17 
İyl
2014
14:15
194
64
12618
Virtual karabakh

İntihardan əvvəl yazılan məktublar – 6 ayın intihar statistikası

17 İyl, 2014
14:15
12618

İntihardan əvvəl yazılan məktublar – 6 ayın intihar statistikası

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ana, səni çox sevirəm”.

Dünyada olduğu kimi, Azərbaycanda da baş verən bir çox intiharların səbəbləri müəmmalı olaraq qalır. Ancaq həyatına qəsd etmək üçün hərənin bir bəhanəsi, yaxud hər kəsi buna vadar edən səbəb olur. Birisinin sağalmaz xəstəliyə tutulması, birisi uğursuz sevgi macərası ilə üzləşməsi, bir başqası isə ailədə, yaxud cəmiyyətdə üzləşdiyi digər problem səbəbindən canına qıyır.

Səbəbi bilinməyən intiharlar haqda müxtəlif versiyalar ortaya çıxsa da, bu haqda qəti fikir yürütmək hər zaman çətin olur. Bununla belə, Azərbaycanda da yaş qrupundan asılı olmayaraq özlərini öldürən insanlar bunu ya yazdıqları məktublarında, yaxud sosial şəbəkələr vasitəsilə bəyan edirlər. 

Oxu.Az-ın xəbərinə görə, Modern.az saytının rəsmi mənbələrin məlumatına əsasən apardığı araşdırma zamanı məlum olub ki, 2014-cü ilin ilk altı ayı ərzində Azərbaycanda 183 nəfər özünü öldürüb, 139  nəfər canına qəsdə cəhd edib. Bu müddətdə intihar edənlərin 116 nəfəri kişi, 44-ü qadın olub. Yanvar-iyun aylarında 14 nəfər məktəbli və yeniyetmə, 10 hərbçi özünü öldürüb.

“Həyatdan zövq almıram”.

Ağcabədi rayonu Aşağı Afşar kənd sakini, 27 yaşlı Əlövsət Qasımov yaşadığı evdə özünü ov tüfəngi ilə öldürüb. O, özünü öldürməmişdən əvvəl məktub da yazıb:

“Həyatdan zövq almıram. Həyatdan bezərək həmişəlik getmək istəyirəm. Hesab etməyin ki, borcum olub”.

Sabunçu rayonu, Maştağa qəsəbəsində özünü asan 49 yaşlı Hacıağa Hüseynov da ölümündən əvvəl məktub yazıb. Üç uşaq atasının cibindən çıxan məktubda külli miqdarda borcu olduğunu və həmin məbləği geri qaytara bilmədiyindən həyatdan bezdiyini yazıb. 

Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının idman oyunları fakültəsinin üzgüçülük kafedrasında laborant işləyən, 44 yaşlı Fuad Rzayev özünü akademiyanın dördüncü mərtəbəsindən atıb. O, yazdığı məktubunda intiharının ailə problemləri ilə bağlı olduğunu, bu səbəbdən yaşamaq istəmədiyini qeyd edib.

Mərhum ölümündə heç kimin günahı olmadığını da qeyd edib.

Qeyd edək ki, ailə problemləri səbəbindən həyatına qəsd etməklə Fuad Rzayev iki azyaşlı övladını, heç bir yerdə işləməyən həyat yoldaşını ömürlük pis vəziyyətdə qoyub. Deyilənə görə, birotaqlı mənzildə yaşayan akademiya işçisinin maaşı 190 manatdan 285 manata qaldırılıbmış. Elə maaşı artan ayda isə o özünü öldürüb. 285 manata 4 nəfərlik ailəni dolandırmaq nə qədər çətin olsa da, övladlarını atasız qoymaq üçün əsas vermirdi.

Məktəblinin vida məktubu.

Bakıda məktəbli oğlan Facebook-da dostları ilə sağollaşıb özünü öldürüb. Bu dəhşətli hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Orta məktəbin 10-cu sinif şagirdi olan 16 yaşlı Anar Məmmədov yaşadığı evin həyətində özünü asıb.

A.Məmmədov özünü öldürməmişdən az öncə Facebook profilində status yazıb:

“İndən belə mən olmayacam. Sağ olun, hamınızı çox istəyirəm. Sağ olun dostlar. İnşallah, gələrsiniz yanıma. Oldu, öpürəm sizi”.

A.Məmmədovun intihar etməsinin səbəbi açıqlanmayıb.

Məktəbli qız: “Ana, səni çox sevirəm”.

Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində 15 yaşlı Çinarə Əliyeva özünü yaşadığı binanın 5-ci mərtəbəsindən ataraq intihar edib. Məktəbli qızın üzərindən anasına yazdığı məktub aşkarlanıb. O, anasını çox sevdiyini yazıb:

“Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emil üçün davam elə”.

“Ata, məni bağışla”.

Səbail rayonu, Mətbuat prospektində Bakı şəhər sakini, 17 yaşlı (11-ci sinif şagirdi) Zərifə Əsədova özünü binanın doqquzuncu mərtəbəsindən ataraq intihar edib. Qızın telefonundan son alaraq atasına yazdığı sms aşkarlanıb:

“Ata, məni bağışla, mən bilmədim!”.

 Araşdırma zamanı məlum olub ki, Zərifə Əsədova həmin gün səhər saatlarında evlərində baş vermiş mübahisədən sonra qaçıb.

Orta məktəb şagirdinin hansı səbəbdən evdən qaçması, nəyə görə Mətbuat prospektindəki binanı seçməsi və digər qaranlıq məqamlar haqda məlumat verilməsə də, onun Azərbaycan Ordusunun  zabiti, polkovnik-leytenant Mübariz Əsədovun qızı olduğu bildirilib.

Tələbənin ölüm mesajı: “Həmişəlik gedəcəm...”.

Nərimanov rayonu, Ziya Bünyadov prospektində 19 yaşlı Etibar İmamzadə özünü asıb. Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi olan gənc ölümündən əvvəl sosial şəbəkədəki profilində sirli bir mesaj yazıb:

“Sabah, ya da birigün, bəlkə, getdim Facebook-dan. Özü də həmişəlik. Ancaq profilim Sənanda olacaq”. Vəd etdiyi vaxtda onun meyiti tapılıb. 

Azərbaycan Texniki Universitetinin ikinci kurs tələbəsi olan E.İmamzadənin statusunda qeyd etdiyi Sənan isə dostunun ölümü ilə bağlı bu statusu yazıb: 

“Gəlmişəm Gürcüstana. İnternet olmayan bir kəndə. Təsadüfən Etibarın ölüm xəbərini aldım. Son statusunda məni taq edib, bir şeylər yazıb deyə yüzlərlə insan mənə yazır, zəng edir. Hamı səbəbi məndən soruşur. Niyə? Çünki mən onun yaxın dostuyam. Bu insanlar onu başa düşmürlər ki, mən səbəbi bilsəm, Etibarın intihar etməsinə əngəl olardım. Suallarınız və zənglərinizlə özümü pis hiss etməyimə səbəb olursunuz. Özümü günahkar hiss eləyirəm və özümü heç vaxt bağışlamayacam”. 

Homoseksual gənc: “Mən xoşbəxt olmağa gedirəm”

Yanvar ayında baş verən bu intihar hadisəsi diqqəti ona görə cəlb etmişdi ki, özünü öldürən homoseüksual idi.  Həmin vaxt Azad LGBT təşkilatının sədri İsa Şahmarlı intihar etmədən öncə Facebook hesabında dostları ilə vidalaşmağı da unutmamışdı:

“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər rəngli deyil. Əlvida”.

İki azyaşlı övladını yetim qoyan polisin sirli məktubu

Abşeron rayonu, Xırdalan şəhərində özünü yaşadığı evdə çılçıraqdan asan 33 yaşlı Ramil Novruzov da ölümündən əvvəl məktub yazıb: “Özüm bu qərarı vermişəm. Heç kəsi günahkar bilməyin”.

Nəqliyyatda Baş Polis İdarəsinin Komendant Xidmətinin polis nəfəri olan R.Novruzov müəmmalı ölümü ilə iki azyaşlı övladını, iki qadını gözüyaşlı qoyub. Məlum olub R.Novruzov əvvəllər bir dəfə ailəli olub və həmin evlilikdən bir azyaşlı övladı var. Həmin övladına ailment ödəyən atanın ikinci evlilikdən də bir uşağı olub. İlkin ehtimala görə, polis əməkdaşını ölümə elə ailədaxili məsələ vadar edib.

“Dostlar, qardaşlar, məni bağışlayın”.

Səbail rayonu, Bayıl qəsəbəsində  39 yaşlı Telman Şirməmmədov özünü asıb. Ailəsi dağılan T. Şirməmmədovun ruhi xəstə olduğu bildirilib. O, qardaşı və qardaşı arvadı ilə birlikdə yaşayırmış. Arvadı və 15 yaşlı oğlu çıxıb gedibmiş.

Hadisə baş verərkən Telman Şirməmmədov evdə tək olub. O, otaqda oğlunun şəklinin arxasına dostlarını və yaxınlarına belə bir qeyd yazıb:

“Xətrimi istəyən hər kəsdən üzr istəyirəm. Dostlar, qardaşlar, məni bağışlayın. Bu addımı atmağa məcburam. Xətrimi istəyənlərə vəsiyyətim var, oğlumu sünnət etdirin”.

“Mən sizə yaxşı ata ola bilmədim...”.

Nizami rayonu, Keşlə qəsəbəsində 45 yaşlı Aslan Zeynalov yaşadığı evdə özünü asaraq həyatına son qoyub. Cibindən tapılan məktubunda yazıb:

“Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”.

Nizami rayon İcra Hakimiyyətində fəhlə işləyən və 2 övladı olan Aslan Zeynalovun kasıblıq üzündən özünü öldürdüyü ehtimal olunur.

Məktub yazıb dəhşətli intihara əl atdı

Binəqədi rayon Rəsulzadə qəsəbəsində  43 yaşlı Cavanşir Əsgərov yaşadığı evin hamamında elektrik cərəyanı keçən naqilləri əllərinə dolayaraq özünü öldürüb. Onun meyitini həyat yoldaşı tapıb. Qadın səhər evdən çıxıb və axşam saatlarında evə qayıdarkən ərini hamamda vannanın içində tapıb. Qadın ərinin öldüyünü görüb. Vanna ağzına qədər su olub. Araşdırmalar zamanı məlum olub ki, Cavanşir Əsgərov vannaya su doldurub və içinə girib. Daha sonra elektrik cərəyanı ilə özünə qəsd edib. Cavanşir Əsgərov ölməmişdən qabaq həyat yoldaşına vida məktubu da yazıb. Məktubda bağışlanmağını və ölümündə heç kimin günahlandırılmamasını xahiş edib. Cavanşir Əsgərov kiçik bizneslə məşğul olurmuş.

Facebook-dakı son statuslar.

Abşeron rayonu Masazır, Qaçaq Nəbi küçəsində yaşayan, ali məktəb tələbəsi olan Nurlan Məmmədov özünü asıb. İlkin ehtimala görə, intiharın səbəbi Nurlanın sevdiyi qız olub. Onun sosial şəbəkədə axırıncı statusunun “S`ON” olduğu bildirilir.

Sevdiyi qıza görə (qızın baş hərfinin “s” olduğu güman edilir) özünü öldürən gəncin intiharının təfərrüatı açıqlanmayıb.

İsmayıllı rayonu, Aşağıbaş kənd sakini Tofiq Adıgözəlov özünü öldürməzdən yarım saat öncə sosial şəbəkədə - Facebook-da həyatın haqsız olduğunu qeyd edib və bununla bağlı status paylaşıb:

“Bu həyat çox haqsızdır, çünki pulu, varı olana üstünlük verirlər”.

Tofiq Adıgözəlov intihardan əvvəl İsmayıllı rayonundan Bakıya çörəkpulu qazanmağa gedən qardaşına isə mobil telefonla sms göndərib:

“Qardaş, özümü öldürürəm. Salamat qal”.

Qardaşı  mesajını oxuyan kimi anasına zəng etsə də, artıq gec olub.

İntihara bir zəng yetər?

Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşayan 40 yaşlı Zaur Mirzəyev qısqanclıq zəminində həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqlayıb. Vurduğu çoxsaylı bıçaq zərbələrindən həyat yoldaşının öldüyünü zənn edən Z. Mirzəyev qonşusunun həyətinə keçərək orada özünü asaraq intihar edib. T.Abdullayeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, hadisəyə səbəb Zaurun mobil telefonuna gələn zəng olub. Bir kişi ona zəng edərək arvadı Təhminənin onunla sevişdiyini deyib. Zaur isə bunun üstündə hadisəni törədib. Əvvəl avtobus sürücüsü işləyən Zaur məhkumluq həyatı yaşayıb. Bir dəfə isə işsizlikdən özünü öldürməyə cəhd edibmiş.

“Məni onlar o həddə çatdırdılar”.

Bakının Nizami rayonu ərazisində özünü yaşadığı mənzilin eyvanından atmaq istəyən yaşlı qadın Valentina onu intihar cəhdə insanların çatdırdıqlarını bildirib:

“Hər bir insanın həyatında problemlər olur, amma məndə daha çoxdur. İnsanlar, həyat məni məcbur etdi ki, özümü öldürüm. Bezmişəm artıq hər şeydən”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri