31 
Dek
2019
23:09
232
185
9654
Virtual karabakh

Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atanlar tutuldu - YENİLƏNİB

31 Dek, 2019
23:09
9654

Bakı metrosunda qatar yoluna pirotexniki vasitə atanlar tutuldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı metrosunda qatar relslərinə pirotexniki vasitələr atan şəxslər saxlanılıb.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

O bildirib ki, metropoliten qaydalarını kobud şəkildə pozan şəxslərlə bağlı tədbirlər yekunlaşıb:

“Metronun “28 May” stansiyasında qatar yoluna pirotexniki vasitə atan 1998-ci il təvəllüdlü Yardımlı rayon sakini Vüqar Hüseynli, 1990-cı il təvəllüdlü Sumqayıt şəhər sakini Şahin Abbasov və 1998-ci il təvəllüdlü Rövşən Məmmədov olub. Onlar polis əməkdaşları tərəfindən saxlanılıb. Onlar haqqında hüquqi qaydada tədbir görüləcək”.

B.Məmmədov hər kəsi metro qaydalarına ciddi şəkildə əməl etməyə çağırır:

“Metropoliten qaydalarına əməl etməklə ilk növbədə sərnişinlər özlərinin, daha sonra isə digər sərnişinlərin metropolitendən rahat və təhlükəsiz istifadəsinə şərait yaratmış olacaqlar”.

22:05

Bu gün saat 18:40 radələrində Bakı metrosunun “28 May” stansiyasında qatarların hərəkətində beş dəqiqəlik fasilə yaranıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a bildirib ki, fasiləyə səbəb həmin stansiyada naməlum sərnişinin qatar yoluna pirotexniki vasitə atması olub:

“Naməlum sərnişin özüalışan və tüstü buraxan pirotexniki vasitəni metronun “28 May” stansiyasından “İçərişəhər” stansiyası istiqamətinə gedən tunelə atıb. Partlayış səsi eşidildikdən sonra təlimata uyğun olaraq qatarların hərəkəti, gərginlik dayandırılıb.

Əraziyə baxış keçirildikdən sonra qatarların hərəkəti bərpa edilib. Bu isə təxminən 5 dəqiqəlik fasiləyə səbəb olub. Xoşbəxtlikdən metroda heç bir tüstülənmə və yanğın olmayıb. Sadəcə həmin vasitənin özü yanıb”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri