19 
Dek
2019
17:50
20
113
4230
Virtual karabakh

Bəd xəbər səni xoşbəxt edir?

19 Dek, 2019
17:50
4230

Bəd xəbər səni xoşbəxt edir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Xoşbəxt olmaq üçün həmişə bu xoşbəxtliyə can atmaq və onu başa düşmək lazımdır. O, şəraitdən yox, sənin özündən asılıdır (Lev Tosltoy).

Son illər saytlarda bəd xəbərlərin yayılması normal hal alıb. Hamı bundan şikayətlənsə də, ən çox oxunan da onlardır. Səbəbi isə çox sadədir.

Oxucuların marağını çəkmək üçün ilk növbədə belə xəbərlər saytlarda yer alır. Özü də xəbərdə nə qədər çox qəddarlıq olsa, o qədər çox oxunur. Ancaq özündə çox lazımlı məlumat daşıyan xəbərlər maraq dairəsindən kənar qalır. Bunun üçün müxtəlif məqalələrin statistikasına baxmaq yetərlidir. Bu statistik məlumatları bütün xəbər saytlarında görmək olar. 

Redaksiyaları anlamaq olar, necə deyərlər, “insanlara istədiklərini ver”, onlar da verirlər. Yaxşı, onlar yerləşdirir, bəs insanların işi-gücü yoxdur ki, girib onları bu qədər maraq göstərirlər? 

Bu insanların həyatlarının xoşbəxt olmamasından irəli gəlir. Əlinizi ürəyinizin üstünə qoyun və deyin, siz xoşbəxtsiniz, yoxsa yox? 

Sosial şəbəkələrdən hamımız istifadə edirik. Ora baxanda elə hiss yaranır ki, hamı hər gün restoran, toy, tədbir və sairə şənlikdədirlər, həyatlarını eyş-işrətdə keçirirlər. Hamı da baxaraq paxıllıq etməyə başlayır. Digər tərəfdən isə bunları görərək düşünürlər ki, onların həyatı bu qədər maraqlı deyil, ona görə depressiya yaşayırlar.

Sonra girirlər xəbərləri oxumağa… filankəsi zorlayıblar, bəhmənkəsi bıcaqlayıblar, o birisini həbs ediblər, hansısa avtomobil qəzasında piyadanı vurublar, yaxud avtomobil qəzasında filankəslər dünyalarını dəyşiblər.

Elə bir az öncə özünü bəxbəxt hiss edən oxucu bu dəfə düşünür ki, xəbər “qəhrəmanlarına” baxanda mənim həyatıma şükürlər olsun. Bu kontrast duşa bənzəyir, isti, soyuq suyu növbə ilə açaraq orqanizmin yenilənməsinə yol açan kimi. Düşünməyə başlayır ki, problemli ancaq mən deyiləm, gör nə qədər adam bədbəxtdir. 

Bəs niyə insanlar xoşbəxt deyil? Bəs nə zaman xoşbəxt ola bilər?

Bir müddət öncə dostlarla oturub söhbət edirdik. Mən Bill Qeytsin “Xoşbəxt olmaq üçün milyardlar lazım deyil” sitatını gətirdim. Masanın arxasında oturmuş bir xanım dedi ki, mənə bir milyon ver, gör mən necə xoşbəxt olaram. Bu, məndə gülüş doğurdu. Ay balam, sən xəstə deyilsən, ac qalmırsan, yaxşı geyinirsən, tez-tez restoranlarda, tədbirlərdə olursan. Əgər bunların müqabilində yenə də öz həyatını yaxşı hesab etmirsənsə, sənə heç 100 milyon manat da kömək etməyəcək!

Pulun olması yaxşıdır, çünki rahat və komfort həyat yaşamaq üçün onsuz keçinmək olmur. Amma onun çoxluğu və həyatdan razılıq arasında olan əlaqə düşündüyünüz kimi deyil. 

Pulu çox olan şəxsin ətrafında çoxlu yalançı dostlar peyda olur. Əlbəttə ki, onların marağı yalnız milyonçudan istifadədir. Həmin şəxs müflis olarsa, yaxud “yıxılsa”, bu “dostlar” birdən-birə yoxa çıxır. Hələ yoxa çıxsalar, dərd yarıdır, hələ olan-qalanını da onun əlindən almasa, yaxşıdır. Yıxılana balta vurmaq istəyən bu “dostlar” məhz uzun illər üzünə gülən, amma paxıllıq çəkənlərdir. Əlinə imkan düşən kimi, qisasını alır. 

İnsan ancaq çətin vəziyyətə düşəndə, ölümlə qarşı-qarşıya qalanda bunu anlayır. Amma çox hallarda gec olur. Düşünün ki, çox zəngin adamın özü yaxud uşağı ölümcül xəstə olanda nə deyir? Bütün var dövlətimi verib, yavan çörək yeməyə hazıram, təki sağalıb, xəstəlikdən qurtaraq. 

Çox zaman insanların şikayətlərini eşidirəm. Kimsə işindən, kimsə münasibətindən, kimsə həyatından narazılıq edir. Bunları dəyişdirməyi təklif edəndə isə qorxur, heç nə etmir. Bəzən, insan özünə qəsd etməyə hazır olur, amma mübarizə aparıb, risk edib dəyişmək deyil. Məntiqsiz hərəkət!

İnsanın xoşbəxliyi onun azadlığı, sərbəst qərar verməyi, qarşılıqlı sevgi və hörmət olan münasibət, istəyi üzərinə yaşamaqdadır. Bunun üçün isə mütləq milyonçu olmaq şərt deyil. 

Çox sayda tanışlarla həyatları barədə söhbət edirəm. Hamı üçün özünü xoşbəxt göstərən şəxslər 30 dəqiqə söhbətdən sonra tam əksini deyirlər, həyatlarından narazı olduqlarını bildirirlər. Bu şəxslər “xoşbəxlik” xəyalını yaratmağın mənası olmadığını anlamırlar. İnsan ilk növbədə daxilində belə olmalıdır. Bir şeyi də anlamırlar ki, həmin yalançı həyatı reala çevrimək bir addımlıqdadır. Bəs niyə bu addımı atmaqdan qorxurlar? Gərək elə ölüm qapıya döysün? Amma o gələndə gec ola bilər, atalar isə deyib ki, sonrakı peşmançılıq fayda verməz.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri