Yan
2020
11:26
525
306
24542
Virtual karabakh

Süleymaninin ölümü ilə “Facebook”da haçalanan Azərbaycan milləti

6 Yan, 2020
11:26
24542

Süleymaninin ölümü ilə “Facebook”da haçalanan Azərbaycan milləti

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kubra Məhərrəmova yazır...

Nikollo Makiovelli “Hökmdar” əsərində yazır: “Yalançı düşmənlər yarat və onlara qalib gəl, məhv elə onları. Xalqın sənə güvəni yüksək olacaq”. XV əsr, Florensiya, İtaliya. 

ABŞ hökuməti bir qayda olaraq özü üçün düşmənlər yaradır, onları bir nömrəli, təhlükəli düşmən elan edir. Sonra da məhv edir. İndi düz edir, ya etmir, özü bilər. Süleymanini də öz ölkəsi üçün təhlükə hesab etdi və raketlə vurdu.

İkincisi, Süleymani elə İran hökumətinin özü üçün də təhlükə yaradırdı. Çünki İran xalqı üçün “super stara” çevrilmişdi. Hakimiyyəti asanlıqla ələ keçirə bilərdi. İran hökumətinin Süleymaninin ölümü ilə bağlı axıtdığı “timsah göz yaşları” da inandırıcı olmadı. 

“Facebook”da haçalanan azərbaycan milləti.

Süleymaninin ölüm xəbəri gələn kimi sosial şəbəkələrin azərbaycan seqmenti o dəqiqə haçalandı. Bir hissə başladı sevinməyə, o biri hissə isə Süleymani üçün ağı deməyə. Açığı, ikisi də eyni ağıldadır. Əvvəla, hər iki dəstə bilməlidir ki, öldürülən general başqa ölkənin hərbçisidir.

Ona verilən əmri yerinə yetirərkən həlak olub. Öz ölkəsinin maraqlarını həm döyüş meydanında, həm də siyasi səhnədə müdafiə edib. İraqda həm sünnilərlə, həm şiələrlə, həm kürdlərlə, həm ruslarla ittifaq qurub. 

ABŞ da öz maraqlarına uyğun aradan götürüb onu. Siyasət. 

Sonra da İranla ABŞ başladılar “Twitter”də bir-birinə quş uçurtmağa. 

ABŞ-ın dövlət katibi Mayk Pompeo “Twitter”dən yazdı ki, “İraqlılar Süleymani öldüyü üçün sevinclərindən küçələrdə rəqs edirlər”. 

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif cavab atəşi ilə ona “təkəbbürlü təlxək” dedi. 

Sonra ABŞ Prezidenti Donald Tramp növbəti dəfə “Twitter”dən yazdı ki, “ABŞ hərbi avadanlıqlar üçün iki trilyon dollar xərcləyib. Biz dünyanın ən böyüyü və ən yaxşısıyıq! İran ABŞ bazasına və ya bir amerikalıya hücum edərsə, bu yeni və gözəl avadanlıqların bəzilərini tərəddüd etmədən onlara göndərərik”. Yəni çox da atlanıb-düşməyin. Təzə silahlarımız var. 

Bu qırğın-müsibətdə Jirinovski tez özünü “Telegram” kanalına çatdıraraq İrana müracət etdi ki, bəs Liviyanın gününə düşmək istəmirsizsə, bizimlə iş birliyi etməlisiniz. Sizə hava hücumundan müdafiə qurğuları sata bilərik. Yoxsa ABŞ sizi yox edər. 

Bu qara-qışqırıqda bizimkilərin ahu-zarı bütün “Facebook”u bürüdü.

Nə olub, a kişi? Nə baş verir? 

Sosial şəbəkələrdə Süleymaniyə “şəhidim”, “generalım” kimi müraciətlər, rəhmətliyin fotoşoplanmış şəkilləri, “qardaşlar, gedirəm İrana, şəhidimizə salam verməyə” kimi statuslar.  Həmin statusun altında “qardaş, mənim salamımı da ona çatdır” kimi şərhləri oxuyanda bilmirsən bunlar alkoqoldan istifadə edib yazıblar bunu, yoxsa elə başda olan ağılları bura qədərdir.  

Gedib elə həmin adamlardan soruşsan ki, yekə adamsan, heç olmasa bir dəfə Şəhidlər xiyabanına bizim şəhidləri ziyarət etmək üçün getmisən, deyəcək, yox. Nəyimə qalıb. Desən ki, qapı qonşun elə şəhid anasıdır, şəhid ailəsidir, bir onlara baş çəkmisən, deyəcək, nəyimə lazım. Hökumət ziyarət eləsin də. Mənə görə şəhid olmayıb ki? Sən demə, Süleymanı bunlara görə şəhid olub. Məntiq sıfır, düşüncə mənfidən aşağı, ağıl da Allah verəndir, nə deyəsən. 

Sosial şəbəkədə bütün statuslara “fora verən” isə “Facebook”dakı çağırış oldu. 

Bəs bacılar və qardaşlar! Zabratda “İmam Zaman” məscidində Süleymaninin ölümü ilə bağlı əza məclisi təşkil olunacaq. Hamı dəvətlidir. Paylaşın! 

Sən bir işə bax. Ölən iranlı, öldüyü yer İraq, əza məclisi Zabratda keçirilir. Heç bir ssenarist belə süjet qura bilməzdi, bizimkilər qurdu. Əgər həqiqətən də, Zabratda belə bir tədbir keçirilibsə, onda heç nə, qardaşlar.

Ölmüşük, yerdən götürənimiz yoxdur. Bu, o deməkdir ki, İranın havası ilə yaşayan nə qədər vətəndaşımız var. Sabah elə bu kəslər Süleymani üçün əzadarlıq edib küçələrə çıxsalar, artıq təəccüblənmərəm. Amma anlamırlar ki, elə o İran hökuməti açıq olaraq Ermənistana siyasi dəstək göstərir. 

O Ermənistana ki, Süleymani üçün yas tutan sən azərbaycanlının bacı-qardaşını Qarabağ müharibəsində şəhid edib. 20 faiz torpağını işğal edib. Bu il isə 20 Yanvar şəhidlərinin 30 ili tamam olacaq. Vəssalam.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri