27 
İyn
2019
20:53
485
81
14136
Virtual karabakh

Belə yaxşı oğlansan, get, erməni öldür

27 İyn, 2019
20:53
14136

Belə yaxşı oğlansan, get, erməni öldür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Günay Malikqızı yazır...

“Bakıda qanlı hesablaşma” başlıqlı yazıların sayının artdığını tək mən hiss etmişəm, yoxsa sizə də elə gəlir? Məni qınamayın, elə bil əvvəlcə “kimsənin toyuğuna kiş” deməyənlərin sayı daha çox idi. Dava olmurdu? Olurdu. Amma elə bil sözün-söhbətin, yumruq davasının da bir ədəbi, ərkanı var idi.

Bakıda qanlı hesablaşma yazılarının sayının artması nə ilə bağlıdır?

Bu tip halları araşdıran peşəkarlar bir çox səbəb olduğunu bildirirlər. Psixoloqlar insanların şiddətə meylinin səbəblərini filmlərdə, internetdə şiddətə yönələn paylaşımların çoxluğu ilə, özünü ifadə etməkdə yaranan çətinliklərlə, haradasa sosial problemlərlə, sonra daha başqa məsələlərlə əlaqələndirirlər. Bəlkə də, qeyri-peşəkar fikrim heç kimə maraqlı olmayacaq, amma mən yenə də deyəcəyəm.

Sudan səbəblərə görə adamı öldürənə kimi döymək, kiminsə üstündən avtomobillə keçmək, nə bilim, top, tapança çıxarmağın bir izahı var - qudurğanlıq! Qudurğanlıq sözünün kiminsə xətrinə dəyə biləcəyini düşündüyüm üçün bunu daha mədəni ifadə edək: harınlayan deyək.

İnanın, dünyanın bütün var-dövləti insanın harınlamasına səbəb olmamalıdır. Çünki bizi insan edən “Sən kimsən?” ya da “Sən bilirsən mən kiməm?” sualını verib ardınca şiddətə yol açan hərəkətlərimiz deyil.

Axı dayanacaq yerində avtomobilə yol verməyə, uşaqların səs-küy salmasına görə adamı reanimasiyalıq edənə qədər döyə bilən adamlar nə yeyib-içirlər? 

Doğrudanmı, onların qolunun qüvvətini artıran filmlərdəkı şiddətdir?

Nevroza təsir edən elementlərin yüksək olması, təbii ki, insanların baş verənlərə münasibətini dəyişə bilər. Ancaq bu dəyişiklik insanlara - adi, sözlə həll oluna bilinəcək məsələlərə şiddətli reaksiya verəcək qədər böyük dəyişiklik olmamalıdır.

Araşdırmalara görə, uşaqlıqda valideynləri tərəfindən şiddətə məruz qalan insanlar istənilən problemi sözlə həll edə bilmirlər. Yəni bu da ətrafda şiddət faktoruna təsir edən əsas amillərdən biridir.

Ən əsası, ümumiyyətlə, Azərbaycanda stresli situasiyaları həll etmək və aqressiyanı idarə etməklə bağlı heç bir maarifləndirici iş görülmür. Bu amili də nəzərə almaqla yenə də nədənsə mənə elə gəlir ki, sadaladığımız və sadalamadığımız, araşdırmalara əsaslanan bu səbəblərlə yanaşı, insanlarımızın “mənə olar”, ya da “sən kimsən?” düşüncəsi həmin o “qanlı” başlıqların yaranmasına səbəb olur.

Adi bir misal: Evimizin yanında yol var. O yolun qırağında insanlar avtomobillərini saxlayır. Yolun yuxarı hissəsində avtomobil saxlayanda həmin yol tamamilə bağlanır. Qıraqda saxlanan avtomobillər ərazidən ən yaxşı halda arxa-arxaya çıxa bilirlər. Amma mən başqa olmaqla, qonşularımız o insanlarla məsələni yumruqla yox, sözlə həll etməyə çalışırlar.

İndi bizi uşaqlıqda döyməyiblər, ya da biz ətrafdakı şiddət təbliğini görmürük? Bilirsiniz, əslində, insanı cani olmaqdan ayıran 14 addım ki var, o yolu hamı keçə bilər, heç gözləmədiyi halda... Bundan heç kim sığortalanmayıb. Amma bu, o demək deyil ki, evimizə gedən yolda kiminsə heç nəyə əsaslanmayan əsəbinin qurbanı olmalıyıq. Sözün əsl mənasında qurban. Çünki axırıncı oxuduğum xəbərdə yol vermək üstündə döyülən şəxs reanimasiyada idi. Vəziyyəti ağır idi.

Vəziyyəti ağır edən odur ki, altına maşın alıb, bahalı telefon işlədib, cibində də bir az pul olan istənilən biri özünü hər şeyə qadir hesab edir. Ona bunu düşündürən içindəki “vəhşini” oyadan amillər həmişə qıraqdan qaynaqlanmır. Mən nədənsə çox vaxt bunu özündən razılığın “pik” həddinə çatanların terroru kimi qiymətləndirirəm.  

Vallah, nə qədər qəribə səslənsə də, beləsinə demək istəyirsən ki, “belə yaxşı oğlansan, get, erməni öldür”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri