11 
Noy
2019
13:56
135
44
5124
Virtual karabakh

Göyçayda XIV Nar Festivalı keçirilib - FOTOREPORTAJ

11 Noy, 2019
13:56
5124

Göyçayda XIV Nar Festivalı keçirilib - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Narın Azərbaycanın tanınmış simvollarından biri olması danılmazdır.

Artıq neçə ildir, məhsul yığımının sonunda Göyçayda fermerlərin öz məhsullarını, istehsalçıların nardan hazırladığı spirtli və spirtsiz içkilər, souslar, ədviyyatları təqdim etdiyi böyük Nar Festivalı keçirilir.

Festivalın keçirildiyi 14 il ərzində Göyçay rəsmi olaraq, narın əsas istehsal mərkəzi olub. Hər il bura yüzlərlə fermer, xarici və azərbaycanlı turistlər axışır. Bu cür festivallar, sözsüz ki, ölkə Prezidentinin əsas göstərişlərindən biri kimi, bölgələrdə turizmin inkişafına kömək edir.

Bayraq Günü ilə eyni gündə qeyd olunan festivala gələn qonaqlar müxtəlif nar növləri, şirələri, şərabları, mürəbbələrini dadıb, fərqli formada əyləncə və müsabiqələrdə iştirak ediblər. Burada rəssamlar, xalq sənəti ustaları turistlərin diqqətini cəlb edən incəsənət nümumələri təqdim ediblər.

Festivalın Gənclər Mərkəzinin direktoru Anar Nağıyevin, bu il Festivala 60 min turistin gəldiyini bildirib.

“Sərginin keçirildiyi dörd kilometrlik meydandan başqa, iki kilometr ərazi də kənd təsərrüfatı məhsulları yarmarkası üçün ayırılıb. Burada 20 şirkət və 40 sahibkar öz məhsullarını təqdim edib”, - deyə A.Nağıyev qeyd edib.

Məhsulun həcmi bu il təkcə Göyçayda 40 min ton təşkil edib. Göyçay Dövlət Kənd Təsərrüfatı mərkəzinin direktoru Elçin İsmayılovun dediyinə görə, buna əlverişli hava şəraiti imkan yaradıb.

“Keçən illə müqayisədə, məhsulun həcmi 9-10 min ton artıb. Eyni zamanda, keyfiyyətli əkin sahələri çoxalaraq, 3627 hektar təşkil edib. 10 min tondan çox məhsul Rusiya, Ukrayna və Belarusa ixrac edilib. Həmçinin, ölkə daxilində də məhsula təlabat artıb”, - deyə E.İsmayılov danışıb.

Qeyd etməliyik ki, oxşar tədbirlərdə olduğu kimi, festivalın keçirildiyi böyük ərazi polis və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qorunub.

Yenə də festivalın təşkilindəki bəzi çatışmazlıqları qeyd etmək istəyirəm. Əsas problem zibil qablarının az olmasıdır. Belə tədbir təşkilatçıları zibil tullantıları, kobud formada desək, zibil yeşikləri üçün böyük yer ayırmağa üstünlük verirlər. Belə bir şey gözə görünmədi. Bayraq Meydanına qədər olan ərazidə kiçik zibil qabları artıq günün ikinci yarısına qədər dolmuşdu.

Festivalda iştirak edən yerli sakinlər və qonaqlar zibilləri hara gəldi atırdılar: nar dənələri, plastik qablar və digər qalıqları hər yerdə, hətta hovuzlarda görmək olurdu.

Bundan əlavə, festival keçirilən ərazidə cəmi iki tualet var idi, təbii ki, bu, minlərlə iştirakçıya yetmirdi.

Son illər Azərbaycanın genişmiqyaslı tədbirlərin keçirilməsində zəngin təcrübəsini nəzərə alsaq, gələcəkdə belə tədbirlərin təşkilində problemlərin həllinə ümid var.

Festivalda əsas diqqəti nardan hazırlanan müxtəlif yeməklər və içkilər çəkib. “Azeri home chef”in mətbəxsevərlər üçün təşkil etdiyi müsabiqədə qalib üç min manat həcmində pul mükafatına layiq görülüb. Müsabiqədə tərkibində nar olan salatlar, isti və soyuq qəlyanaltılar təqdim olunub.

“İlk belə müsabiqəni 2016-cı ildə keçirmişik. Moskvadan məhşur kulinar Stalik Xankişiyev jüri qismində dəvət olunmuşdu. Müsabiqə festival təşkilatçılar və qonaqlar arasında böyük marağa səbəb olduğundan hər il keçirmək qərarına gəldik”, - deyə “Azeri home chef”in rəhbəri Fəxrəndə Həsənzadə qeyd edib.

Peşəkar aşpazlar və media təmsilçilərindən təşkil olunan münsiflər heyətinin qərarına əsasən, narlı balıq ləvəngisi hazırlayan Sevinc Qocayeva qalib seçilib.

Festivalda ən böyük nar da seçilib. Çingiz Hacızadə adlı şəxs 1,3 kiloqram ağırlığında narı öz həyətində yetişdirib. Amma onun sözlərinə görə, bu ən böyük nar deyil: bir neçə il əvvəl onun həyətindəki nar ağacında 1,7 kiloqram ağırlığında nar yetişib.

Ən baxımlı müsabiqə sürətlə nar şirəsinin sıxılması və nar yeyilməsi olub. Qonaqlar yerli fermerlərlə şən söhbət edərək, nar şirəsini içib, iştirakçılarla rəqabətə giriblər.

Göyçayda iki gün davam edən Nar Festivalı özündən sonra boyük xatirə buraxdı, minlərlə şəkillər, minlərlə ton məhsul qırıntıları. Bizə isə, sadəcə, bu dağ boyda zibil qalıqlarını təmizləyəcək kommunal xidmət əməkdaşlarına səbr diləmək qalır.

Namiq Həsənov
FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri