11 
Dek
2019
12:43
8
85
2349
Virtual karabakh

Deputat imici

11 Dek, 2019
12:43
2349

Deputat imici

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Milli Məclisin buraxılması elan olunandan sonra sosial şəbəkələrdə yarı-zarafat, yarı-ciddi deputat olmaq istəyi ilə bağlı statusları tez-tez görmək olar. 

Dahi sərkrədə Aleksandr Suvorov demişkən, “General olmaq istəməyən əsgər, əsgər deyil”. Əgər bu qədər adam Millət Vəkili olmaq istəyindədirsə, deməli onlar hələlik xalqı düşünürlər. Çünki, deputat kürsüsünə oturana qədər məhz belə fikilər ağıllarda olur. Sonradan isə reallıqdan qopub, artıq başqa həyata addım atırlar.

Hesab edirəm ki, deputat vəzifəsinə gözütox olan adam keçməlidir. Əgər o öz problemlərini həll edə bilmirsə, bəs daha qlobal məsələləri necə həll edəcək?! Bəlkə də, biznesdə çalışmış şəxsləri seçmək lazımdır. Çünki, onlar sahibkarların çətinliklərini bilir və bunun necə həll ediləcəyi haqqında fikirləri var. 

Bir şeyi anlamalıyıq ki, ölkə iqtisadiyyatı məhz sahibkarlıq üzərində qurulur. Onlar nə qədər uğurlu və varlı olarsa, büdcəyə daxil olan vəsaitlər də o qədər yüksək olacaq. Həmin vəsaitlər hesabına isə təhsil, tibb, təqaüdlər ödənilir. Bu bir qapalı dairədir. 

Digər tərəfdən, Milli Məclisə keçən seçkilərdəki namizədlərinin təşviqatları hamıda yalnız gülüş hissi doğurur. İnsanlarımızın fikrini adamın üzünə deməyərək, arxasınca danışmasını nəzərə alsaq, həmin namizədləri yəqin ki, üzlərinə tərifləyiblər, amma həqiqəti deməyiblər. Onların da belə bərbad sloqan, afişa və platformalarla təbliğatı insanlarda inamsızlıq doğurur.

“Mənə səs ver, hər gün səninlə olum, problemini həll edim” deyən professorun sloqanı insanda tərədüd yaradır ki, bu namizədə səs versəm, gündə mənimlə olacaq, nəyimə lazımdır?! Elə bil, kişi qadına sevgili olmaq təklifi edir.

Yaxud, əllərini döşündə çarpazlayaraq, “Sən seçməsən, başqası seçəcək” afişası seçicidə həmin namizədə qarşı etibarsızlıq, özündən razılıq yaxud seçicisini saymamazlıq hissi verir. Yəni, onsuz da seçiləcəyəm, amma sənin maraqlarını artıq məndən həll etməyi istəmə.

Digər biri isə adını, soyadını və atasının adının hərflərini söz yığınına çevirərək, oxunması mümkün olmayan, mənasız bir təbliğatla çıxış edir. 

Çıxışlarında, videolarında isə normal nitq söyləyə bilməyən namizədlər necə millətin vəkili ola bilər? 

Belə nümunələri çox saymaq olar. Əgər deputatlığa namizəd öz seçkiqabağı təbliğatını edə bilmirsə, bəs Milli Məclisdə nə iş görəcək?! Elə belələrindən son illərdə xalqı və zəhmətkeşləri təhqir edəcək və əsəbiləşdirəcək ifadələri çox eşitmişik. Bir də onu deyim ki, onlar bu sözləri səmimi və ürəkdən deyiblər, dediklərinin doğru olmasına əmindirlər.  

Deputat olmaq böyük cavabdehlikdir, çünki, bu vəzifədə seçicilərinə, xalqa qulluq etməlisən, yalnız öz qohumlarına və dostlarına deyil. Ona görə deputat olmaq istəyində olan şəxsin ilk növbədə yaxşı komandası olmalıdır.

Bunun üçün mütəxəssisləri cəlb etmək lazımdır. İqtisadçı, maliyyəçi, psixoloq, imic yaradıcısı, stilist, dizayner və sairədən yaranmış kreativ komanda olmalıdır. Ən başlıcası isə onların çıxışlarını tənzimləyən və hazırlayan mütəxəsis olmalıdır ki, əvvəlkilər kimi çıxışlar etməsinlər. Seçicilərlə vaxtaşırı görüş təşkil edilsin, onların fikirlərini öyrənənən və analiz edən komanda həmin deputatla birlikdə çalışmalıdır. 

Əgər deputat olmaq istəyən şəxs bunları edə bilmirsə, müraciət etsin, ona professional komandası olan agentlik məsləhət görüm. Artıq yeni dövrə addım atmaq lazımdır. 

Yeni seçiləcək Milli Məclisdə daha yaşlı deputatları görmək istəməzdim. Çünki onlar sovet sistemində böyüyüblər, yeni reallıqla ayaqlaşa bilmirlər, yeni nəsili anlamırlar. Orada xarici ölkələrdə təhsil almış, həyatda öz gücünə, savadına və bacarığı hesabına uğurlara imza atmış, yeni düşüncəli gənc nəslin nümayəndələrinin olması lazımdır. Bunu öz çıxışlarında ölkə Prezidenti İlham Əliyev dəfələrlə deyib və son reformlar bunun həyata keçirilməsinə sübutdur.

Əminəm ki, belə də olacaq. Amma gərək hamı aktiv olsun və seçkilərdə iştirak etsin ki, layiqli namizədlər seçilsin, ölkənin maraqlarına qulluq etsin. Ən vacib isə insanların fikirlərinin dəyişməsidir. Bu yalnız Milli Məclisə seçkilərlə bağlı deyil. Həm də yeni nəslin savadlı, bacarıqlı, valideynlərin və cəmiyyətin təzyiqindən azad böyüməsidir. Bu isə sizin əlinizdədir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri