ndə yaratdığı möhtəşəm yeməklərin hazırlanma qaydasını əyani şəkildə izləyiciləri ilə bölüşür. Bu gün 19 mindən çox izləyicisi olan Suna Kasımoğlunun mətbəx sirlərini sizinlə bölüşəcəyik.

Oxu.Az “foodbloger” Suna Kasımoğlu ilə müsahibəni təqdim edir:

- Necə oldu ki, mətbəxə bu qədər bağlandınız?

- Əslində, həyat yoldaşım yemək yeməyi çox sevir. Mən isə hər yeməyi yeyə bilmirəm. Fərqli ləzzətlər axtararkən, bir anda özümü mətbəxdə tapdım (gülür). Həyat yoldaşım və mən dünya səyahətinə çıxmağı sevirik. Getdiyimiz ölkələrdə müntəzəm olaraq aşpazlarla söhbət edir, mətbəxlərinə girib, yeməklərin hazırlanmasına baxırdım. Bu, məndə mətbəxə qarşı güclü sevgi yaratdı.

Onların reseptlərini alıb evdə sınaq kimi hazırlamağa başladım. Bəzən reseptlərə kiçik dəyişikliklər edərək dadını öz damaq zövqümüzə uyğunlaşdırırdım. Hər bir aşpazın öz metodikası olduğu kimi, əlinin duzu da fərqlidir. Yeməkləri sevərək hazırlayıram. Sevgi qatmasan yemək dadlı olmaz (gülür).

- Azərbaycan yeməklərini sevirsinizmi?

- Azərbaycanı çox sevirəm. İnsanlarınız o qədər sevimli, mehriban, istiqanlıdır ki, özümü yad ölkədə hiss etmirəm. Sizin yeməkləri yedikcə bir-bir hazırlanma qaydalarını da öyrənməyə başladım. Demək olar ki, bütün yeməklərinizi sevirəm. Çünki Türkiyə və Azərbaycan mətbəxi bir-birinə olduqca yaxındır.

Damaq zövqümüz bənzər olduğu üçün qeyri-adi gəlmir. Amma hər zaman, hər yerdə deyirəm, sizə də deyim. Mən sizin mətbəxin aş-qarasını çox sevirəm. Düzdür, çox yağlıdır, amma olduqca dadlı, özünəməxsusdur.  Bunu Türkiyədə heç kim bu cür bişirə bilməz. Əminliklə deyirəm (gülür).

- Mətbəxinizə bizim məşhur simaları da dəvət etmisiniz. Haradan yarandı bu fikir?

- Bu, əvvəlcədən düşünülmüş bir layihə deyildi. Sadəcə olaraq, mənim paylaşdığım videolara olduqca böyük maraq yarandı. Qısa bir zamanda bu cür diqqət toplayacağımı düşünməzdim. Bir müddət sonra “Instagram” hesabımdan mənə çoxlu ismarıclar gəlməyə başladı. Onlar arasında məşhur simalar, eyni zamanda, yaxın dostluq etdiyim şəxslər də vardı.

Bir-bir ad çəkmək istəmirəm. Beləcə, Sunanın mətbəxi sevilməyə başladı. Gələcəkdə bunu layihə halına salmağı düşünürəm. Televiziyalarla danışıqlarımız gedir. Hətta sizə eksklüziv olaraq deyim ki, mənim öz reseptlərimdən ibarət menyuların hazırlandığı restoranımız da olacaq. Sizinlə orada da görüşəcəyik.

- Ən yaxşı yemək bişirən azərbaycanlı məhşurlar kimlər olub?

- Mətbəximə dəvət etdiyim məşhurlar arasında ən yaxşı yemək bişirən Faiq Ağayev olub. Murad Dadaşov da mətbəxdə çox bacarıqlıdır. Elnarə Xəlilova ana olduğu üçün onun əlinin duzunu heç müzakirə etməyə dəyməz. Çox gözəl yeməklər bişirmişdi. Bundan başqa, yaraşıqlı model Rüstəm Cəbrayılov mənim mətbəximdə düşbərə bişirib. Təsəvvür edirsiniz? Xəmir xörəklərini hazırlamaq çətindir, hələ də kişi üçün. Amma çox gözəl öhdəsindən gəlmişdi.

- Sunanın mətbəxindən iki alanlar olubmu?

- Olmayıb desəm, səmimiyyəti pozmuş olaram. Ona görə etiraf edəcəm (gülür). Mətbəximə dəvət etdiyim məşhurlardan Dilarə Kazımovanı sizin vasitənizlə öpürəm. Mənim əzizim Dilarə, ümid edirəm, məndən küsməz, amma Dilarə bir o qədər də yaxşı yemək bişirə bilmədi (gülür). 

Kadr arxasında hətta geri çəkilmişdi ki, yeməyi mən bişirim, sonra hazır variantını o bişirmiş kimi təqdim edək. Amma təbii ki, belə etmədik. Onun özünü bişirməyə vadar etdik. Çox maraqlı alındı. Təbii ki, həmin gün olduqca gözəl keçdi. Mən bütün dostlarımın xətrini çox istəyirəm, onların enerjisinə heyranam. Dilarə öz sahəsində çox peşəkardır. 

Mən məşhurların ekran arxasında olan tərəflərini göstərməyə çalışmışam. Hətta Murad Dadaşov qonaq olanda dedi ki, mən o boyda layihələrin rəhbəri ola-ola gəldim, burada mənə soğan doğratdın (gülür).

- Mətbəxdə ən çox yol verilən səhvlər hansılardır?

- Mətbəxdə yol verilən səhvlər çoxdur. Amma bu səhvləri demək olmur. Hər kəs öz metodikası ilə davranır. Mən mətbəxdə əlçək istifadə etmirəm. Əllərimi gün ərzində 10-15 dəfə yuyuram. Dırnaqlarıma tünd lak çəkmirəm, uzun və səliqəsiz saxlamıram, mətbəxdə saçlarımı daim toplayıram. Mənə görə, saçları açıq şəkildə mətbəxə girmək ən yanlış addımlardan biridir.

Könül Cəfərli 
VİDEO: Orxan Hüseynzadə

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri