13 
Mar
2020
17:57
121
34
1837
Virtual karabakh

Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalandı

13 Mar, 2020
17:57
1837

Azərbaycan və Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi imzalandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Martın 13-də Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Cenevrədəki baş qərargahında “Azərbaycan Respublikası və Ümumdünya Səhiyyə Təşkilatı arasında Donor Sazişi” imzalanıb.

AZƏRTAC xəbər verir ki, sözügedən saziş dünyada koronavirus epidemiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə Azərbaycan hökumətinin ÜST-ə könüllü maliyyə yardımının ayrılması barədə 2020-ci il 6 mart tarixli qərarına əsasən imzalanıb.

Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün Baş direktoru Tedros Gebreyesus tərəfindən imzalanmış donor sazişi Azərbaycan hökuməti tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVİD-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının ayrılmasını nəzərdə tutur.

Sənədin imzalanma mərasimi zamanı ÜST-ün Baş direktoru Azərbaycan hökuməti tərəfindən verilmiş bu qərarın çox təqdirəlayiq olduğunu vurğulayaraq, ölkəmiz tərəfindən səhiyyə sektoruna, xüsusilə hazırda COVİD-19 virusu ilə mübarizəyə yönəlmiş diqqət və qayğının, həyata keçirilən bütün lazımi ehtiyat tədbirlərinin ÜST tərəfindən diqqətlə izlənildiyini və yüksək qiymətləndirildiyini bildirib. ÜST-ün baş direktoru Azərbaycan tərəfindən COVİD-19 virusu ilə mübarizə üçün ayrılmış könüllü maliyyə töhfəsinin qlobal həmrəyliyin nümunəvi nümayişi olduğunu diqqətə çatdıraraq, ÜST adından Azərbaycan hökumətinə verilmiş bu qərara görə dərin minnətdarlığını ifadə edib.

ÜST-ün Baş direktoru qeyd edib ki, 2018-ci ilin iyul ayında rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsi və keçirilmiş bir sıra digər görüşlər ölkəmizin ÜST ilə əməkdaşlığının yüksək səviyyədə olmasının təzahürüdür.

Cavab olaraq, daimi nümayəndə V.Sadıqov Azərbaycan tərəfindən ÜST ilə əməkdaşlığa yüksək önəm verildiyini vurğulayaraq, Azərbaycan hökumətinin müraciəti əsasında ÜST ekspert qrupunun ölkəmizdə hazırda davam edən səfərinə görə minnətdarlığını ifadə edib.

Görüş əsnasında V.Sadıqov Azərbaycanda səhiyyə sahəsində və COVİD-19 virusu ilə mübarizədə görülən işlər və həyata keçirilən tədbirlər barədə qarşı tərəfi məlumatlandırıb. Daimi nümayəndə Azərbaycan Respublikası tərəfindən ÜST-ün qlobal miqyasda COVİD-19 virusuna qarşı mübarizə səylərinin yüksək qiymətləndirildiyini bildirərək, COVİD-19 virusu ilə bağlı ÜST-ün tövsiyələrinin Azərbaycan tərəfindən nəzərə alındığını və tətbiq edildiyini nəzərə çatdırıb.

ÜST Azərbaycanın səhiyyə sahəsində əməkdaşlıq etdiyi əsas beynəlxalq qurumdur. Azərbaycanın ÜST ilə əməkdaşlığı təşkilatın baş qərargahı və Kopenhagen şəhərindəki qurumun Avropa üzrə Regional Ofisi vasitəsilə həyata keçirilir. Eyni zamanda, ÜST-ün ölkəmizdə ofisi mövcuddur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri