19 
Avq
2019
17:04
46
193
2820
Virtual karabakh

Dənizin çirkab su dərdi bitmir: nə cərimə fayda verir, nə iş görülür - VİDEO

Yay mövsümü dəniz mövzusunu aktuallaşdırır. Mövsümün bitməsinə bir aydan az vaxt qalsa da, dənizin dərdi bitmək bilmir.

Mütəmadi olaraq istər mətbuat orqanlarında, istərsə də sosial şəbəkələrdə dənizə çirkab suların axıdılması ilə bağlı xəbərlər yayılır, paylaşımlar edilir, aidiyyəti qurumlara məlumat verilir. Amma mənzərə dəyişmir.

Baku TV-nin əməkdaşları Novxanı çimərliyinə üz tutublar. Suallara cavab verən məsul şəxs deyib ki, 5-6 ildir burada vəziyyət belədir, çirkab sular dənizə axıdılır:

"Bura gələn hər kəs bizi günahladırır. Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ərazidə monitorinq apardı və məlum oldu ki, çirkab sular Novxanıdakı Bağlar massivində kanalzasiya sistemi olmadığından dənizə axıdılır".

Ekologiya və Təbii sərvətlər Nazirliyinin məbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, qurumun əməkdaşları tərəfindən Novxanı çimərliyi ərazisində reyd keçirilib. Reyd zamanı Bağlar massivində formalaşan tullantı sularının birbaşa dənizə axıdıldığı və mərkəzi kanalizasiya şəbəkəsinə birləşmədiyi müəyyən olunub.

Faktla bağlı "Azərsu" ASC-nin Bağlar Sukanal idarəsinin əraziyə cavabdeh şəxsi Məzahir Dərgahov barəsində protokol tərtib olunub və o, vəzifəli şəxs qismində 3 min manat cərimələnib.

Tullantı sularının dənizə axıdılmasının qarşısının alınması üçün çirkab sularının kanalizasiya şəbəkəsinə yönəldilməsini təmin etmək məqsədilə Bağlar Sukanal idarəsinə icrası məcburi göstəriş verilib.

"Azərsu" ASC-nin mətbuat xidmətinin nümayəndəsi Neyman Səfərəliyev isə bildirib ki, ərazidə araşdırma aparılıb:

"Bununla bağlı layihə hazırlanır və yaxın vaxtlarda tikinti-quraşdırma işlərinə başlanılacaq. Bundan sonra cirkab sular Sumqayıt-Novxanı kollektoruna ötürüləcək, oradan isə Sumqayıt təmizləyici qurğularına yönəldiləcək".

Billurə Mikayıllı
Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri