Yan
2020
12:33
56
44
2082
Virtual karabakh

İdman həyat tərzi kimi

9 Yan, 2020
12:33
2082

İdman həyat tərzi kimi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ramin Musayev yazır...

Yeni il ərəfəsində hamı bayramlara hazırlaşırdı, 31 dekabrdan başlayaraq 6 yanvara kimi dincəlir, yeyib-içirdilər. Məhz belə bayram günlərində insanların çəkisi sürətlə artır. 

“Yanvarın 1-dən arıqlamağa başlayacağam, idmanla məşğul olacağam”, - deyə düşünür. Hələ qarşıda köhnə Yeni il, martda Novruz bayramı var. Bayramlar bitməmiş yay başlayır. Amma çəkim artıb, çimərliyə gedəndə “xalxın yanında biabır olacağam” deyərək tezbazar dietaya başlayır, kimi isə 1-2 aylıq fitnesə yazılır. Yayda yenə Antaliyada “all-inclusive” istirahət başlayır, yenə də yeyib-içmək, amma bu dəfə limitsiz. 

Dünən maraqlı statistika ilə qarşılaşdım. Keçən ilin ikinci yarısında aparılan araşdırmaların nəticəsindən aydın olub ki, Azərbaycanda idman zallarında məşğul olan insanların sayı cəmi 50 mindir (peşəkar idmançılar hesaba alınmır), yəni əhalinin 0.5%-ni əhatə edir. 

Müqayisə üçün deyim ki, ABŞ və Avropada bu rəqəm 10%, bizə yaxın olan Rusiyada isə 5%-dir. Bununla yanaşı, Bakıda idman zallarının sayı son bir neçə ildə yağışdan sonra göbələk bitən kimi artır. Artımın səbəbi tələb deyil, dəbdir. 

Bilirik ki, kimsə bir proyektdə uğurlu olursa, hamı o sahəyə üz tutur. Sonunda isə hamı uduzur. Həmin durum indi bu idman zalları sahəsindədir. Sosial şəbəkələrdəki profilimdə sağlam həyat tərzini təşviq etdiyim üçün çox zaman məndən fit olmağın sirlərini, məşq etdiyim idman zalındakı şərtləri soruşurlar, dietoloqlarla maraqlanırlar.

Məlumat aldıqdan sonra isə çox zaman onların həyatında heç nə dəyişmir. Onu da qeyd edim ki, uzun illərdir fitneslə məşğulam, çox piyada gəzirəm, aktiv və sağlam həyat tərzi sürürəm. Həmçinin gündə 2-2,5 litr təmiz, mineral su içirəm. Bunlar hamısı birlikdə insanın gənclənməyinə yol açır. Hətta yaşımı biləndə təəcüblənirlər və cavanlığın sirrini soruşurlar. Hər şey çox sadədir… 

İdmanla məşğul olarkən, qan dövranı sürətlənir, əzələlər işləyir. Qan dövranının sürətlənməsi çəkinin azalmasına, daha bərk bədənə, sağlamlığa, dərinin tarazlanmasına, həmçinin beyin fəaliyyətinin və yaddaşın yaxşılaşmasına kömək edir. İdmanın digər xeyiri isə tərlə yanaşı, neqativ emosiyanın xaric olmasıdır.

Bir saatlıq məşdən sonra insanın əhval ruhiyyəsi yüksəlir və həyata pozitiv baxır. Su içərkən isə orqanizmdə olan toksinlər yuyulub çıxarılır. Su yalnız təmiz, qazsız olmalıdır. Çay, kofe, şirələr və sairə təmiz suyu əvəz etmir.

Həmçinin, su məşqlər zamanı ürəyin işini tənzimləyir, çünki məşq zamanı qan azalır, su isə onu kompensasiya edir. İndi isə artıq çəkinin gətirdiyi problemlərə baxaq. Artıq çəki ilk növbədə ürəyə təsir edir və müxtəlif xəstəliklərə yol açır. Ona görə kişilər arasında ürək xəstəliklərinin sayı çoxdur. 

Hərəkətsizlik və bol yemək piy qatının artmasına gətirir. Əsəbləşəndə, orqanizm özünü sakitləşdirmək üçün insanı yeməyə məcbur edir. Bu da çəkinin artması ilə nəticələnir. Həftədə idmana iki və ya üç gün, hər məşqə bir saat sərf etmək yetərlidir, sağlam olmaq üçün bu kifayət edir. Buna da vaxt yetmirsə hər gün səhər evdə yarım saat ayırıb, gimnastik hərəkətlər etmək olar.

Məşqi ayarlamaq üçün çox sayda mobil tətbiqlər mövcuddur. Bu tətbiqlərdə məşq proqramı verilir, hərəkətlər isə video və təlimatlarla göstərilir. Sağlam qidanı, həmiçinin mobil tətbiqlər vasitəsi ilə proqramlaşdırmaq olar.

Bunları edərkən xəstəlik riskləri azalır, beyin fəaliyyəti sürətlənir, daha yaxşı işləməyə, yeni uğurlar qazanmağa və karyera qurmağa yardım edir. Bir də bunu uşaqlara hələ balaca olarkən aşılamaq lazımdır ki, onlarda idmana sevgi yaransın, onlara nümunə olun.

Atalar deyib ki, sağlam bədəndə sağlam ruh olar. Həm də yayda çimərliyə gedərkən, “xalxın yanında” utanmayacaqsınız.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri